Türkiyənin milli gücü: Otokar COBRA transportyorları

Türkiyənin milli gücü: Otokar COBRA transportyorları

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan “Otokar” zirehli hərbi texnikaların istehsalı və ixracı sahəsində liderlik edir. Hazırda şirkətin 30 minə yaxın zirehli texnikası Türkiyə ilə yanaşı, 35-dən artıq ölkənin silahlı qüvvələri və təhlükəsizlik qurumlarında istifadə olunur. Öz sinfində dünyanın qabaqcıl maşınları arasında yer alan “Otokar” zirehli maşınları hərəkət imkanları, qoruma səviyyəsi və sağ qalma qabiliyyəti ilə diqqət çəkir. “Otokar” şirkətinin, bu yazıda bəhs edəcəyimiz 4×4 təkər formullu “Cobra” zirehli nəqliyyat vasitəsi kifayət qədər populyarlıq qazanıb və müdafiə sənayesinin brendinə çevrilə bilib.

Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik strukturları tərəfindən istifadə olunaraq, istifadəçilərin rəyi əsasında zaman-zaman təkmilləşdirilən 4×4 “Cobra” zirehli maşınları müasirləşdirməyə açıq arxitekturaya malikdir. Bu da maşını müxtəlif tapşırıqlara uyğun konfiqurasiya etməyə, zirehini gücləndirməyə, müxtəlif silahlarla təchiz etməyə imkan verir. Türkiyə Ordusu və təhlükəsizlik qüvvələri tərəfindən 1997-ci ildən bu yana həyata keçirilən döyüş və antiterror əməliyyatları “Cobra”ların təkamülündə əhəmiyyətli rol oynayıb. Bu əməliyyatların nəticələrinin təhlilləri əsasında zirehli maşının çatışmazlıqları öyrənilərək aradan qaldırılması, xüsusilə də mühafizə səviyyəsinin yüksəldilməsi, partlayışlarda zirehli maşının aşmasının aradan qaldırılması kimi yeniliklər tətbiq olunub.

“Otokar” rəsmilərinin sözlərinə görə, şirkətin araşdırma və inkişafa (Ar-Ge) məsul qurumunun mütəxəssisləri hərbçilərlə birlikdə əməliyyatların nəticələrini təhlil edir və “Cobra” da daxil olmaqla, istifadədə olan zirehli maşınların texniki-taktiki göstəricilərinin yaxşılaşdırılması ilə bağlı addımlar atır.

“Cobra”lar yüksək qoruma təmin edir

“Cobra”nın kiçik ölçülü akustik və termal izi onun düşmən tərəfindən təsbit edilməsini çətinləşdirir. Zirehli maşının monoblok gövdəsi və ikiqat korpusu minaya, əldəqayırma partlayıcılara və güllələrə qarşı qoruma təmin edir. Şirkət mütəxəssislərinin sözlərinə görə, dizayn prosesində zirehli maşının gövdə altında minalara və yanlarda əldəqayırma partlayıcılara qarşı müdafiəsi diqqətə alınıb. Maşının döşəməsi heyəti piyada və tank əleyhinə minaların partlayışından mühafizə edir. Heyətin partlayış təsirindən xəsarət almasını minimallaşdırmaq məqsədi ilə “Cobra”larda partlayışın şokunu udan oturacaqlar tətbiq olunub. Maşının polad zirehindən əlavə olaraq, heyət bölməsinin döşəməsi minanın təsirini udan kompozit materiallardan ibarət ikinci zireh qatı ilə gücləndirilib. Testlər, eləcə də real döyüş zamanı dəfələrlə sınanan “Cobra”nın gövdə dizaynı və yan divarın bucaqları balistik qorumanı daha da yüksəldərək, zirehdələn güllələrə qarşı davamlılıq yaradır. Bu, həm də daha böyük çaplı güllələri yayındıraraq maşının daxilinə sirayət etməsinin qarşısını alır.

cobra 7 scaled

Texniki xüsusiyyətləri

“Cobra” 4×4 taktik təkərli maşının uzunluğu 5480 mm, eni 2240, hündürlüyü 2100 (qülləsiz), klirensi (yer səthindən hündürlüyü) 400 mm, kütləsi 6700 kiloqram təşkil edir. Maşın 190 at gücündə V8 tipli su soyutmalı turbodizel mühərrik və 4 pilləli avtomatik sürət qutusu ilə təchiz olunub. Yanacaq çəninin tutumu 155 litr, sürəti 100 km/saat, gediş ehtiyatı isə 600 kilometrdir. Zirehli vasitə 13 saniyədə sıfırdan 96 km/saata qədər sürətlənə bilir. “Cobra”nın fərqləndirən əsas xüsusiyyətlərdən biri də kiçik bir ərazidə – 7.86 metr radiusda dönə bilməsidir. Bu da zirehli maşına dağlıq ərazilərdə, həmçinin yaşayış məntəqələrinin ensiz küçə və yollarında manevr etmək imkanı qazandırır. Zirehli maşın run-flaat 37×12,50 R 16,5 lt təkərlər, helezon yaylı, hidravlik amortizatorlu asqı, 24 V elektrik sistemi, 12 V 120 Ah açılmayan akkumulyator, 28 V alternator ilə təchiz edilib.

Hər cür coğrafi şərtlərdə istifadəyə uyğun şəkildə dizayn edilmiş “Cobra” su hövzələrində 8 km/saat sürətlə üzməyi bacarır. Xüsusi dizaynı sayəsində NATO-nun müəyyən etdiyi “Dəniz durumu-2” şəraitində hərəkət etməyi bacaran “Cobra”nın amfibiya versiyası coystik nəzarəti ilə suda dayandığı yerdə dönə bilir. Maşında tətbiq edilmiş hibrid soyutma sistemi amfibiya əməliyyatlarında etibarlılığını daha da artırır.

“Otokar” yetkililərinin sözlərinə görə, “Cobra” ən çətin ərazi şərtlərində, ən təhlükəli tapşırıqlarda heç bir maşının təmin etmədiyi keçicilik qabiliyyətinə malikdir. Maşında müstəqil asqılar, avtomatik kilidlənən ön və arxa diferensiallar, təkərlərin təzyiqinin mərkəzləşmiş tənzimləmə sistemi tətbiq olunub. Bu da nəqliyyat vasitəsini istənilən ərazi şərtlərinə və yola daha yaxşı uyğunlaşdırmağa imkan verir.  “Cobra”ların geniş, tam açılan qapıları və tavandakı lyuklar heyətin maşına sürətli şəkildə minməsini və maşını tərk etməsini asanlaşdırır.

“Cobra”nın maksimum sürət 100 km/saat, üzmə sürəti 8 km/saat təşkil edir. Zirehli maşın 1000 mm su maneələrini, 40% yan əyilmə, 60% dik yamac, 400 mm dik əngəl keçmə, 800 mm xəndəkləri keçmək qabiliyyətinə malikdir.

Zirehli maşının bir neçə modifikasiyası mövcuddur

“Cobra”nın zirehli avtomobil, zirehli personal daşıyııcı, zirehli ambullans, zirehli kəşfiyyat maşını, zirehli komanda-nəzarət maşını, zirehli döyüş maşını, zirehli ön müşahidə maşını, zirehli silah platforması, zirehli KBRN maşını və MRAP versiyaları var.

“Cobra”lar 7.62 mm çaplı pulemyotlardan 20 mm çaplı toplaradək silahlandırılmış döyüş modulları, həmçinin avtomatik qumbaraatan, tank əleyhinə idarə olunan raket kompleksləri, hava hücumundan müdafiə sistemləri ilə silahlandırıla bilər. “Cobra”lar bir çox müştərilərə “Otokar” şirkətinin “Kəskin”, “Baş ok” və “Üç ok” döyüş modulları, habelə ASELSAN şirkətinin “Sarp” döyüş modulları ilə təklif olunub. Distans idarə edilən döyüç modulları ilə silahlandırılmış versiya gecə və gündüz şərtlərində sərhəd patrulu, yolların və vacib obyektlərin qorunması, döyüş meydanında bölmələrə atəş dəstəyinin təmin olunması kimi bir çox məsələlər üçün nəzərdə tutulur. Azərbaycan və Qazaxıstanın istifadəsində yer alan açıq qülləli “Cobra”lar isə 7.62 mm çaplı PKT, 12.7 mm çaplı DŞK və ya NSVP iriçaplı pulemyotlarla, bəzilər isə “Skif” tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılıb.

otokar Cobra Cobra II Cobra II MRAP 1536x864 1

Kəşfiyyat və ön müşahidə versiyalarında isə zirehli maşın sifarişçinin istəyinə bağlı olaraq, müxtəlif şirkətlərin istehsalı olan elektro-optik müşahidə sistemləri və radarlarla təchiz edilir. “Cobra”nın kəşfiyyat-nəzarət maşınları döyüş bölgəsində, yaxud sərhəd ərazilərdə hədəflərin aşkarlanması, toplanan informasiyaların komanda-kontrol bölmələrinə ötürülməsi üçün zəruri olan bütün avadanlıqlara sahibdir. Türkiyə Silahlı Qüvvələrində bu konfiqurasiyalı “Cobra”lar daha çox ASELSAN şirkətinin istehsalı olan, teleskopik dirək üzərində yerləşdirilmiş elektro-optik müşahidə nəzarət sistemləri, həmçinin “Acar” radarı ilə təchiz edilib. ASELSAN şirkəti tərəfindən istehsal edilən “Sərhəd” (“Serhat”) minaatan təsbit radarları Türkiyə Silahlı Qüvvələrinə “Cobra” və daha güclü şassiyə malik “Cobra II” bazasında təklif olunur.

Ambulans versiya isə yaralıların nəqli üçün gərəkli olan bütün tibbi avadanlıqlarla, hazırda Sloveniya Ordusunun silahlanmasına daxil olan “Cobra”nın CBRN versiyası isə 5 km məsafədən radioloji, kimyəvi və bioloji çirklənməni aşkarlamağa, analiz üçün nümunələr götürməyə imkan verən müasir CBRN avadanlıqları ilə təchiz edilib.

Dünyanın müxtəlif qitələrində, bir çoxu NATO dövləti olmaqla onlarla dövlətin ordu və güc strukturlarının silahlanmasına daxil olan “Cobra”lar – 40° C temperaturda Qazaxıstan çöllərindən tropik Afrika regionlarına, +50° C və yuxarı isti ərəb yarımadasına qədər fərqli, çətin iqlim və relyef şərtlərində aktiv istifadə olunmaqdadır.

“Cobra”lar döyüş əməliyyatlarında

İlk başda Türkiyənin güc strukturları tərəfindən dağlıq şərq rayonlarında antiterror əməliyyatlarında geniş istifadə edilərək praktik döyüş sınaqlarından çıxarılmış “Cobra”lar sonrakı illərdə Əfqanıstan və Kosovada sühyaratma, Nigeriya və Burkina-Fasoda antiterror əməliyyatlarında, 2008-ci ildə ilk dəfə Rusiya-Gürcüstan müharibəsində açıq döyüşlərdə, 2017-2019-cu illərdə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında reallaşdırdığı “Fərat Qalxanı” və “Zeytun Budağı” (Zeytin Dalı) əməliyyatlarında, son olaraq 2020-ci ildə Azərbaycan-Ermənistan müharibəsində istifadə olunub. Təbii ki, bu əməliyyatlarda itkilərin də yaşanmasına baxmayaraq, “Cobra” zirehli maşınları heyətin mühafizəsi, yüksək manevr qabiliyyəti və digər performanslarına görə özünü müsbət mənada doğruldub.

“Cobra” ixracı genişlənir

2005-ci ildən “Cobra” istifadəçiləri sırasına postsovet dövlətləri də qoşulmağa başlayıb və regionda bu zirehli maşınların ilk istifadəçisi Gürcüstan olub. 2008-ci ilin avqust ayında Rusiya ilə yaşanmış müharibədə Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlılarının silahlanmasında yer alan “Cobra”lardan istifadə etdiyinə dair məlumatlar mövcuddur. Rusiya Müdafiə Nazirliyinin Zirehli Texnikaların Elmi-Təqdiqi və Sınaq Mərkəzində saxlanılan, 2008-ci ilin avqust müharibəsində sıradan çıxarılmış Gürcüstan Daxili İşlər Nazirliyinə məxsus 307 nömrəli “Cobra”nın fotolarından göründüyü qədər maşın korpusun yan hissələrində 7.62 mm çaplı zirehdələn güllələrə qarşı qorumanı təmin edə bilib. Lakin 12.7 mm çaplı (hansı məsafədən və hansı növ silahdan atıldığı açıqlanmayan-red) zirehdələn güllələrdən biri maşının korpusunu dəlməyi bacarıb. Rusiyalı ekspertlərin mediada yer alan açıqlamalarından məlum olduğu qədər “Cobra”nın korpusuna 35-dən artıq güllə dəyməsinə baxmayaraq mühərrik bölməsi zərər görməyib. Maşının xarici zirehini dələn 7.62 mm çaplı zirehdələn güllələr ikinci qatda ilişərək nə mühərrik bölməsinə, nə də salona keçməmişdir.

SERHAT2 1

2011-ci ildə “Cobra”nın istifadəçiləri sırasına Azərbaycan, sonrakı illərdə isə Qazaxıstan və Türkmənistan qoşulub. Hazırda Azərbaycan Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Fövqəladə Hallar Nazirliyi, Qazaxıstanın və Türkmənistanın xüsusi təyinatlı qüvvələri, Milli Qvardiyası bu zirehli maşınların operatorlarıdır. “Cobra” zirehli transportyorları 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarında, müxtəlif ərazi şərtlərində istifadə olunmaqla praktiki sınaqdan keçib və özünün etibarlığını real döyüşlərdə sübuta yetirib. Vətən müharibəsində “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən qoruyaraq yüksək performans nümayiş etdirib.

“Cobra II” transportyoru

“Otokar”ın mövcud 4×4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013-cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki-taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 10 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin ərazi və iqlim şərtlərində üstün performans təmin edir.

Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə malik modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliyyatlarından sülhyaratma missiyalarınadək çox sayda tapşırıqlarda yer ala bilir.

“Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsini personal daşıyıcı, silah platforması, CBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda-nəzarət və s. konfiqurasiyalarda təklif edir. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. 2015-ci ildə körfəz ölkələrindən birində isti iqlim və amfibiya testlərinə cəlb olunan maşın minlərlə kilometr yol qət edərək, açıq dənizdə üzmə testlərini uğurla tamamlayıb.

“Cobra II” ixracı

Hazırda müxtəlif dövlətlərə ixracı istiqamətində işlər aparılan “Cobra II” Türkiyənin ordu və təhlükəsizlik qüvvələri ilə yanaşı bir sıra ölkələrin orduları tərəfindən istifadə edilməkdədir. Qərbi Afrika ölkəsi olan Qana, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Türkiyənin “Otokar” şirkətindən satın aldığı 40 ədəd “Cobra II” təkərli taktik zirehli avtomobilləri ictimaiyyətə nümayiş etdirib. Qana Silahlı Qüvvələrinin və Qana Müdafiə Nazirliyinin Baş Qərargahında (Burma Düşərgəsi) 31 mart 2021-ci il tarixində düzənlənən təqdimat mərasimində Qana Prezidenti Nana Addo Dankva Akufo-Addo da iştirak edib. Mərasimdəki çıxışı zamanı dövlət başçısı qeyd edib ki, “Cobra II” zirehli avtomobilləri hərbi standartlara görə çox güclü və çox məqsədli zirehli nəqliyyat vasitələridir: “Bu, hazırda ortaya çıxan təhlükəsizlik təhdidlərini daha yaxşı idarə etməyimizə kömək edəcək. Həm qərb, həm də şərq sərhədlərimizi qorumağımıza imkan verəcək”.

Azərbaycan “Cobra II” zirehli maşınları alıb

cobra ii

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları Türkiyənin “Otokar” şirkətindən “Cobra II” zirehli transportyorları alıb. Daxili Qoşunların inventarına yeni qəbul edilən “Cobra II” zirehli transportyorları 2022-ci il fevral ayının 13-də Prezident İlham Əliyevin Daxili Qoşunların Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı zamanı ilk dəfə nümayiş etdirilib.

“Coba II” zirehli maşının uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm, çəkisi 13500 kiloqram, sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edir. Maşının amfibiya versiyası isə uzunluğu 6000 mm, eni 2700 mm, hündürlüyü 2300 mm, klirensi 500 millimetrdir. Altı silindirli, 360 at gücündə “Cummins” dizel mühərriklə təchiz olunmuş maşının yanacaq çəni 200 litr tutur. Maşın təkərlərin təzyiqinin avtomatik tənzimlənməsi sistemi, run-flat təkərlər, avtomatik yanğınsöndürmə, ABS əyləc, mina partlayışının təsirini azaldan oturacaqlarla təchiz edilir.

Kataloq məlumatlarında “Cobra II”nin 400 mm hündürlüyündə dik maneələri, 900 mm enində xəndəkləri və yarğanları dəf etdiyi, 30 dərəcə bucaq altında yana maili, 60 dərəcə bucaq altında yüksəkliyə qalxa bildiyi qeyd olunub. “Coba II” zirehli maşının üzmə sürəti 8 km/saat təşkil edir.

“Cobra II” fərqli konfiqurasiyalarda

Otokar COBRA II Ambulans Gorsel1 Otokar COBRA II Ambulans Gorsel2“Otokar” şirkəti tərəfindən son illərdə “Cobra II” zirehli maşının bir neçə fərqli konfiqurasiyası təqdim edilib. İlk nümunəsi 2018-ci ilin may ayında “Efes-2018” sərgisində təqdim edilmiş “Cobra II” zirehli yük maşını “Cobra II” ilə eyni manevr imkanına sahib olsa da, 2500 kq yükdaşıma qabiliyyətinə sahibdir. Bu maşın yük daşınmasından başqa fərqli tapşırıqları da yerinə yetirir. Maşının üzərinə müstəlif çaplı atıcı silahların, minaatanların, habelə kiçik çaplı zenit toplarının qurulması mümkündür.

“Cobra II” zirehli yük maşının heyəti sürücü daxil 2 nəfər, maksimum sürəti 110 km/saat, gediş ehtiyatı isə 700 kilometrdir. Cari ilin may ayında İstanbulda keçirilmiş İDEF-2019 beynəlxalq müdafiə sərgisində isə “Otokar” ilk dəfə “Cobra II” zirehli nəqliyyat vasitəsinin ambulans konfiqurasiyasını təqdim edib. Özünün yüksək balistik mühafizəsi və minaya qarşı qoruması ilə fərqlənən zirehli maşın yüksək təhlükəli ərazilərdə, cəbhənin dərinliyində yaralılara gərəkli olan bütün müdaxilələri yerinə yetirmək qabiliyyətindədir. Bunun “Cobra II” bütün zəruri avadanlıqlarla təchiz olunub. Qeyd edək ki, ambulans versiyada “Cobra II”nin hündürlüyü və genişliyi artırılaraq daxili həcmi böyüdülüb. Arxa qapı təcili yardım istifadəsi üçün xüsusi rampa formasına salınıb. “Cobra II” ambulansın sürücü, komandir, tibb heyətindən başqa 2 oturulu və 1 uzanılmış, yaxud da 2 uzanıqlı yaralı daşıya bilən iki konfiqurasiyası mövcuddur.

Yüksək qoruma səviyyəsi, manevr imkanları, modulyarlığı, bir platformanın müxtəlif tapşırıqlara uyğun konfiqurasiya olunması “Cobra II” üçün geniş imkanlar açır. Mütəxəssislərin fikrincə, məhz bu sadalanan qabiliyyətləri ilə orduların diqqətini çəkən “Cobra II” növbəti bir neçə onillikdə öz populyarlığını qoruyub saxlayacaq.

cobraII 3

“Cobra-II” MRAP

Zirehli maşınların yeni növlərinin yaradılması istiqamətində aktiv iş aparan “Otokar” şirkəti “Cobra-II” zirehli maşın ailəsinin minaya qarşı qorumalı nəqliyyat vasitəsi (MRAP) versiyasını hazırlayaraq bazara təqdim edib. “Cobra-II” MRAP ilk dəfə 2021-ci il 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş İDEX-2021 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Şirkət mütəxəssislərinin sözlərinə görə, “Cobra-II” MRAP-ın hazırlanmasında “Otokar” nəqliyyat vasitələri sahəsindəki 35 ilə yaxın təcrübə və məlumat bazasınından istifadə edib. Yeni nəsil “Cobra-II” MRAP yüksək ballistik müdafiə ilə yanaşı heyəti mina partlayışlarından qoruması ilə önə çıxır.

Şirkət bu nəqliyyat vasitəsinin digər MRAP-lardan fərqli olaraq daha yüksək manevr qabiliyyətinə malik olduğunu bildirib. MRAP çox sayda heyətin daşınması üçün dizayn edilib. “Cobra-II” MRAP riskli ərazilərdə heyətin etibarlı mühafizəsini təmin edir. Zirehli maşın heyəti ballistik təhdidlərdən, o cümlədən mina, əldəqayırma partlayıcı qurğu (ƏPQ) təhlükələrindən qoruyur. Habelə bunu edərkən “Cobra-II” zirehli maşını ilə oxşar manevr və komfort parametrlərini özündə saxlayır. Nəqliyyat vasitəsinin alt hissəsi mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunub. Bunun sayəsində MRAP istifadəçiyə modulyar qurluşu və istismar qabiliyyətini itirmədən mina partlayışından üstün mühafizə təmin edir.

“Cobra-II” MRAP-ın digər minaya qarşı qorumalı maşınlarla müqayisədə çəkisi də yüngüldür və müstəqil asqı sisteminə sahibdir. Bu isə ona sadəcə düz yollarda deyil, eləcə də çətin ərazilərdə üstün manevr və sürətli hərəkət imkanı verir. “Cobra-II” MRAP-ı analoqlarından fərqləndirən üstün xüsusiyyətlərindən biri də nisbətən daha kiçik siluetə sahib olduğu üçün çətin aşkarlanmasıdır. “Cobra-II” MRAP “Otokar”ın digər zirehli nəqliyyat vasitələri kimi modulyar quruluşa sahibdir. Bunun sayəsində MRAP müxtəlif tapşırıqlara uyğun platforma kimi istifadə oluna bilir və istifadəçiyə döyüş bölgəsində logistik üstünlük verir. MRAP-ın xüsusi dizaynı, yüksək etibarlıq, texniki xidmət asanlığı və güc paketi onun sahə şəraitində belə sürətli sökülməsinə/yığılmasına imkanı verir.

Otokar Cobra II MRAP

Modulyar dizayndan əlavə, sahib olduğu yüksək daşıma tutumu və daxili genişliyi “Cobra-II” MRAP-a fərqli silah sistemlərinin və xidmət avadanlıqlarının inteqrasiyasına şərait yaradır. Müxtəlif tərtib variantlarıyla 11 nəfərə qədər heyət daşıya bilən nəqliyyat vasitəsi, istifadəçinin istəklərinə görə, 3 və 5 qapılı olaraq konfiqurasiya edilə bilər. “Cobra II” MRAP-ın döyüş ağırlığı 18 ton, korpusunun uzunluğu 6350 mm, eni 2750 mm, hündürlüyü 2650 mm, klirensi 450 mm-dir. Avtomatik sürət qutusuna sahib zirehli texnika 360/375/400 at gücündə turbodizel mühərriklə təchiz edilir. NATO standartlarına uyğun 24 ekektron volt sistemi və partlamış halda hərəkət imkanı verən 14.00 R20 xüsusiyyətli təkərlə dəstləşdirilib. Diferensial kilid və müstəqil asqı sistemi çətin keçilən ərazilərdə “Cobra II” MRAP-a asanlıqla hərəkət etməyə şərait yaradır. Soldan idarəetməli hidrovlik dəstəkli, tənzimlənə bilən sükanla təchiz edilən zirehli nəqliyyat vasitəsini sağdan idarəetməli olaraq sifariş vermək mümkündür.

Maksimal sürəti 110 km/saat, gediş ehtiyatı 700 km təşkil edən “Cobra II” MRAP 1 metr dərinlikdə su maneələrini, 1 metr enində xəndəkləri, 0.6 metr hündürlüyündə dik maneələrini dəf edə bilir. Habelə 30% yana maili və 60% yüksək maili hərəkət qabiliyyətinə sahibdir. Zirehli nəqliyyat vasitəsi sifariş zamanı standart və istəyə uyğun seçim imkanı verir. “Cobra II” MRAP-ın standart baza versiyası mərkəzi təkər şişirtmə sistemi (CTİS), partlamış vəziyyətdə hərəkət etməyə imkan verən radyal təkərlər, ABS əyləc sistemi, sürücü və komandir üçün tənzimlənə bilən oturacaqlar, o cümlədən havalandırma sistemi və 5 nöqtəli tənzimlənən təhlükəsizlik kəməri ilə təchiz edilib. Arxa qapı təcili çıxış istifadəsi üçün xüsusi bir rampa formasına salınıb. Zirehli nəqliyyat vasitəsi atış mazğalları və müşahidə pəcərələri, sürücü görmə sistemi və sürücü ekran paneli, habelə avtomobil elektron sistemi (ARMATRONİCS), NATO tipli qaraltma sistemi, diaqnostika bacarığı, duman faraları, pənəcərə və faralarda qoruma qəfəsi, rabitə interfeysi ilə komplektləşdirilib.

“Cobra II” MRAP sifarişçinin istəyinə görə, özünü xilasetmə vinçi, ehtiyat təkər, mina dəsti, RPG qoruma dəsti, o cümlədən KBRN filtr sistemi, avtomatik yanğın söndürmə və partlayışla mübarizə sistemi (AFES) ilə təchiz edilə bilir. Bundan başqa soyuq iqlim dəsti, rabitə/daxili danşıq sistemi, duman minaatanı, köməkçi güc qrupu, məlumat qeyd sistemi (video və maşın məlumatı), 360 dərəcə ətrafı müşahidə sistemi, habelə komandir üçün ekran paneli və GPS/İNS ilə dəstləşdirilə bilər. PQ

Zaur Babaşov

POLİQON JURNALI

CATEGORIES
TAGS