SHXÇDX-də Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.
SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatı və yerli baş idarə, idarə, şöbə və bölmələrinin inzibati binalarında Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
1992-ci ilin fevral ayının 25-dən 26 -na keçən gecə qətliama məruz qalmış şəhidlərin xatirələrini yaşatmaq, bir daha onları yad etmək, şəhid ailələri qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirmək məqsədi ilə Xidmətin Aparatı və yerli struktur bölmələrində sərgi-guşələr təşkil olunub. Xocalı soyqırımının dəhşətlərini əks etdirən, Azərbaycanda və xaricdə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlər, dövlət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilmiş yürüş-mitinqlər, anım tədbirlərindən hazırlanmış foto şəkilllərdən ibarət sərgi nümayiş olunub.
“Xalqımızın başına gətirilən ən faciəli hadisələrdən olan Xocalı faciəsi heç vaxt unudulmayacaq, qan yaddaşımızda əbədi olaraq qalacaqdır”, – deyə SHXÇDX tərəfindən qeyd edilib.