Rusiya-Ukrayna müharibəsinin səkkizinci günü – XRONİKA

Fevralın 24-də Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin səkkizinci gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, martın 3-də Volin istiqamətində dövlət sərhədi boyu Rusiyanın güc nümayişi davam edib. Rusiya qoşunları Çernigiv, Nijın, Sumı, Lebedin və Axtırkada Ukrayna Silahlı Qüvvələri ilə toqquşmadan çəkinərək Kiyevin şimal ətrafına girməyə çalışıb. Rusiya ordusunun hərbi hissələri və tağımları Barışevka, Nova Basan və Lyubeç yaşayış məntəqləri istiqamətində cəmləşib. Rusiya Silahlı Qüvvələrinin Şimal Donanmasının 200-cü və 14-cü hərbi birləşmələrinin bir hissəsi yenidən qruplaşdırılaraq Brovarı və Kiyev istiqamətində hücuma keçməyə çalışıb. Rusiya qoşunları Slobozhansk istiqamətində Zoloçiv, Xarkov və Balakleya ərazilərinə hücum əməliyyatı keçirib, Lozova istiqamətində hücumu davam etdirməyə çalışıb. Donetsk istiqamətində işğalçılar artilleriya qüvvələrinin dəstəyi ilə Novı Aydar, Volnovaxa və Mariupol yaşayış məntəqələri ərazilərində hücum əməliyyatlarını davam etdirib. Rusiya Silahlı Qüvvələrinin 49-cu ümumqoşun birləşmələrinin 205-ci əlahiddə motoatıcı briqadasının əməliyyat ehtiyatlarının bir hissəsini yenidən qruplaşdıraraq Zaporojya və Mariupolun ətrafına girmək üçün hücumu davam etdirib.
– Ukraynanın Kiyev vilayətinin şəhər və qəsəbələrində – Qostomeldə, Nemeşaevoda, Buçada və Borodyankada ağır döyüşlər davam edib. Ukrayna müdafiəçiləri Kiyev yaxınlığında Rusiya hərbçilərinin hücumlarını dəf ediblər. Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən təmizləyib. Rusiyanın Su-25 təyyarəsi Kiyevin ətrafındakı ərazini bombalayarkən məhv edilib. Rusiya qoşunlarının paytaxta girmək cəhdləri uğursuz olub. Kiyevin Qostomel şəhərində rus desantlarının 20 ədəd hərbi maşını məhv edilib.
– Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb. Ukraynanın müdafiəçiləri Xerson aeroportunda rusların bütün texnikasını məhv ediblər.
– Rusiya silahlı qüvvələri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb. Ukrayna Hava Hücumundan Müdafiə Birləşmiş Qüvvələrinin bölmələri ölkənin Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərində Rusiyanın Su-34 bombardmançı təyyarəsini vurublar. Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.
– Ukrayna döyüşlərdə Rusiya Silahlı Qüvvələrinin məhv edilən silah və texnikalarının, eləcə də həlak olan hərbi qulluqçularının yeni sayını açıqlayıb. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 30 təyyarəsini, 31 helikopterini, 217 tankını, 900 zirehli texnikasını, 374 hərbi avtomobilini, 90 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 11 hava hücumundan müdafiə sistemini, 42 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib. Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin daha əvvəlki məlumatında Rusiya Silahlı Qüvvələrinə məxsus 74 topun və 1 “Buk” ZRK-nin də zərərsizləşdirildiyi bildirilib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 9 min nəfərə yaxın hərbiçisi öldürülüb və 200 nəfərdən çox hərbçisi əsir götürülüb.
– Döyüşlərin səkkizinci günü Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb. Danışıqların nəticəsi olaraq, tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər. Bununla yanaşı, dağıdılmış və ya daim atəşə tutulan kənd və şəhərlərdən mülki əhalinin çıxarılması üçün humanitar dəhlizlərin açılması barədə razılıq əldə edilib.
– Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib ki, xaricdən 16 mindən çox əsgər döyüşmək üçün könüllü olaraq Ukraynaya gəlib. Volodimir Zelenski Rusiyanın ölkəsinə hücumu ilə əlaqədar vətəndaşlara çətin həyat şəraitindən çıxmağa kömək edəcək humanitar və sosial məsələlər üzrə əlaqələndirici qərargahın yaradılması haqqında fərman imzalayıb. Qərargah xarici hökumətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım, böyük biznesdən hərbi idarələrə və icmalara yardım, hakimiyyət orqanlarından hərbi idarələrə və icmalara yardım olmaqla üç istiqamətdə fəaliyyət göstərəcək.
– BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi deyib ki, Rusiyanın hərbi işğalı başlayandan sonra Ukraynanı 1 milyonadək insan tərk edib. Filippo Qrandi, həmçinin ölkəyə humanitar yardım göstərilməsi üçün atəşin dayandırılmalı olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumatında bildirib ki, fevralın 24-dən bugünədək Ukraynada azı 249 mülki şəxs həlak olub, 553 nəfər yaralanıb. Avropa İttifaqı Rusiyanın başlatdığı genişmiqyaslı müharibədən qaçan ukraynalılara müvəqqəti sığınacaq verməyi öhdəsinə götürüb. Kiyev Metropoliteninin rəhbəri Viktor Braqinski bildirib ki, sığınacaq kimi istifadə edilən Kiyev metrosunda bu günə olan məlumata görə, 15 minə qədər insan var. Bildirilib ki, Rusiya hərbi əməliyyatlara başlayandan bugünədək Ukraynadan Polşaya 600 mindən çox insan daxil olub.
– Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb. “Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam, normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, terrorçu deyilik, bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da ələ keçirmirik”, – deyə Zelenski bildirib.
– Beynəlxalq Haaqa Məhkəməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlı hərbi cinayətləri araşdırmağa başlayıb. Buna səbəb dünyanın 39 ölkəsi Rusiyanın Ukraynaya hücumu nəticəsində hərbi və insanlığa qarşı cinayətlərlərin araşdırılması ilə bağlı etdikləti müraciətdir.
– Fransanın iqtisadiyyat, maliyyə və yenidənqurma naziri Bruno Le Maire bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya 1,2 milyard avro məbləğində yardım göstərir ki, bunun 600 milyon avrosu martın 15-dək təyinatı üzrə göndəriləcək.
– Martın 3-də Odessadan 150 azərbaycanlı təxliyə olunub. Həmçinin, Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirən növbəti çarter reysi Bakıya enib və 201 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Rizvan Fikrətoğlu




