
Şahbaz Şərif: Pakistan olduqca adekvat şəkildə Hindistanın aqresiyasına cavab verib
Biz regionda sülh və firəvanlığı təşviq edirik, amma elə bir məqam yetişərsə ki, hücuma məruz qalırıq, buna dərhal var gücümüzlə cavab verəcəyik.
“Poliqon” xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Şahbaz Şərif Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı söyləyib.
Ş.Şərif bir neçə həftə əvvək Pakistan və Hindistan arasında baş verən gərginliyə toxunub.
Qısa zamanda Pakistan Hərbi Hava Qüvvələrinin Hindistana məxsus altı ədəd təyyarəni vurduğunu deyən Baş nazir bildirib ki, onlardan dördü Fransa istehsalı olan “Rafale” qırıcısı olub: “MiQ tipli qırıcı və dronlar da vuruldu və Hindistana mesaj verdik ki, Pakistan sülh sevər ölkədir. Biz regionda sülh və firəvanlığı təşviq edirik, amma elə bir məqam yetişərsə ki, hücuma məruz qalırıq, buna dərhal var gücümüzlə cavab verəcəyik”.
Şahbaz Şərifin sözlərinə görə, Pakistan olduqca adekvat şəkildə Hindistanın aqresiyasına cavab verib.
“Səhər saatlarında feldmarşal Asim Munirin rəhbərliyi altında Pakistan Silahlı Qüvvələri düşmənə dərs verməli oldu. Buna qədər isə Hindistan “Brahmos” tipli raketlərdən Pakistanın müxtəlif əyalətlərini, xüsusilə Ravalpindi və digər məntəqələrdə olan hava limanlarını atəşə tutmuşdu. Biz isə cavabında Hindistanın hərbi infrastrukturuna hücum etdik. Bizim onlarla olan fərqimiz budur”, – deyə Pakistanın baş naziri qeyd edib.