
STM şirkətinin müasir döyüş meydanının tələblərinə uyğun olaraq hazırladığı ALKAN FPV dronu qəbul sınaqlarını uğurla başa vuraraq Türkiyə təhlükəsizlik qüvvələrinin silahlanmasına daxil edilib.
STM-dən “Poliqon”a verilən məlumata görə, taktiki pilotsuz uçuş aparatları (PUA) sahəsindəki təcrübəsini FPV texnologiyalarına daşıyan şirkət, bununla ALKAN FPV-nin ilk tədarükünü həyata keçirmiş olub.
Bildirilib ki, müxtəlif sayda ALKAN FPV dronu qəbul prosedurlarından sonra Türkiyənin təhlükəsizlik qüvvələrinə təhvil verilib.
STM-in baş direktoru Özgür Güleryüz şirkətin avtonom sistemlər sahəsindəki qabaqcıl mövqeyinə diqqət çəkib: “İndiyədək hazırladığımız KARGU, BOYGA, TOGAN və ALPAGU kimi milli sistemləri təhlükəsizlik qüvvələrimizin silahlanmasına daxil etmiş, 4 fərqli qitədə 15-dən çox ölkəyə ixrac etmişik. Sahədə əldə etdiyimiz təcrübəni və avtonom sistemlər sahəsindəki mühəndislik biliklərimizi FPV texnologiyalarına daşıdıq. Bu sahədə ilk məhsulumuz olan STM ALKAN FPV-ni qəbul sınaqlarından sonra təhlükəsizlik qüvvələrimizin silahlanmasına daxil etdik”.
Onun sözlərinə görə, ALKAN FPV-ni standart FPV sistemlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri STM-in hərbi standartlara uyğun hazırladığı yüksək səviyyəli təhlükəsizliyə malik alışdırıcı qurğudur. Bu, dronun daşınmasından tutmuş tapşırığın icrasına qədər təhlükəsiz istifadəsini təmin edir.
“Bununla yanaşı, STM-in avtonomluq və təsvir emalı imkanlarını ALKAN FPV-yə inteqrasiya edərək operatorun hədəfi işarələməsindən sonra avtonom terminal dalışı və yüksək dəqiqlikli zərbə endirə bilən sistem yaratdıq. Beləliklə, operatordan asılılığı azaldır, zərbənin dəqiqliyini və tapşırığın effektivliyini artırırıq.
Qarşıdakı dövrdə FPV sistemimizin yeni tədarüklərini davam etdirəcəyik. Təhlükəsizlik qüvvələrimizi innovativ və milli sistemlərlə gücləndirməyə, sahədəki ehtiyaclara yüksək texnologiyalı həllər təqdim etməyə davam edəcəyik”, – deyə baş direktor vurğulayıb.
Qeyd edək ki, əvvəllər KARGU FPV adı ilə təqdim edilən bu məhsulun adı ALKAN FPV olaraq dəyişdirilib. Asimmetrik müharibə şəraitindəki dinamik təhdidlərə qarşı effektiv həll təqdim edən ALKAN FPV operator tərəfindən idarə olunan real vaxt görüntü sistemi ilə fəaliyyət göstərir.
Canlı qüvvə əleyhinə və ya zirehdələn döyüş başlığı ilə təchiz edilə bilən ALKAN FPV yüksək manevr qabiliyyəti, gecə-gündüz əməliyyat aparmaq imkanı və kiçik radar əks etdirmə səthi sayəsində sabit və hərəkət edən hədəflərə qarşı yüksək dəqiqlikli zərbələr endirə bilir.
MIL-STD-331 standartlarına uyğun hazırlanmış yüksək səviyyəli hərbi təhlükəsizliyə malik alışdırıcı qurğu tapşırığın icrası və daşınma zamanı yüksək təhlükəsizlik təmin edir. Yaxınlıq alışdırıcısının sensoru isə əvvəlcədən təyin edilmiş məsafədə avtomatik partlayışa imkan verir. Təsvir emalına əsaslanan avtonom terminal dalışı qabiliyyəti operator tərəfindən işarələnmiş hədəfə dəqiq zərbə endirilməsini təmin edir.
Dron 10 km əməliyyat radiusuna və saatda 140 km maksimal sürətə malikdir. 500 metr əməliyyat hündürlüyünə qalxa bilən PUA-nın dəniz səviyyəsindən maksimal uçuş hündürlüyü 5500 metrdir. Kamikadze konfiqurasiyasında 20 dəqiqədən çox, döyüş başlığı və alışdırıcı qurğu olmayan müşahidə konfiqurasiyasında isə 44 dəqiqəyədək havada qala bilir.
ALKAN FPV radio tezlikli (RF) rabitə ilə yanaşı, fiber-optik kabel vasitəsilə də idarə oluna bilir. Fiber-optik rabitə imkanları sayəsində elektromaqnit maneələrdən təsirlənmədən tapşırığını yerinə yetirə bilən sistem GPS və ya RF siqnallarından asılı olmadan təhlükəsiz uçuş və hədəfləmə həyata keçirə bilir.
ALKAN FPV STM-in taktiki PUA ailəsinin döyüş şəraitində özünü təsdiqləmiş üzvü və Türkiyənin ilk milli zərbə PUA-sı olan KARGU ilə eyni döyüş başlığı və alışdırıcı qurğu sistemindən istifadə edir. Bu sayədə döyüş başlıqları heç bir dəyişikliyə ehtiyac olmadan həm KARGU, həm də ALKAN FPV sistemlərində istifadə edilə bilər. Bu ortaq struktur silahlanmada mövcud olan KARGU döyüş başlıqlarının FPV konsepsiyası çərçivəsində də tətbiqinə imkan yaradır.







