Xəbərlər

Slovakiya zirehli texnika parkını tamamilə yeniləməyi hədəfləyir

Slovakiya Müdafiə Nazirliyi artıq uzun müddət istifadə edilən və öz resurslarını başa vurmuş texnikaları tamamilə yeniləməkdən ötrü 164 ədəd yeni zirehli maşın və 49 ədəd tank almaq istəyir.

Bu barədə “Poliqon” “Army Recognition” portalına istinadən məlumat verib.

Hazırda Slovakiya Ordusunun zirehli texnika parkı 239 ədəd BMP-1 və BMP-2 piyadanın döyüş maşınlarını, eləcə də 30 ədəd T-72M tankını əhatə edir.

Məlumatda Slovakiya Müdafiə Nazirliyinin ilk növbədə 148 ədəd BMP-1 və 91 ədəd BMP-2 piyadanın döyüş maşınlarını əvəzləməyə çalışdığı qeyd olunur.

Bu sovet istehsalı zirehli texnikaları əvəz etməkdən ötrü Qərb istehsalı olan ümumilikdə 164 ədəd tırtıllı zirehli texnikanın, xüsusən də “klassik” piyadaların döyüş maşınlarının, idarəetmə və kəşfiyyat zirehli maşınlarının, mühəndis maşınlarının alınması planlaşdırılır.

Məlumdur ki, 2021-ci ilin martında Almaniyanın “Rheinmetall” konserni artıq KF41 “Lynx” piyadanın döyüş maşınının Slovakiya ordusunun yüksək rütbəli hərbçiləri üçün nümayişini keçirmişdir.

Slovakiyanın ordu rəhbərliyi 30 ədəd T-72M tankının əvəzinə isə, birincisi nümunəsi 2023-cü ildə təhvil verilməli olan və adı hələlik açıqlanmayan 49 ədəd Qərb istehsalı əsas döyüş tankının alınmasını nəzərdə tutur.

Əhəd Əzizov

Poliqon.az

Back to top button