
“Saab” şirkəti rekord qısa müddətdə yeni HHM sistemi hazırlayıb
İsveçin “Saab” şirkəti 84 gündən ibarət rekord bir müddət ərzində pilotsuz uçuş aparatlarına (PUA) qarşı hava hücumundan müdafiə (HHM) sistemi hazırlayıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, layihə “Loke” konsepsiyası əsasında İsveç Hərbi Hava Qüvvələri (HHQ), İsveç Müdafiə Materialları İdarəsi (FMV) və “Saab” tərəfdaşları ilə birlikdə həyata keçirilib.
Sistem mobildir, modul quruluşa malikdir və İsveç HHQ-nin istismar tələblərinə cavab vermək üçün uyğunlaşdırıla bilən komponentlərlə təchiz olunub. O, özündə radiolokasiya stansiyasını, optik aşkarlama avadanlıqlarını və silahları yolsuzluq avtomobili platformasında birləşdirən kombinə edilmiş döyüş sistemidir. Bu yeni innovativ qabiliyyət düşmən PUA-larının aşkarlanması və onlara qarşı mübarizə üçün təyin edilib, anti-dron (Counter-Unmanned Aircraft Systems – C-UAS) texnologiyasında əhəmiyyətli irəliləyişi özündə tərənnüm edir.
Sistem iki nəqliyyat vasitəsindən ibarətdir. Nəqliyyat vasitələrinin birində (adətən pick-up və ya uyğun banlı digər yolsuzluq avtomobili) 12,7 mm pulemyot və 7,62 mm pulemyotla silahlanmış “Trackfire” uzaqdan idarə olunan silah stansiyası (Trackfire Remote Weapon Station) yerləşir. İkinci nəqliyyat vasitəsi hava hədəflərini aşkar edən və onların koordinatlarını birinci avtomobilin döyüş moduluna ötürən “Giraffe 1X” çoxməqsədli fırlanan radiolokasiya stansiyası (Giraffe 1X 3D multi-mission radar) üçün nəzərdə tutulub.
“Bu, bir neçə ili əhatə edən tipik bir məhsul inkişaf dövrü olmadığı üçün biz qeyri-standart düşünməli və bu problemin öhdəsindən gəlmək üçün innovativ yanaşmadan istifadə etməli olduq. Mövcud məhsulları ağıllı şəkildə dəyişdirərək və yeni funksiyaları və texnologiyaları birləşdirərək, biz konsepsiyanı rekord sürətlə bir araya gətirdik”, – deyə şirkətdən bildiriblər.
O da qeyd olunub ki, sistemin əməliyyat tələblərinə cavab verməsini təmin etmək üçün layihəyə əvvəldən “Norrbotten” (F 21) aviasiya qanadının (Norrbotten Air Wing, F 21) əməkdaşları cəlb edilib. Luftstridsskolan (Hava Döyüş Faəliyyətləri Məktəbi), Ledningsstridsskolan (Döyüş Fəaliyyətləri Komandanlığı və İdarəetmə Məktəbi) və Flygstaben (HHQ Qərargahı) tərəfindən Markstridsskolan (Quru Döyüş Fəaliyyətləri Məktəbi) dəstəyi ilə həyata keçirilən layihə İsveç Silahlı Qüvvələrinin sürətli inkişafa və açılmaya sadiqliyini nümayiş etdirir.
Sistemin döyüş bölmələrinə tam inteqrasiyası 2025-ci ilin sonlarına planlaşdırılır, bundan sonra “Loke” İsveç HHQ-nin PUA-ların artan təhlükəsinə qarşı mübarizə səylərinin əsas komponentinə çevriləcək.
Qeyd etmək lazımdır ki, SAAB şirkəti silahlı qüvvələri PUA-ların ələ keçirilməsi üçün əlverişli və genişlənə bilən həll yolu ilə təmin etmək məqsədilə raket əsaslı sistemlərdən daha sərfəli top və pulemyot əsaslı həllərə keçir.
Əhəd Vahidoğlu