DənizXəbərlər

STM tərəfindən Malayziya HDQ üçün inşa edilən üçüncü korvet suya buraxılıb – VİDEO

“LMS Batch-2” (LMSB2) proqramı çərçivəsində Türkiyənin STM şirkətinin baş podratçılığı ilə Malayziya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən TUNKU OSMAN JEWA adlı üçüncü korvet “İstanbul Denizcilik Tersanesi”ndə keçirilən mərasimlə suya buraxılıb.

STM-dən “Poliqon”a verilən məlumata görə, bu münasibətlə keçirilmiş mərasimdə hər iki ölkənin dövlət, hərbi və müdafiə sənayesi nümayəndələri iştirak ediblər.

Mərasimdə açılış nitqi ilə çıxış edən STM şirkətinin baş direktoru Özgür Güleryüz Türkiyə ilə Malayziya arasındakı strateji əməkdaşlığın ən konkret nümunələrindən birini uğurla həyata keçirdiklərini bildirib: “Türkiyə ilə Malayziya arasında imzalanan ilk dövlətlərarası müdafiə ticarəti sazişi və ölkəmizin Asiya-Sakit okean regionuna həyata keçirdiyi ilk korvet ixracı olan bu layihə çərçivəsində bu gün üçüncü və sonuncu gəmimiz TUNKU OSMAN JEWA-nı da suya endirməyin qürurunu yaşayırıq. Beləliklə, cəmi dörd ay ərzində üç korveti uğurla suya endirməklə layihəmizdə daha bir mühüm mərhələni geridə qoyduq. Suya endirmə mərhələsinin başa çatması ilə artıq təchizat, sistem inteqrasiyası, eləcə də liman və dəniz sınaqları mərhələsinə keçirik. Eyni qətiyyət və dəqiqliklə işlərimizi davam etdirərək, hər üç gəmini 2027-ci il ərzində Malayziya HDQ-yə təhvil verməyi hədəfləyirik”.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini Mustafa Murat Şeker çıxışında ölkəsinin hərbi gəmi ekosisteminə diqqət çəkib. Onun sözlərinə görə, illər ərzində göstərdiyi qətiyyət, investisiyalar və innovasiyalar sayəsində güclü və yetkin müdafiə sənayesi ekosistemi formalaşdıran Türkiyə bu gün öz döyüş gəmilərini müstəqil şəkildə layihələndirə, inşa edə və sistem inteqrasiyasını həyata keçirə bilən dünyadakı azsaylı ölkələrdən biridir: “STM şirkətinin baş podratçılığı ilə həyata keçirilən bu layihə çərçivəsində gəmilər ASELSAN, HAVELSAN və ROKETSAN başda olmaqla, təxminən 50 Türkiyə müdafiə sənayesi şirkəti tərəfindən hazırlanmış qabaqcıl texnologiyalı sistemlərlə təchiz edilir. İnşallah, gələn il təhvil verəcəyimiz üç korvet Malayziya Hərbi Dəniz Qüvvələrinə uzun illər uğurla xidmət edəcək. Eyni zamanda, onlar Türkiyə ilə Malayziya arasındakı güclü dostluğun və strateji tərəfdaşlığın daimi simvolları olacaq”

Mərasimdə çıxış edən Malayziya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Datuk Hacı Malek Razak bin Süleyman, Malayziyanın dəniz ölkəsi olduğuna və dənizlərin təhlükəsizlik baxımından strateji əhəmiyyətinə toxunub: “Bu korvetlər istismar müddəti sona yaxınlaşan gəmilərimizin mərhələli şəkildə yenilənməsinə töhfə verəcək və getdikcə daha mürəkkəb xarakter alan əməliyyat mühitində Malayziya Hərbi Dəniz Qüvvələrinin dənizlərimizi qorumaq imkanlarını gücləndirəcək. Bu proqramın sürətli şəkildə irəliləməsi Malayziya ilə Türkiyə arasındakı tərəfdaşlığın gücünü nümayiş etdirməklə yanaşı, müdafiə sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcək yeni imkanlara da işarə edir. STM şirkətinə, “İstanbul Denizcilik Tersanesi”nə, Malayziya Hərbi Dəniz Qüvvələrinin Layihə Qrupuna və layihədə çalışan bütün əməkdaşlara təşəkkür edirəm. Gəminin suya endirilməsi mühüm mərhələdir, lakin bu, səfərin sonu deyil. Bu dinamikanı davam etdirməli və bütün gəmiləri 2027-ci ilin sonuna qədər tədarük etməliyik”.

Layihə çərçivəsində inşa edilən gəmilər adlarını Malayziya tarixinin mühüm şəxsiyyətlərindən götürür. İlk gəmiyə Malayziya kralı Sultan İbrahimin 2015-ci ildə vəfat etmiş və “şahzadə-admiral” kimi tanınan oğlu “Tunku Laksamana Abdul Jalil”in adı verilib. Bu gün suya buraxılan ikinci gəmi isə XIX əsrdə Selangor idarəçiliyində və regional dəniz ticarətində mühüm rol oynamış tarixi şəxsiyyət “Raja Laut”un adını daşıyır.

Türkiyə Hərbi Dəniz Qüvvələri və Müdafiə Sənayesi Başqanlığının (SSB) rəhbərliyi ilə həyata keçirilən MİLGEM layihəsi sayəsində Türkiyə öz döyüş gəmisini layihələndirib istehsal edə bilən dünyanın 10 ölkəsindən birinə çevrilib. Bu gün SSB-nin ixrac strategiyası həm Türkiyə iqtisadiyyatına töhfə verir, həm də dost və qardaş ölkələrin müdafiə qabiliyyətlərinin inkişafına dəstək göstərir.

Bu çərçivədə Türkiyə ilə Malayziya arasında “Müdafiə Məhsullarının Tədarükünə dair Hökumətlərarası Anlaşma Memorandumu”nun imzalanması və Malayziya HDQ üçün “LMS Batch-2” layihəsinin Qəbul Məktubunun təqdim edilməsi mərasimi 10 iyun 2024-cü il tarixində Ankarada keçirilib. Gəmilərin polad kəsmə mərasimi 4 dekabr 2024-cü ildə, blok qoyma mərasimi isə 8 aprel 2025-ci ildə İstanbulda baş tutub. Cari ilin mayında layihənin ilk, iyununda ikinci və avqustunda üçüncü (sonuncu) gəmisi suya buraxılıb.

STM tərəfindən Malayziya HDQ-nin tələblərinə uyğun olaraq layihələndirilən və fərdiləşdirilən üç korvet “LMS Batch-2” layihəsi çərçivəsində Türkiyədə, “İstanbul Denizcilik Tersanesi”ndə inşa olunur. STM layihənin dizayndan tutmuş performansın təmin edilməsinə, inşasından gəmilərin təhvil verilməsinə qədər bütün mərhələlərinə cavabdeh olan baş podratçıdır. Şirkət gəmi layihələndirilməsi, layihə idarəçiliyi, tikinti idarəçiliyi, material və sistem təchizatı, inteqrasiya layihələndirilməsi və montajı, sınaqlar, inteqrə edilmiş logistik dəstək fəaliyyətləri, eləcə də layihə üzrə texniki və logistika sənədlərinin hazırlanmasını həyata keçirir.

Layihə çərçivəsində gəmilərin inşası və təchizatı Türkiyədə, yerli müdafiə sənayesi şirkətlərinin geniş iştirakı ilə həyata keçirilir. STM-in baş podratçılığı ilə inşa edilən gəmilərdə ASELSAN tərəfindən hazırlanan 30 mm-lik MUHAFIZ (Smash) uzaqdan idarə olunan stabilləşdirilmiş top sistemi, CENK 3D axtarış radarı, ARES 2D suüstü radar elektron dəstək sistemi, AKREP atəşi idarəetmə radarı, “chaff” aldatma sistemi, dost-düşmən tanıma sistemi və digər elektron sensorlar; ROKETSAN tərəfindən hazırlanan ATMACA gəmi əleyhinə raketi; HAVELSAN tərəfindən hazırlanan döyüş idarəetmə sistemi və 76 mm-lik topun atəşi idarəetmə sistemi yer alacaq.

Əsas ölçülərə gəldikdə, gəminin ümumi uzunluğu 99,56 m, maksimal eni 14,42 m və su basımı təxminən 2500 ton təşkil edir. Maksimal olaraq 26+ knot sürətə çata bilən korvetin kruiz sürəti 14 knotdur. Gəmi 14 knot sürətlə üzərək 4000 dəniz milindən çox məsafə qət edə bilir. 111 nəfərlik heyət tutumuna malik LMSB2 korveti əlavə təminat olmadan 14 gün dənizdə fəaliyyət göstərmək imkanına sahibdir. Gəminin silahlanmasına 1 ədəd 76 mm-lik əsas top, 2×4 gəmi əleyhinə raket sistemi, 1 ədəd 30 mm-lik ikinci dərəcəli top, 2×2 zenit-raket kompleksi və 2 ədəd “chaff” sistemi daxildir.

Back to top button