QuruXəbərlər

STM-in DAR sistemi Venesueladakı xilasetmə əməliyyatlarında istifadə olunur

Türkiyənin STM şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanan “Divar Arxası Radar” (DAR) sistemi özünü beynəlxalq arenada təsdiqləyir.

STM-dən “Poliqon”a verilən məlumata görə, Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra bölgəyə göndərilən Türkiyə Silahlı Qüvvələrinin Humanitar Yardım Briqada Komandanlığına bağlı Təbii Fəlakət Axtarış-Xilasetmə qrupları fəlakət zonasında axtarış-xilasetmə əməliyyatlarında STM DAR texnologiyasından fəal şəkildə istifadə edir.

Türkiyədə 2023-cü ildə baş verən Kahramanmaraş mərkəzli zəlzələlər zamanı yüksək nəticələr göstərən bu sistem, Venesueladakı kritik tapşırıqla ilk xarici və beynəlxalq əməliyyat missiyasını həyata keçirir.

Xatırladaq ki, Kahramanmaraş mərkəzli 6 fevral zəlzələləri zamanı axtarış və xilasetmə işlərində aktiv istifadə olunan DAR sistemi, dağıntılar altında qalan 50-dən çox insanın yerini müəyyənləşdirərək onların sağ xilas edilməsinə kömək edib. Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Polis Baş İdarəsinin inventarında yer alan DAR sistemi, həmçinin Denizli Böyükşəhər Bələdiyyəsinin Yanğınsöndürmə İdarəsində və Ərzincan Vilayət Xüsusi İdarəsində də istifadə olunur.

DAR sistemi ultra genişzolaqlı siqnallar vasitəsilə vizual müşahidənin mümkün olmadığı qapalı məkanlarda yerləşən sabit və hərəkətli hədəflərin mövqeyini ikiölçülü formatda müəyyən etmək üçün istifadə olunur. Girovların xilas edilməsi, terrorla mübarizə və daxili təhlükəsizlik əməliyyatları kimi hərbi ssenarilərdə istifadə oluna bilən DAR, zəlzələ, qar uçqunu və yanğın kimi müxtəlif fəlakətlərdən sonrakı axtarış-xilasetmə fəaliyyətlərində, həmçinin insan alveri və qeyri-qanuni miqrasiya ilə mübarizə kimi mülki sahələrdə də fəal istifadə edilir.

Sistem dağıntılar altında qalan insanların nəfəsalma zamanı sinə, əl-qol hərəkətləri, eləcə də mikro və makro hərəkətlərini müəyyən edərək onların yerini aşkarlaya bilir. Təxminən 6,5 kq ağırlığa malik olan DAR yaydığı RF siqnalları vasitəsilə divarın və ya maneənin arxasında canlı olub-olmadığını cihaz üzərində real vaxt rejimində göstərir, o cümlədən həmin şəxsin neçə metr dərinlikdə və harada olduğunu müəyyənləşdirir.

Bir nəfər tərəfindən əldə istifadə edilə biləcək şəkildə hazırlanan bu sistem, tripod və oxşar avadanlıqlar vasitəsilə hədəf bölgəyə yerləşdirilərək planşet kompüterlə uzaqdan idarə oluna bilir. DAR malik olduğu batareya texnologiyası sayəsində 4 saatdan artıq fasiləsiz fəaliyyət göstərə bilir.

Back to top button