
STM yeni PUA və dəniz platformalarını ilk dəfə IDEF-2025-də sərgiləyəcək
Milli texnologiyalara və dünyanın dörd bir yanında ixrac uğurlarına imza atan Türkiyənin STM şirkəti, hərbi gəmilərini, taktiki PUA sistemlərini və müasir həllərini IDEF-2025 sərgisində nümayiş etdirəcək.
“Poliqon” xəbər verir ki, bu barədə STM şirkəti məlumat yayıb.
Sərgi ilə bağlı fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz, dünyanın ən nüfuzlu müdafiə sərgilərindən biri olan IDEF-in regional və qlobal əhəmiyyətinə diqqət çəkib.
“STM olaraq, milli mühəndislik gücümüzlə Türkiyə Silahlı Qüvvələri və dost/müttəfiq ölkələrin ehtiyaclarını sahədə özünü sübut etmiş texnologiyalarla qarşılayırıq. IDEF təkcə Türkiyənin deyil, dünyanın ən önəmli müdafiə sənayesi sərgilərindən biridir. Bu il IDEF-2025-də hərbi dənizçilik və taktiki PUA sistemləri sahəsində inkişaf etdirdiyimiz 5 yeni məhsulumuzu və qabiliyyət nümayişlərimizi ilk dəfə təqdim edəcəyik. Donanmamız üçün uzun müddətdir üzərində çalışdığımız və maraqla gözlənilən milli dəniz platformamızı da sərgiləyəcəyik. Xüsusilə taktiki PUA sahəsində sahədə təsirli olacaq yeni konseptlərimiz olacaq. Həm ixrac hədəflərimizi böyütmək, həm də yerli müdafiə sənayemizin imkanlarını dünya səhnəsinə çıxarmaq üçün vacib görüşlər keçirəcək, Türkiyə müdafiəsinin gücünə güc qatmağa davam edəcəyik”, – deyə baş direktor bildirib.
Türkiyə Hərbi Dəniz Qüvvələri başda olmaqla, Ukrayna, Pakistan, Portuqaliya və Malayziya Donanmaları üçün suüstü və sualtı platformalar inşa edən STM, IDEF-də 12 fərqli dəniz layihəsini sərgiləyəcək. Sərgidə aşağıdakı dəniz platformaları yer alacaq:
- Türkiyənin milli freqat layihəsi olan “İstif” sinifli TCG İSTANBUL;
- Türkiyənin milli korvet layihəsi olan MİLGEM “Ada” sinfi;
- Türkiyənin Asiya-Sakit Okean bölgəsinə (Malayziyaya) etdiyi ilk və yeganə korvet ixracı LMS Batch-2;
- Aİ və NATO üzvü Portuqaliyaya həyata keçirilmiş ilk hərbi gəmi ixracı layihəsi olan Dənizdə Yanacaqdoldurma və Logistika Dəstək Gəmisi;
- “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT);
- Çoxməqsədli Dəstək Gəmisi;
- STM Sahil Mühafizə Gəmiləri – CG-1041, CG-3100 və CG-78 modelləri;
- Milli imkanlarla hazırlanmış və uğurla dəniz sınaqları davam edən avtonom insansız sualtı vasitəsi STM NETA;
- Türkiyənin xüsusi əməliyyat və hücum məqsədli ilk milli sualtı gəmi dizaynı STM500.
Taktiki mini pilotsuz uçuş aparatları sahəsində Türkiyə və dünyada qabaqcıl sistemlər inkişaf etdirən STM, üç fərqli qitədə 10-dan çox ölkəyə ixrac edilən Türkiyənin ilk milli zərbə PUA-sı KARGU-nu piyada əleyhinə, zireh dələn və RF axtarıcı döyüş başlıqları ilə ziyarətçilərə nümayiş etdirəcək. Həmçinin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən, terrorla mübarizədə fəal istifadə olunan və ixrac uğuru əldə edən TOGAN müşahidə-kəşfiyyat PUA-sı, sursat buraxan BOYGA PUA-sı da IDEF-də sərgilənəcək. Şirkətin FPV (First Person View) dron həlli olan “KarguFPV” də ilk dəfə müxtəlif döyüş sursatı variantları ilə sərgidə nümayiş etdiriləcək. STM-in taktiki PUA ailəsinə daxil olacaq iki yeni məhsul da ilk dəfə IDEF-də təqdim olunacaq.