“Sprut-SDM1” özüyeriyən top yeni atəşi idarəetmə sistemi ilə təchiz edilib
“Sprut-SDM1” özüyeriyən tank əleyhinə top yeni atəşi idarəetmə sistemi ilə təchiz edilib.
“Poliqon” xəbər verir ki, “Sprut-SDM1” özüyeriyən tank əleyhinə topun yeni versiyası baza modelindən əsaslı şəkildə fərqlənir. “Kurqanmaşzavod” Publik Səhmdar Cəmiyyətinin elmi-tədqiqat şöbəsinin rəhbəri Sergey Kotelevskinin “Voyennaya priyomka” (“Hərbi qəbul”) proqramında söylədiyi kimi, özüyeriyən top ən son atəşi idarəetmə sistemi ilə təchiz edilib.
Yeni atəşi idarəetmə sistemi təkcə komanda maşınının hədəf təyinatına əsasən atəş açmağa deyil, həm də tuşlayıcının görmədiyi hədəfi avtomatik nişan almağa imkan verir. Bundan başqa, BMD-4 desantın döyüş maşınının bazasında qurulan “Sprut-SDM1” artilleriya sistemi yeni güc qurğusu, şassi məlumat-idarəetmə sistemi, yeni nişangah kompleksi və ən müasir proqram-texniki təminatla təchiz edilib. Həmçinin, “Sprut-SDM1” əlavə məsafədən idarə olunan pulemyot qurğusu ilə dəstləşdirilib.
Təkmilləşdirilmiş “Sprut-SDM1” döyüş maşınının Rusiya Müdafiə Nazirliyi tərəfindən keçirilən dövlət sınaqlarının cari ildə tamamlanması planlaşdırılır. “Sprut-SDM1” döyüş maşınının prototipləri dəniz və yüksək dağ şəraitində, müxtəlif iqlim zonalarında, o cümlədən havanın -40…+40 °C temperaturunda sınaqlardan keçirilir. Keçirilmiş sınaqlar zamanı maşının daxil edilmiş bütün xüsusiyyətləri təsdiqlədiyi vurğulanır.
Bu arada qeyd etmək yerinə düşər ki, “Rostex” Dövlət Korporasiyasının “Vısokotoçnıye kompleksı” Elmi-İstehsalat Birliyi” tərəfindən təkmilləşdirilmiş “Sprut-SDM1” özüyeriyən tank əleyhinə top BƏƏ-də keçirilən “İDEX-2021” sərgisində nümayiş etdirilib.
Xatırlatmaq lazımdır ki, “Sprut-SDM1” özüyeriyən tank əleyhinə topun dövlət sınaqları 2020-ci ilin avqustunda başlayıb. Əvvəllər bildirilmişdi ki, Müdafiə Nazirliyi “Sprut-SDM1” özüyeriyən tank əleyhinə topun və ya Hava-Desant Qoşunları üçün yüngül tankın (onu belə də adlandırırlar) silahlanmaya qəbul edilməsi barədə qərar qəbul edib və artıq onun komandirlərinin hazırlığı həyata keçirilir.
Qeyd etmək lazımdır ki, “Sprut-SDM1” döyüş maşını 125 mm-lik 2A75 topu, onunla qoşalaşdırılmış 7,62 mm-lik PKTM pulemyotu və məsafədən idarə olunan modula quraşdırılmış 7,62 mm-lik PKTM pulemyotu ilə silahlandırılıb. Amfibiya tipli döyüş maşınının hədəfi məhvetmə məsafəsi 5 kilometrə qədərdir. “Sprut-SDM1” döyüş maşını təkcə quruda deyil, suda da atəş açmaq qabiliyyətinə malikdir. “Rostex” Dövlət Korporasiyasının silah kompleksinin sənaye direktoru Bekxan Ozdoyevin sözlərinə görə, yüngül tankın və zirehli döyüş maşınlarının keyfiyyətlərini özündə birləşdirən “Sprut-SDM1” atəş gücünə görə T-90MS tankından geri qalmır.
500 at gücündə UTD-29 dizel mühərriki ilə təchiz edilən maşının sürəti quruda 70 km/saat, suda isə 10 km/saata təşkil edir. Heyəti üç nəfərdən ibarətdir.
“Sprut-SDM1” döyüş maşını bölmələrin atəşlə dəstəklənməsi, düşmənin zirehli texnikası ilə mübarizə, dayaq məntəqələrini və müdafiə qurğularını məhv etmək, döyüş kəşfiyyatı və döyüş mühafizəsi aparmaq üçün təyin edilib.
Əhəd Əzizov