Serbiya FK-3 zenit-raket sistemlərini nümayiş etdirib

Serbiya FK-3 zenit-raket sistemlərini nümayiş etdirib

Serbiya Çin istehsalı zenit-raket sistemlərini (ZRS) almaqla yanaşı Avropa istehsalçılarının təyyarələrinə də sahib olmaq istəyir.

“Poliqon”un məlumatına görə, Serbiya özünün Çin istehsalı olan yeni ZRS-ni geniş ictimaiyyətə nümayiş etdirib. Belə ki, Batajnitsa aviabazasının ərazisində “Qalxan-2022” hərbi gücünün nümayişi zamanı Serbiya Silahlı Qüvvələrinin yeni texnikaları arasında Çin istehsalı olan FK-3 ZRS-nin batareyası da yer alıb.

Sözügedən sistem yaxın tarixdə on iki Y-20 nəqliyyat təyyarəsi ilə Serbiyaya çatdırılan Çin HQ-22 ZRS-in ixrac versiyasıdır (həmçinin bax: Çin istehsalı FK-3 ZRS Serbiyaya çatdırılıb). Bu da öz növbəsində Çin silahlarının Avropaya ən böyük hava tədarükü hesab olunur.

Yeni FK-3 ZRS-nin də nümayiş olunduğu silahların təqdimatı zamanı Serbiya prezidenti Aleksandr Vuçiç (Александар Вучић) bildirib ki, Çin raketləri, eləcə də bu yaxınlarda çatdırılan digər hərbi texnika potensial düşmənlərə qarşı yalnız “güclü çəkindirici” vasitədir.

Bildirilib ki, hələ 2020-ci ildə ABŞ rəsmiləri Belqradı bu sistemləri almaqdan çəkindirib. ABŞ-da qeyd edildiyi kimi, Serbiya həqiqətən Aİ-yə qoşulmaq istəyirsə, o, Qərb standartlarına cavab verən texnikalarla təchiz olunmalıdır. Lakin Serbiya ilk növbədə Çin və Rusiya istehsalı silahlarla təchiz olunmağa davam edir.

Bununla belə, A.Vuçiç yeni ZRS-nin nümayişində Serbiyanın, həmçinin, Fransanın “Dassault Rafale” çoxməqsədli təyyarələrinin və Britaniyanın “Eurofighter Typhoon” təyyarələrinin alınması ilə bağlı danışıqlar apardığını deyib və qeyd edib ki, “yalnız siyasi maneələr” Qərb qırıcılarının alınmasına mane ola bilər.

FK-3 ZRS Serbiya Hərbi Hava Qüvvələrinin 2-ci zenit-raket divizionunun və 250-ci Hava Hücumundan Müdafiə (Raket Qoşunları və Hava Hücumundan Müdafiə) zenit-raket briqadasının silahlanmasında əsasən ölkənin paytaxtı Belqradın, həmçinin strateji əhəmiyyətli Novi Sad, Nis və Kragujevac şəhərlərinin müdafiəsini təmin edəcək. Serbiyanın FK-3 zenit-raket sistemi digər RQ və HHM vasitələri, o cümlədən Rusiya istehsalı “Pantsir-S1” kompleksi ilə inteqrasiya olunacaq.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş