
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 655 350 manat artıb
Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna sentyabrın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Silahlı Qüvvələrin Yardım Fonduna cari il sentyabrın 1-dək 113 414 815,17 AZN, 213 577,88 ABŞ dolları, 18 341 avro və 5000 rubl vəsait daxil olub.
Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 655 350,52 AZN artıb, digər valiyuta hesablarında isə dəyişiklik olmayıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.