Sedef Vehbi: “Otokar” Azərbaycanda müxtəlif proqramlarda çox aktiv işləyir – MÜSAHİBƏ

Sedef Vehbi: “Otokar” Azərbaycanda müxtəlif proqramlarda çox aktiv işləyir – MÜSAHİBƏ

Türkiyənin ən böyük quru nəqliyyat vasitələri məhsul qrupu ixracatçısı “Otokar”, 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən IDEX-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində geniş məhsul çeşidindən 5 zirehli maşın və qüllə sistemini nümayiş etdirib.

DSC 5436“Otokar” IDEX-2025 sərgisində 30 mm-lik MIZRAK qülləsi ilə ARMA 8×8 və ARMA II 8×8 zirehli döyüş maşınları, 120 mm-lik “Hitfact Mk2 Leonardo” qülləsi ilə TULPAR piyada döyüş maşını (PDM), 12,7 mm-lik KESKİN qülləsi ilə COBRA II 4×4 taktiki təkərli zirehli maşını və 25 mm-lik MIZRAK qülləsi ilə ARMA 6×6 zirehli döyüş maşınını dünyanın müxtəlif yerlərindən gələn ziyarətçilərə təqdim edib.  Bundan əlavə, “EDGE Group” və “Otokar”ın birgə müəssisəsi olan “Al Jasoor” şirkətinin stendində, “Otokar” və “Al Jasoor” təcrübəsi ilə istehsal edilən RABDAN 8×8 zirehli təmir-təxliyə maşını da ilk dəfə sərgilənərək ziyarətçilərin diqqətinə təqdim edilib.

NATO və BMT tədarükçüsü olan “Otokar”, öz texnologiyası və dizaynı ilə 4×4, 6×6, 8×8 təkərli zirehli nəqliyyat vasitələri, tırtıllı zirehli texnikalar, insansız zirehli maşınlar və qüllə sistemləri istehsal etməklə müdafiə sənayesində qlobal güc olaraq seçilir. Bu yolla “Otokar” bugünkü və gələcək təhdidlərə qarşı üstün həllər təklif edərək sektorda fərq yaratmağa davam edir.

“Otokar”ın hərbi maşınları modul quruluşu və üstün hərəkət qabiliyyəti ilə seçilir. Bu avtomobillər hətta çətin ərazilərdə belə yüksək performans və təhlükəsizlik təklif etməklə ən kritik missiyalarda lazım olan dəstəyi təmin edir.

“Otokar” şirkətinin baş direktorunun müavini Sedef Vehbi IDEX-2025 sərgisi çərçivəsində POLİQON jurnalına müsahibə verib.

POLİQON: Sedef xanım, bildiyimiz kimi “Otokar” şirkəti 4×4, 6×6 və 8×8, eyni zamanda tırtıllı zirehli texnikalar da daxil olmaqla müxtəlif tip və versiyalarda maşınlar və qüllə sistemləri istehsal edir. Bunlara paralel olaraq, elektrik, hibrid və robot texnikalar da inkişaf etdirir. “Otokar”ın həyata keçirdiyi yeni layihələr barədə nə deyə bilərsiniz?

DSC 5657Sedef Vehbi: Öncəliklə çox çalışırıq. Bunun arxasında uzun illərə söykənən mühəndislik və istehsal əməyi var. Uzun illərdir, əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin, sonra isə dünyadakı bütün dost və müttəfiq ölkələrin Silahlı Qüvvələrinin tələblərini qarşılamağa çalışırıq və bunu uğurla etdiyimizi düşünürük. Dünya miqyasında xidmət göstərdiyimiz ölkələrin sayı getdikcə artır. Bu gün etibarilə 70-dən çox son istifadəçidə, 40-dan artıq ölkədə və beş qitədə texnikalarımız aktiv şəkildə xidmət göstərir. Bu texnikaların sayı təxminən 33 mindən çoxdur və bununla qürur duyuruq. Həmçinin artıq maşınlarımızla yanaşı, silah qüllələrimizi də ixrac etməyə başlamışıq. Bu sərgidə də gördüyünüz kimi, texnikalarımızın üzərində əsasən öz dizayn və istehsalımız olan qüllələr var.

POLİQON: Sərgidən danışmışkən, “Otokar”ın IDEX-2025 sərgisindən gözləntiləri nələrdir və bu sərgi gözləntilərinizi qarşıladımı?

Sedef Vehbi: IDEX artıq dünya müdafiə sənayesində çox mühüm yeri olan sərgidir. Dünya müdafiə sənayesində bir neçə belə mühüm sərgi var. IDEX artıq həqiqətən beynəlxalq bir sərgiyə çevrilib. Dünyanın hər yerindən nümayəndə heyətləri buradadır. Beləliklə, əgər qlobal istehsalçısınızsa, IDEX-də iştirak etməyiniz vacibdir, deyə düşünürük. Bu sərgi yalnız Birləşmiş Ərəb Əmirliklərinin deyil, eyni zamanda bütün dünyadan nümayəndələri qəbul edən bir təşkilatdır. Biz də uzun illərdir, fasiləsiz olaraq bu sərgidə iştirak edirik.

POLİQON: Sedef xanım, mümkünsə bir az “Otokar”ın ixrac hədəflərindən danışaq. Göründüyü kimi, “Otokar” texnika ixracındakı uğurunu texnoloji həllərin ixracı ilə möhkəmləndirir. Siz girişdə ixrac olunan ölkələrin sayından bəhs etdiniz. “Otokar”ın yeni məhsullarının ixrac potensialını necə qiymətləndirirsiniz?

DSC 5439Sedef Vehbi: Bütün komanda olaraq bunun üçün var gücümüzlə çalışırıq. Siz sadəcə satış komandasını görürsünüz, amma bunun arxasında böyük bir “dağ” var. Yeni ölkələrə daxil oluruq. Bizim üçün son iki ilin ən mühüm nailiyyətlərindən biri də Avropaya ixrac etməyə başlamamızdır ki, bu da Türkiyə müdafiə sənayesi üçün çox əhəmiyyətli addımdır. Avropa İttifaqı ölkələrində beynəlxalq tenderlərdə qalib gəlməyə başlamışıq. Digər tərəfdən, müdafiə sənayesi artıq yalnız satınalmadan ibarət deyil, hər ölkə öz istehsal imkanlarını inkişaf etdirmək istəyir. Bu səbəbdən biz də müştərilərimizin tələblərinə uyğun olaraq, daxil olduğumuz bütün iri layihələrdə yerli istehsal və texnologiya transferi məsələlərini nəzərə alırıq.

POLİQON: İxrac coğrafiyasını genişləndirən “Otokar”ın Azərbaycanla bağlı ən son layihə təklifləri və bu istiqamətdə atdığı addımlar haqqında nə deyə bilərsiniz?

Sedef Vehbi: Təklifləri layihə məxfiliyi səbəbilə açıqlaya bilmərəm. Amma müxtəlif proqramlarda çox aktiv işləyirik.

POLİQON: Azərbaycan Silahlı Qüvvələrində COBRA II texnikasından sonra ötən il onun ambulans konfiqurasiyasını da xidmətdə gördük. Bu və digər “Otokar” məhsullarının xüsusiyyətləri, fərqləri və rəqabət üstünlükləri nələrdir?

DSC 5430Sedef Vehbi: Biz Azərbaycanı ixrac bazarı kimi görmürük, oraya öz vətənimiz, öz Silahlı Qüvvələrimiz kimi yanaşırıq. Azərbaycanda yalnız COBRA II nəqliyyat vasitələrimiz deyil, digər fərqli maşınlarımız da var. Uzun illərdir Azərbaycanda xidmət göstəririk. Xüsusilə Dövlət Sərhəd Xidməti ölkədə bizim ilk istifadəçimizdir. Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi də texnikalarımızın istifadəçiləri arasındadır. İndi isə COBRA II texnikalarımızla müxtəlif konfiqurasiyalarda xidmət göstərməyə başladıq. Bildiyiniz kimi, ambulans variantı da bunlardan biridir. Həmçinin izlədiyimiz layihələr də var. Dediyimiz kimi, Azərbaycan bizim sadəcə ixracat etdiyimiz ölkələrdən biri deyil. Orada öz Vətənimiz kimi işləyirik. Azərbaycanda yalnız texnika satmaq deyil, həm də ölkənin müdafiə sənayesinin inkişafına töhfə vermək, yerli istehsal imkanlarını artırmaq və bütün qüvvələrə maşınlarımızla xidmət göstərmək istəyirik.

POLİQON: Əvvəlki sualın davamı olaraq, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yeni birgə layihələrin həyata keçirilməsinin yolları müəyyən edilib. “Otokar” bu istiqamətdə hansı addımları atmağı planlaşdırır?

DSC 5640

Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov IDEX-2025 sərgisi çərçivəsində “Otokar” stendini ziyarət edib.

Sedef Vehbi: Bu, yalnız bizim istəyimizlə deyil, ölkənin, Silahlı Qüvvələrin və son istifadəçinin tələblərinə bağlı olan bir mövzudur. Bizə rəsmi qurumlardan hansı ehtiyac bildirilərsə, ona uyğunlaşmağa çalışırıq. Hazırda 4×4 layihələri çox aktiv şəkildə davam edir. Lakin biz Azərbaycanın fərqli ehtiyaclarının da olduğunu bilirik və texnikalarımızla bu ehtiyacları qarşılamağa hər zaman hazırıq.

POLİQON: İstanbul Sənaye Palatası tərəfindən ötən il açıqlanan Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi Araşdırmasında “Otokar” əvvəlki illə müqayisədə 38 pillə irəliləyərək 59-cu sırada yer aldı. “Otokar”ın bu uğurunda əsas rol oynayan amillər hansılardır?

Sedef Vehbi: Bu, illərlə aparılan işlərin nəticəsidir. Əslində buna bir nümunə daha var. Keçən həftə açıqlanan bir xəbəri də paylaşım. Belə ki, “Otokar” Türkiyənin ən böyük quru platforması ixracatçısı seçildi. Sektorumuzda ən çox quru texnikası ixracını biz həyata keçirdik. Bu, bizi qürurlandırır və motivasiya edir.

Çünki “Otokar”ın beynəlxalq arenada seçilən və üstünlük verilən bir marka olması bizim mühəndislik və sahə imkanlarımızın yüksək səviyyədə olduğunu göstərir ki, bu da bizim üçün çox mühüm bir geri bildirişdir.

DSC 5431 e1744032188508Bundan əlavə, “Otokar”ın “Koç Holding” şirkəti olduğunu da qeyd etmək lazımdır. “Koç Holding” Türkiyənin ən böyük sənaye quruluşudur və tək başına ölkənin ümumi daxili məhsulunun 8%-ni təşkil edir. Türkiyənin ümumi ixracının təxminən 10%-ni həyata keçirir. Həmçinin “Koç Holding” dünyanın ən böyük 500 şirkəti siyahısına daxil olan yeganə türk şirkətidir ki, bu da bizim üçün qürurvericidir.

POLİQON: Sedef xanım, bizim suallarımız bu qədərdir. Sonda əlavə etmək istədiyiniz fikirləriniz varmı?

Sedef Vehbi: Çox təşəkkür edirəm. Sizin platformanız, jurnalınız bizə hər zaman, xüsusilə Azərbaycanla bağlı mövzularda istiqamət verir. Sizinlə olan qəlb bağımız başqadır. Bundan başqa, Azərbaycan dövlətinə xidmət etmək bizim üçün sadəcə bir arzu deyil, eyni zamanda bir vəzifədir. Bunun üçün bütün əlimizdən gələni edirik.

Dəyərli vaxtınızı ayırdığınız üçün Sizə çox təşəkkür edirik.

Müsahibə “Poliqon” hərbi-kosmik texnoloji jurnalının yeni sayında yayımlanıb

Zaur Babaşov

 

CATEGORIES
TAGS