Rusiyada “Sirius” PUA-nın sınaqları keçirilib

Rusiyada “Sirius” PUA-nın sınaqları keçirilib

“Kronştadt” şirkəti tərəfindən inkişaf etdirilmiş “Sirius” ağır kəşfiyyat-zərbə pilotsuz uçuş aparatının (PUA) müxtəlif silahlarla sınaqları keçirilib.

“Poliqon” “Kronştadt” şirkətinə istinadən xəbər verir ki, PUA həm idarə olunan, həm də idarə olunmayan döyüş sursatlarını daşımaq qabiliyyətinə malikdir.

Sınaqlar proqramı çərçivəsində “Sirius” uçmağa başlayıb. Pilotsuz aparat artıq pilotlu təyyarələr, yer kompleksləri ilə qarşılıqlı əlaqədə, eləcə də müxtəlif silahlarla və silahsız sınaqdan keçirilib.

Sınaqların nə qədər davam edəcəyi barədə hələlik məlumat verilmir, lakin Rusiyalı hərbçilər 2023-cü ildən etibarən “Sirius” kəşfiyyat-zərbə PUA-nın seriyalı nümunələrini almaq istəyirlər.

“Sirius” kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı “Orion” PUA-nın peyk idarəli və pilotlu aviasiya ilə qarşılıqlı əlaqə qura bilən daha ağır variantıdır. İki mühərriklə təchiz olunduğuna görə “Sirius” daha geniş fəaliyyət radiusuna və daha böyük faydalı yükə malikdir. Orta hündürlükdə uçan uzun mənzilli (Medium Altitude, Long Endurance – MALE) PUA sinifinə aiddir. Konstruktiv olaraq, nazik gövdəsi, geniş açıq düz qanadı və “V” formalı quyruq qanadları olan normal aerodinamik konfiqurasiyalı uçuş aparatıdır. Güc qurğusuna iki turbovintli mühərrik daxildir.

PUA-nın qanad açıqlığı 23 m, uzunluğu isə 9 m-ə qədərdir. Maksimal uçuş kütləsi 2 – 2,5 tondur ki, bundan da 1 tonunu yanacaq təşkil edir. 450 (xarici asqılarda 300) kq faydalı yük daşımaq imkanına sahibdir. Uçuş hündürlüyü 7000 metr, kreyser sürəti saatda 180 km-dir. Uçuş müddəti 20 saata qədər nəzərdə tutulub. Aparat çəkisi 100 kq-a qədər olan idarəedilən “hava-yer” sinif raketləri, eləcə də çəkisi 50-250 kq-a qədər olan idarə edilməyən və korreksiya olunan aviasiya bombalarını daşıya bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES