STM-in “Kargu” PUA-sı DTX-nin arsenalına qəbul edilib

STM-in “Kargu” PUA-sı DTX-nin arsenalına qəbul edilib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi təyinatlı dəstəsi Türkiyənin STM şirkəti tərəfindən istehsal olunan “Kargu” kamikadze pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.

“Poliqon” xəbər verir ki, “Kargu” kamikadze PUA Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə, silahlara, avadanlıqlara, dron cihazlarına xüsusi təyinatlı avtomobillərə baxış keçirən zaman Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

STM istehsalı olan “Kargu” PUA gündüz/gecə kəşfiyyatı və hücum əməliyyatları üçün nəzərdə tutulub. O, müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir. İstehsal prosesində təkmilləşdirilən “Kargu” PUA verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb.

Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli “Kargu” PUA məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməyə imkan verir.

“Kargu” PUA bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir. Beləliklə ya hədəfə taran etməklə, ya da müəyyən məsafədə özünü partlatma üsulu ilə hədəfi zərərsizləşdirir.

Vertikal qalxma və enmə (VTOL) xüsusiyyətinə sahib olan “Kargu” PUA 5-10 kilometr mənzilə, 30 dəqiqə havada qalmaq bacarığına malikdir. Çəkisi 6285 qram, sürəti 72 km/saat olan “Kargu” maksimum 1000 metr yüksəkliyə qalxa və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir.

“Kargu”nun digər özəlliyi döyüş başlığının asanlıqla dəyişdirilə bilməsidir. “Kargu” üçün 3 fərqli növdə döyüş başlığı hazırlanıb. “Kargu” 600 qramdan 1.5 kiloqramadək müxtəlif döyüş başlığını (MKE MOD38, MKE termobarik, MKE MOD50 qəlpəli) daşıya bilir. MKE MOD38 minalarının daxilində hazır şəkildə 700 ədəd, MKE MOD50 başlığında isə 1600 ədəd qəlpə yerləşir. Sonuncu 50 metr radiusda canlı qüvvəni sıradan çıxarır.

Operator kiçik idarəetmə kompüteri üzərindən PUA-nın hədəf üzərində artlama məsafəsini seçə və işə sala, hədəfi dəyişə, hücum prosesində komandadan imtina edərək, PUA-nı geri çağıra, yaxud digər hədəfə yönləndirə bilir. Kamikadze dron hədəfin təyin olunması, hücumun edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malikdir. Sürü halında 20-dən çox dronun eyni vaxtda tətbiqi mümkündür.

Qeyd edək ki, “Kargu” pilotsuz uçuş aparatları DTX ilə yanaşı, Azərbaycan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin silahlanmasında da yer alır.

1582895637 kargu 4

CATEGORIES
TAGS