
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsait 1 110 635 manat artıb
Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna iyulun 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrin Yardım Fonduna cari il iyulun 1-dək 111 958 386,11 AZN, 213 577,88 ABŞ dolları, 17 566 avro və 5000 rubl vəsait daxil olub.
Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 1 110 635,79 AZN artıb, digər valiyuta hesablarında isə dəyişiklik olmayıb.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.