Rusiya-Ukrayna müharibəsinin yeddinci günü – XRONİKA

Fevralın 24-də Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə Ukrayna şəhərlərinin, hərbi obyektlərinin dağıdılması və Ukraynanın müdafiə olunması ilə davam edir. Rusiya silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna, hava limanlarına, xəstəxanalarına və mülki obyektlərinə hücum edir. Ukrayna müqavimət göstərir və dəstək qazanır, dünya Rusiyanı təcrid edir.
“Poliqon” Rusiya-Ukrayna müharibəsinin yeddinci gününün xronikasını təqdim edir.
– Ukrayna Müdafiə Nazirliyi bildirib ki, martın 2-də Rusiya ordusu Kiyevə hücumu davam etdirib. Rusiya qoşunlarının qarşısı Kozelets, Bobrovitsa və Makiyev ərazilərində alınıb. Svitilnya, Peremoha və Hostroluça yaşayış məntəqələrində isə Rusiya ordusu hücum imkanlarını itirib. Rus qoşunları Sumı, Lebedin, Oxtırkada uğursuz cəhdlər edib. Boxoduxiv, Çuqiv, Şevçenkove ərazilərində Rusiya silahlı qüvvələrinin qarşısı alınıb. Rus ordusu Skadovsk, Qola Pristan, Xerson, Snihurivka, Nova Kaxovka yaşayış məntəqələri istiqamətində hücum əməliyyatlarını davam etdirib. Uğur qazana bilməyən rus qoşunları mülki əhalini qorxutmaq üçün mühüm infrastruktur obyektlərinə raket zərbələri endirib.
– Martın 2-də Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin mərkəzini atəşə tutub. Eyni vaxtda Levoberejnı rayonunun yaşayış məntəqələri, həmçinin “Kommunalşçik” müəssisəsinin ərazisi atəşə məruz qalıb. Ukraynanın Odessa şəhərinin hava limanı Rusiya ordusu tərəfindən bombardman edilib.
– Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib ki, iki sutka ərzində Sum vilayətində Rusiyanın tankları, “Qrad” yaylım atəşli reaktiv sistemləri (YARS), “Buk” orta mənzilli zenit raket kompleksləri (ZRK) piyadanın döyüş maşınları (PDM) daxil olmaqla yüzlərlə artilleriya qurğusu və texnikası məhv edilib. Habelə “İsgəndər” əməliyyat-taktiki raketləri zərərsizləşdirib.
– “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) zərbələri nəticəsində rusların texnika kalonunun qarşısı kəsilib. Borovenki kəndində 60 tank, 2 “Buk” ZRK və 10-a yaxın özüyeriyən artilleriya qurğusu, Lebedində 20-yə yaxın özüyeriyən artilleriya, 20 PDM, 15 “Qrad” YARS məhv edilib. Axtırsk rayonunun Şevçenko qəsəbəsi yaxınlığında rusların yol boyu dayanan 100-ə yaxın texnikası, Dovjik və Çupaxivka kəndləri arasında daha 100-ə yaxın tankı və zirehli transportyoru məhv edilib. Rus hərbçiləri öz texnikalarını Xarkov vilayətinin Bezruki kəndində tərk edərək, qaçıblar. Xarkov yaxınlığındakı döyüşdə isə Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasına məxsus 6 ədəd T-80 tankını ələ keçirib.
– Ukraynanın Jitomir şəhərindəki 95-ci hava-hücum briqadasının bazasına “Kalibr” tipli qanadlı raketlərlə zərbələr endirilib.
– Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov deyib ki, Rusiya silahlı qüvvələri Ukraynanın Starobelsk və Svatovo yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirib. Rusiya ordusu xüsusi hərbi əməliyyat başlayandan indiyədək bu istiqamətdə 75 km irəliləyib. “Qoşunlarımız Ukraynanın Kalinovka, Lebedinskoye, Pionerskoye, Karl Marks, Nikolaevka və Osipenko yaşayış məntəqələri üzərində də nəzarəti təmin edib. Rusiya ordusu əməliyyat başlayandan bəri bu istiqamətdə 58 km irəliləyib”, – deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb. Məlumatda Rusiya Silahlı Qüvvələrinin bölmələrinin Xerson vilayətinin mərkəzini tam nəzarətə götürdüyü də qeyd olunub.
– Rusiya silahlı qüvvələri fevralın 24-dən bu günədək ümumilikdə Ukraynanın 1502 hərbi obyektini vurub. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ukraynanın 51 komanda məntəqəsi, 38 S-300, “Buk M-1” və “Osa” ZRK, 51 radar stansiyası, 47 döyüş təyyarəsi, 11 helikopteri, 46 pilotsuz uçuş aparatı, 472 tank və digər zirehli döyüş maşınları, 62 reaktiv yaylım atəşi sistemi, 336 xüsusi təyinatlı hərbi texnikası, 206 artilleriya qurğusu və minaatanı məhv edilib. Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Rusiya sılahlı qüvvələrinin Ukraynanın 17 hərbi aerodromu, 2 “Toçka-U” operativ-taktiki raket sistemi, eləcə də 8 döyüş katerinin zərərsizləşdirməyi barədə də məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çox, yaralıların sayı 3 700 nəfərə yaxın, əsir götürülən hərbçilərinin sayı isə 572 nəfərdir.
– Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti bildirib ki, fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 30 təyyarəsini, 31 helikopterini, 211 tankını, 862 zirehli texnikasını, 355 hərbi avtomobilini, 85 artilleriya qurğusunu, 3 pilotsuz uçuş aparatını, 9 hava hücumundan müdafiə sistemini, 40 yayılım atəşli reaktiv sistemini, 60 yanacaq sisternini və 2 gəmi/qayığını məhv edib. Nazirliyin məlumatına görə, indiyədək Rusiya Ordusunun 5840 nəfərdən çox hərbiçisi öldürülüb və 200 nəfərdən çox hərbçisi əsir götürülüb.
– Ukrayna xarici işlər naziri Dmitri Kuleba brifinqdə bildirib ki, Ukraynaya 19 ölkədən silah, 10 ölkədən maliyyə və 22 ölkədən humanitar yardımı göstərilib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Ukrayna özünümüdafiə məqsədilə Türkiyənin “Baykar” şirkətinin istehsalı olan “Bayraktar TB2” PUA-ların yeni partiyasını təhvil alıb və həmin PUA-lar döyüşə hazır vəziyyətinə gətirilib.
– Ukrayna Prezidenti Volodimir Zelenski “Reuters” və “CNN”ə birgə müsahibəsində qeyd edib ki, Ukrayna xalqı sona qədər mübarizə aparacaq, Ukrayna nə qədər dözə biləcəyini düşünmür. “Ruslar artıq hədəf seçmirlər. Uşaqları belə öldürürlər. Ona görə də müdafiə etməli olduğumuz bir şey var, biz yaşamaq haqqımızı müdafiə edirik”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
– Avropa İttifaqı (Aİ) diplomatları Rusiyanın Ukraynaya təcavüzündəki roluna görə Belarusa qarşı yeni sanksiyaları təsdiqləyib. Aİ Rusiyaya qarşı isə dördüncü sanksiya paketinin üzərində işləyir.
– BMT Baş Assambleyası “Ukraynaya qarşı təcavüz” adlı qətnamə qəbul edib. Müvafiq qətnamə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən fövqəladə xüsusi sessiyası zamanı dəstəklənib. BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 35-i isə bitərəf qalıb. Qətnamənin mətnində qeyd olunur ki, Rusiya Ukraynaya təcavüz edib. Bununla bağlı Rusiyadan atəşi dayandırması və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, yəni Krım və Donbass daxil olmaqla, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarması tələb olunur.
– Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib. Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana ümumilikdə 510 nəfər təxliyə olunub. Bu gün 800-ə yaxın azərbaycanlının Polşaya təxliyəsi baş tutub. 100 nəfərdən çox Azərbaycan vətəndaşı Odessadan Moldovaya, 27 nəfər isə Macarıstana yola salınıb. Həmçinin, Ukraynada olan azərbaycanlı sürücülərin 19 yük maşını olmaqla daha bir qrupu Moldovaya təxliyə edilib.
Rizvan Fikrətoğlu




