“Saab” şirkəti isveçli müştəriyə hücum katerləri tədarük edəcək

“Saab” şirkəti isveçli müştəriyə hücum katerləri tədarük edəcək

“Saab” şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsindən (FMV) 10 ədəd CB90 “Next Generation” hücum katerinin tədarükü üçün sifariş alıb.

“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sözügedən sifarişin dəyəri 400 milyon SEK (37.5 milyon ABŞ dolları) təşkil edir.

“Saab” şirkətinin “Dockstavarvet” tərsanəsində istehsal olunan CB90 hücum katerləri dünyanın müxtəlif regionlarında dəniz xüsusi təyinatlıları və sahil mühafizə qüvvələrinin istifadəsində yer alır.

İsveç Hərbi Dəniz Qüvvələri tərəfindən köhnəlmiş TPBS 200 katerlərini əvəzləmək üçün seçilən CB90 katerinin üzərində dizayn işlərinə “Dockstavarvet” tərsanəsi 1988-ci ildə başlayıb. 1989-cu ildə şirkət sınaqlarının keçirilməsi üçün iki prototipi İsveç HDQ-yə təhvil verib. Sınaqlardan uğula keçməyi bacaran katerin tədarükünə dair (120 ədəd CB90) 1990-cı ildə İsveç HDQ və “Dockstavarvet” arasında müqavilə imzalanıb. Bununla da kater simvolik olaraq CB90 adlandırılıb.

Hazırda CB90 katerinin fərqli versiyaları İsveç, Yunanıstan, Malayziya, Meksika, ABŞ, Norveç və digər ölkələrin istismarında yer almaqdadır.

Katerin uzunluğu 14.90 m, eni 3.85 m və çəkisi 18 ton təşkil edir. O, 20 personalı daşımaq bacarığına malikdir. Katerdən daha çox sahil bölgələrinə yaxın yerlərdə istifadə olunur. CB90-nın açıq dənizlərdə və dalğalı şəraitlərdə fəaliyyət göstərmək imkanları isə zəifdir. Katerin sürəti 45 knot və əməliyyat məsafəsi 240 dəniz mili təşkil edir. Versiyasından asılı olaraq kater müxtəlif silah sistemləri ilə təchiz oluna bilər. Katerin silahlanmasına 12.7 mm-lik silah sistemi, uzaqdan idarəolunan döyüş modulu, RBS 17 raket sistemi, 120 mm-lik cüt lüləli AMOS minaatanı və s. daxildir.

 

CATEGORIES
TAGS