Rusiya xüsusi təyinatlıları və kəşfiyyatçıları “Udav”la silahlanır
Rusiya “TsNİİtoçmaş” şirkətindən Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələr və kəşfiyyat bölmələri üçün 9×21 mm çaplı “Udav” tapançası alır.
“Poliqon” “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, istehsalçı ilə imzalanan müqaviləyə əsasən, 384 milyon rubl (təqribən 5,3 milyon ABŞ dolları) dəyərində bir neçə on min yeni silahın alınması planlaşdırılır.
“Udav” tapançası ilə xüsusi təyinatlı qüvvələrin və kəşfiyyat bölmələrinin döyüşçülərindən başqa adi hərbçilər – sürücülər, rabitəçilər, maddi-texniki təminat üzrə mütəxəssislər də yeni tapança ilə silahlanacaqlar. “Udav” tapançasının alınması iki əsas versiyada həyata keçiriləcək: ümumqoşun təyinatlı 6P72 indeksli və xüsusi təyinatlı 6P72-1 indeksli. Sonuncunun dəstinə səsboğucu və lazer hədəfgöstərici daxildir. Müqavilə üzrə hər iki versiyanın tədarükünə bu il başlanmalı və 10 noyabr 2023-cü ilə qədər tamamlanmalıdır.
Əhəd Əzizov