“Şıxlı” buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb

“Şıxlı” buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev tərəfindən “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində xidməti fəaliyyətin təşkili vəziyyəti yoxlanılıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, son müddət ərzində dövlət sərhədindən buraxılış məntəqələrinin xidməti fəaliyyətində nəzərə çarpan yeniliklərin səmərəliyi barədə vətəndaşların fikirləri öyrənilib, təklif və müraciətləri dinlənilib.

DSX-nin və DGK-nin rəhbərləri şəxslərin və nəqliyyat vasitələrinin sərhəd və gömrük rəsmiləşdirilməsində şəxsən iştirak edərək bu prosedurların vaxtının maksimal dərəcədə azaldılması və dövlət sərhədinin daha rahat keçilməsi üzrə mümkün tədbirlər barədə fikir mübadiləsi aparıb, vətəndaşların və nəqliyyat vasitələrinin dövlət sərhədindən daha sürətli keçidinin təmin edilməsi məqsədilə rejim zonasının daxilində infrastrukturun daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar veriblər.

Səfər çərçivəsində general-polkovnik Elçin Quliyev və gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Sərhəd və gömrük təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı dövlət sərhədindən keçən şəxslərin yoxlanılmasına mümkün qədər az vaxt sərf edilməsinin üsul və metodları haqqında geniş fikir mübadiləsi aparılıb.

“Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, DSX-nin və DGK-nin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilib və vəzifəli şəxslərin məruzələri dinlənilib.

 

 

CATEGORIES
TAGS