
Şimali Koreya Rusiya üçün qısamənzilli ballistik raketlər istehsal edən əsas zavodunda yeni obyekt inşa edib və sonradan onu torpaq altında gizlədib.
“Poliqon” xəbər verir ki, bu, “NK Pro” portalının peyk görüntüləri əsasında apardığı təhlildə öz əksini tapıb.
Bildirilib ki, söhbət “Hwasong-11” seriyalı qısamənzilli ballistik raketləri istehsal edən zavoddan gedir. Bu raketlər 2023-cü ilin sonlarından etibarən Rusiya və Şimali Koreya qüvvələri tərəfindən Ukraynaya qarşı hücumlarda istifadə olunur. Lider Kim Çen Inın son illərdə zavoda etdiyi səfərlər zamanı yayımlanan fotolar müəssisədə həmçinin uzaqmənzilli raketlərin və peyk daşıyıcı raketlərin korpuslarının da istehsal olunduğunu göstərir.
Peyk görüntülərinə əsasən, Həmhın şəhərində yerləşən “11 Fevral” zavodunun şimal hissəsindəki vadidə 2024-cü ilin sonu ilə 2026-cı ilin fevralı arasında ölçüsü təxminən 65×35 metr olan iki və ya üç mərtəbəli yeni bina tikilib. Bina Şimali Koreyanın silah zavodlarında rast gəlinən istehsal və yığım sexlərinə bənzəyir. Onun kənar hissələrində ofis və ya anbar otaqları, mərkəzində isə geniş açıq sahə yerləşir. Lakin daha sonra qeyri-adi hadisə baş verib. 2026-cı ilin mart-may ayları arasında bina torpaqla örtülərək qonşu dağın yamacına inteqrasiya edilib.
Kim Çen Inın zavoda səfərləri zamanı çəkilmiş fotolar göstərir ki, mövcud raket istehsal xətləri yeraltı tunellərdə yerləşir. Bu, bahalı və həssas avadanlıqları hava zərbələrindən qorumağa xidmət edir. Hazır hissələrin yığılması və yoxlanılması isə keçən ay Kim Çen Inın səfəri zamanı nümayiş etdirildiyi kimi, yerüstü binalarda həyata keçirilir.
Kompleksdəki bəzi tikililər torpaq bəndləri ilə əhatə olunub. Bu bəndlər mümkün partlayışların ətrafdakı obyektlərə təsirini azaltmaq məqsədi daşıyır.
Yeni binanın hansı məqsədlə tikildiyi dəqiq məlum olmasa da, onun torpaq altında gizlədilməsi və kompleksin ucqar hissəsində yerləşdirilməsi adi torpaq bəndlərindən daha yüksək təhlükəsizlik tədbirlərinin görüldüyünü göstərir. Binanın torpaq altında gizlədilməsi onu hava hücumlarından müəyyən dərəcədə qorusa da, bu müdafiə dağın içində qazılmış tam yeraltı obyektlə müqayisədə daha zəif hesab olunur.
Şimali Koreya son illərdə nüvə proqramı ilə əlaqəli olduğu ehtimal edilən “Haqap” obyektində də oxşar “cut-and-cover” (qazılıb üstü örtülən) tikinti üsulundan istifadə edib.
Bundan əlavə, “Sonqqan” və “Kuson” kimi həssas hərbi obyektlərdə tunel tikintisi hələ də aktiv şəkildə davam etdirilir.
Bununla yanaşı, zavod ərazisində daha bir iri tikinti layihəsinin ötən ilin sonundan etibarən dayandığı müşahidə olunur.
2025-ci ilin avqustunda kompleksin qərb hissəsində, yeraltı raket istehsal tunellərinin girişlərinin qarşısında uzunluğu ən azı 330 metr, eni isə 50 metr olan iri binanın tikintisinə başlanılmışdı. Lakin layihə təxminən noyabr ayında dayandırılıb. Tikinti üçün üç mövcud bina sökülmüşdü.
Hazırda binanın şimal və qərb hissələrində kiçik otaqların divarları inşa edilib, qalan hissələrdə isə yalnız təməllər qazılıb. Layihənin mərkəzində geniş açıq sahənin nəzərdə tutulması onun raketlərin yığılması və ya yoxlanılması üçün daha bir istehsal obyekti olacağını göstərir.
Bu obyektin gələcəkdə tamamlanması Şimali Koreyanın Ukraynadakı müharibə üçün raket istehsalını artırmaq, ixrac nəticəsində azalan öz ehtiyatlarını bərpa etmək və hətta digər ölkələrə raket ixracını genişləndirmək planlarının göstəricisi ola bilər.








