Rusiyada ötən il 100-dən çox “Serp” antidron sistemi müştərilərə təhvil verilib
“Rostex” Dövlət Korporasiyasının “Roselektronika” holdinqi ötən il 100-dən çox “Serp” antidron sistemi istehsal edərək, müştərilərə təhvil verib.
“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, hazırda “Serp” ailəsinə daxil olan antidron sistemləri yanacaq-energetika kompleksinin obyektlərində və Rusiya hərbi-sənaye kompleksinin müəssisələrində effektiv şəkildə istifadə edilir.
Qeyd edək ki, “Roselektronika” holdinqinin “Vektor” Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış “Serp” ailəsinə “Serp-VS”, “Serp-VS5”, “Serp-VS5D” və s. dron əleyhinə sistemlər daxildir.
“Serp-VS”, pilotsuz uçuş aparatlarının (PUA) rabitə kanallarını, idarəetmə və naviqasiya sistemlərinin qarşısını almağa qadirdir. “Serp-VS” müştəriyə həm GPS, QLONASS, Galileo və BeiDou kimi qlobal naviqasiya peyk sistemlərinin (GNSS) siqnallarına, həm də Wi-Fi şəbəkələrində istifadə olunan 2,4 və 5,6 GHz diapazonlarındakı PUA idarəetmə sistemlərinin siqnallarına təsir göstərməyə imkan verir.
“Serp-VS”nin əsas üstünlüklərindən biri dronları 360 dərəcəli üfüqi ox boyunca basdırmaq qabiliyyətidir. Cihazın maksimum enerji sərfiyyatı 150 Vt, təsir diapazonu isə 3 kilometrə qədərdir. Sistem və idarəetmə mərkəzi arasındakı əlaqə Ethernet şəbəkəsi vasitəsilə həyata keçirilir.
“Serp-VS5” antidron sistemi sürü halında fəaliyyət göstərən PUA-lara qarşı mübarizə aparmaq üçün təyin olunub. Sistem 900 MHz-dən 5.8 GHz-ə qədər olan beş tezlik diapazonunda işləyir. O, 5 kilometrə qədər məsafədəki düşmən PUA-larının idarəetmə kanalını sıxışdırır, operatorla əlaqəsini kəsir, naviqasiya avadanlığını sıradan çıxarır, istiqamətini və uçuş missiyasını pozur.
“Serp-VS5”, PUA-nın GPS, GLONASS, “Beidou” siqnallarını (L1, L2, L5 diapazonlarında) sıxışdırır, həmçinin Wi-Fi üzərindən dron nəzarətini pozaraq əngəlləyir. Öz idarəetmə mərkəzi ilə əlaqəni Ethernet şəbəkəsi vasitəsilə həyata keçirən “Serp-VS5” anti-dron sistemi havadakı təhdidləri 360 dərəcəli üfüqi ox boyunca basdırmaq qabiliyyətindədir.
“Serp-VS5D”, həm tək, həm də sürü şəklində fəaliyyət göstərən dronların qarşısını almaq üçün nəzərdə tutulub. Antidron sistemi kiçik PUA-ları aşkarlamaq və qarşısını almaq imkanlarını bir cihazda birləşdirir. “Serp-VS5D”, davamlı olaraq dronların əlaqə və idarəetmə kanallarını axtarır və aşkarlayır. Əgər kanal aşkar edilərsə, detektor müvafiq tezlik diapazonlarında bastırmanı aktivləşdirmək üçün əmr göndərir.
Aşkarlama sisteminin rəqəmsal emal alqoritmləri hədəfdən yayınma və yanlış həyəcan ehtimalını minimuma endirməklə mühafizə olunan ərazidə dronların mövcudluğunu dəqiq şəkildə müəyyənləşdirməyə imkan verir. Aşkarlanan hava hədəfinin avtomatik olaraq qarşısını alan “Serp-VS5D” antidron sisteminin bastırma məsafəsi 5 kilometrdir.