Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazası yenidən silahlandırılacaq

Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazası yenidən silahlandırılacaq

Rusiyanın Müdafiə Nazirliyi Abxaziyadakı 7-ci Rusiya hərbi bazasının yenidən silahlandırılması barədə qərar qəbul edib.

“Poliqon” “İzvestiya”ya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Abxaziyanın Qudauta şəhərində yerləşən Kutuzov və Qırmızı Ulduz ordenli Qırmızı Bayraq 7-ci Krasnodar hərbi bazasının yenidən silahlandırılması barədə artıq qərar verilib.

Məlumatlara görə, baza piyada döyüş maşınları, pilotsuz uçuş aparatları (PUA) və yeni atıcı silahlarla silahlandırılacaq. Baza, xüsusilə, artıq silahlanmada olan BTR-82A zirehli transportyorları (ZTR) ilə birlikdə motoatıcılar üçün zirehli maşınların əsasını təşkil edəcək, əlavə müdafiəyə malik təkmilləşdirilmiş BMP-3 piyadanın döyüş maşınları (PDM) alacaq. BTR-82A ZTR ilə müqayisədə tırtıllı BMP-3 PDM-lər daha güclü müdafiə olunur və silahlandırılıb. 30 mm avtomatik top və pulemyotdan əlavə, 100 mm aşağı ballistikalı topla təchiz olunub. Bu top tank əleyhinə idarə olunan raketlər üçün də buraxma qurğusu rolunu oynayır.

Bundan əlavə, baza bölmələri AK74 (indeksi 6P20) avtomatlarını əvəz edəcək AK12 (indeksi 6P70) avtomatları ilə yenidən silahlandırılacaq. AK12 avtomatı “Kalaşnikov” konserninin beşinci nəsil avtomatlarına aiddir. Onu 40 ildən çoxdur silahlanmada olan əvvəlki AK74 kütləvi model avtomatını əvəz etmək üçün yaradılıb.

PUA-larla bağlı heç bir məlumat yoxdur, lakin daha əvvəllər hərbi nazirlik cənub sərhədlərini kəşfiyyat və zərbə PUA-ları ilə gücləndirmək planlarını açıqlayıb. Bazanın yeni texnika və silah tədarükünə gələn ildən başlanılacaq.

Xatırladaq ki, keçən ilin aprel ayında Rusiya Müdafiə Nazirliyi Abxaziyadakı hərbi bazada silahlanmada olan T-90A tanklarının təkmilləşdirilmiş T-72B3 tankları ilə əvəz olunduğunu elan edib. Texnikalar artıq hissəyə daxil olub. Bundan əlavə, baza 2S3 “Akatsiya” özüyeriyən artilleriya qurğuları (ÖAQ) və S-300 də daxil olmaqla zenit raket kompleksləri (ZRK) ilə silahlandırılıb.

Rusiya Silahlı Qüvvələrinin Abxaziyadakı 7-ci hərbi bazası Qafqazda və Qara dəniz bölgəsində fəaliyyət göstərə bilən mobil ehtiyat hesab olunur. Ştata görə, baza gücləndirilmiş motoatıcı briqadaya uyğundur. Bazanın yerləşmə yeri, lazım gələrsə, onu Rusiyanın cənubundakı əməliyyatlar üçün bir ehtiyat olaraq da istifadə etməyə imkan verir.

1992-ci ilin oktyabr ayından 131-ci əlahiddə motoatıcı briqada kimi fəaliyyət göstərən birləşmə 1 fevral 2009-cu il tarixindən 7-ci hərbi baza kimi fəaliyyətdədir. Bazanın şərti adı 09332 nömrəli hərbi hissə adlanır.

Qeyd edək ki, bazanın ümumi şəxsi heyətinin sayı 4000 nəfərdir. Bazanın komandiri polkovnik Klimenko Vadim Vladimiroviçdir. Silahlanmasında (2019-cu ilə olan vəziyyətə görə) 40 ədəd T-72B3 tankı, 120 ədəd BTR-82A ZTR, 18 ədəd 152 mm-lik 2S3 “Akatsiya” ÖAQ, 12 ədəd 120 mm-lik 2S12 “Sani” minaatan kompleksi, 18 ədəd BM-21 “Qrad” YARS, 18 ədəd 122 mm-lik D-30 haubitsası və 1 divizion S-300 ZRK var.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS