Xəbərlər

Şəhid-sərhədçinin doğum günündə anım tədbiri keçirilib

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqla­rın düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində həlak olmuş şəhid-sərhədçi baş leytenant Ceyhun Nəhmətovun doğum günündə anım tədbiri keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, sentyabrın 8-də DSX-nın bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və ictimaiyyətin nümayəndələri Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, gül çələngi qoyublar.

Bakı şəhərinin Xəzər rayonunda şəhid Ceyhun Nəhmətovun xatirəsinə yaradılmış abidə-bulaq kompleksində davam edən anım mərasiminə qatılanlar DSX Akademiyasının 2016-cı il məzunu olmuş Ceyhun Nəhmətovun sərhədçi-zabit andına və şərəfinə sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiyini, Füzuli və Cəbrayıl  rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda hərbi əməliy­yatlarda qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyini, Zəngilan rayonu istiqamətində gedən qızğın döyüş­lər­də qəhrə­manlıq göstərərək şəhadət zirvəsinə ucaldığını qeyd ediblər.

Vətən Müharibəsində həlak olmuş şəhidlərin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, xalqa qalibiyyət sevinci yaşatmış şəhidlərin əziz xatirə­sinin hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Sərhədçi şəhid Ceyhun Nəhmətovun döyüş şücaətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyi, Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildiyi qeyd olun­ub.

Baş leytenant Ceyhun Nəhmətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə etmiş, şəhidlərin xatirələrinin əbədi­ləş­dirilməsi, ailələrinin ziyarət edilmə­sinin dövlətin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqətin, şəhidlərə ifadə olunan ehtira­mı­nın bariz nümunəsi olduğunu bildiriblər.

ss2

Poliqon.az

Back to top button