Rusiyada yeni nəsil avtomatlaşdırılmış antidron sistemi hazırlanıb
Rusiyanın “Roselektronika” holdinqi pilotsuz uçuş aparatları ilə mübarizə üçün yeni nəsil “Serp-VS6D” avtomatlaşdırılmış antidron sistemini hazırlayıb.
“Poliqon” “Roselektronika”ya istinadən xəbər verir ki, “Serp” antidron sistemləri ailəsinə daxil olan “Serp-VS6D”, holdinqin “Vektor” Elmi-Tədqiqat İnstitutu tərəfindən inkişaf etdirilib.
Bildirilib ki, Sınaq zamanı yeni “Serp-VS6D” həm tək halda əməliyyat həyata keçirən PUA-lara, həm də sürü şəklində təşkil olunan dron hücumlarına qarşı yüksək effektivlik nümayiş etdirib.
“Serp-VS6D”, həm elektron müharibə sistemlərini, həm də FPV dronları aşkarlaya bilən yüksək dəqiqlikli detektoru özündə birləşdirir. O, 6 fərqli rabitə kanalı vasitəsilə dronların təsirli şəkildə basdırılmasını təmin edir. Yüksək dəqiqlikli detektor və ani rəqəmsal siqnal emalı alqoritmləri mühafizə olunan ərazidə PUA-ları aşkarlamağa və müəyyənləşdirməyə, izlənilən hədəfin əldən qaçırılma hallarını minimuma endirməyə, habelə yanlış həyəcan siqnallarını aradan qaldırmağa imkan verir.
Sistem üfüqi müstəvidə 360° sektorda dronların rabitə və idarəetmə kanallarını davamlı olaraq izləmək qabiliyyətinə malikdir. Əgər təhlükə aşkarlanarsa, “Serp-VS6D”nin 5 km-ə qədər məsafədəki hədəflərdən gələn radio siqnallarını effektiv şəkildə basdırması üçün sistem avtomatik və ya əl ilə işə salınır. Aktivləşdirmə anında radio siqnalları bütün mövcud diapazonlarda sıxışdırılır.
Hazırda “Serp” antidron ailəsinə daxil olan sistemlər artıq Rusiya müəssisələri, o cümlədən hərbi-sənaye kompleksinin təşkilatları tərəfindən istifadə edilir. Onlar həm stasionar, həm də mobil obyektlərə quraşdırıla bilər. Bir neçə sistemi vahid kompleksdə birləşdirmək seçimi geniş ərazilərdə yerləşən obyektlərin etibarlı mühafizəsini təşkil etməyə imkan verir.