Sərhəd Mühafizəsi 103-cü ildönümünü müasir silah və texnikaya malik qurum kimi qarşılayır

Sərhəd Mühafizəsi 103-cü ildönümünü müasir silah və texnikaya malik qurum kimi qarşılayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan Sərhəd Mühafizəsi özünün 103-cü ildönümünü güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan qurum kimi qarşılayır.

“Poliqon” xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev POLİQON jurnalına müsahibəsində deyib.

General-polkovnik Elçin Quliyev bildirib ki, Azərbaycan Sərhəd Mühafizəsinin çətin və mürəkkəb olduğu qədər də şərəfli inkişaf yolu xəyalların gerçəkləşməsi, mümkün olmayanın reallaşması yoludur: “Çünki vaxtilə uzaq və əlçatmaz gələcək kimi qəbul edilən müasir sərhəd mühafizə infrastrukturunun, dövlət sərhədinin mühafizəsində ən yeni döyüş texnikası və silah-sursatın, müşahidə, aşkaretmə, radiolokasiya sistemlərinin tətbiqi günümüzün reallığıdır. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur.

XX əsrin əvvəllərində milli sərhəd mühafizəsinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan parlamenti 1919-cu il avqust ayının 18-də sərhəd mühafizəsinin təsis edilməsi haqqında qanun qəbul etmişdir. Qısa müddət ərzində sərhədlərimizi qorumağa qadir qüvvələrin formalaşdırılmasına başlanılmış, lakin bolşevik Rusiyasının təcavüzü müstəqil respublikanın süqutuna gətirib çıxarmaqla, sərhəd mühafizə qüvvələrinin formalaşdırılması işini də yarımçıq qoymuşdur”, – deyə DSX rəisi vurğulayıb.

General-polkovnik Elçin Quliyev bildirib ki, danılmaz həqiqətdir ki, Azərbaycan Sərhəd Mühafizəsinin keyfiyyətcə yenidən təşkili və formalaşması müasir tariximizin yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Müstəqil dövlətimiz əsrlər boyu yaşayacaqdır. Nə qədər yaşayacaqsa, o qədər də onun sərhədləri olacaq və o qədər də, sərhədləri qorumaq lazım olacaqdır”, – deyən Dahi Öndər hər zaman Azərbaycan sərhədçilərini xidməti uğurlara ruhlandırmışdır!

“Dövlətimizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndər Heydər Əliyevin 2000-ci ilin avqust ayının 16-da imzaladığı Fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi müəyyən edilmişdir. Dahi Öndər bununla Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyini və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də əlamətdar olduğunu sübut etmişdir.

Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəlməsi, ölkə iqtisadiyyatının qüdrətlənməsi ilə əlaqədar sərhəd təhlükəsizliyi məsələlərinin ön plana keçdiyi şəraitdə dövlət sərhədində dövləti maraqları müdafiə edən Azərbaycan sərhədçiləri onlara göstərilən ali diqqətə görə qürur hissi keçirirlər.

Bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev DSX-nin hərbi hissə və bölmələrinə 41 dəfə səfər etmişdir. Bu rəqəm təkcə region dövlətləri üçün deyil, bütün dünya miqyasında sərhəd mühafizə orqanlarına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının unikal göstəricisi, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə, həyata keçirilən islahatlara verilən ən yüksək qiymətdir”, – deyə DSX rəisi general-polkovnik Elçin Quliyev vurğulayıb.

Poliqon jurnalı

CATEGORIES
TAGS