Tank əleyhinə “Xrizantema” kompleksinin atış məsafəsi artırılıb

Tank əleyhinə “Xrizantema” kompleksinin atış məsafəsi artırılıb

Modernləşdirmə nəticəsində “Xrizantema” tank əleyhinə idarə olunan raketin (TƏİR) uçuş məsafəsi artırılıb.

“Poliqon” TASS-a istinadən xəbər verir ki, eyni zamanda, “Yüksək dəqiqlikli komplekslər” holdinqinin konstrukları daşıyıcılarda dəyişikliklərin qarşısını almaqdan ötrü raketin qabarit ölçülərini tamamilə qoruyub saxlayıblar.

Özüyeriyən kompleksin tərkib hissəsi kimi istifadə edilən “Xrizantema” TƏİR-inin əsas versiyası 8 kiloqram ağırlığında kumulyativ döyüş başlığını daşıyır. Raketin maksimal uçuş məsafəsi 6 kilometrdir. Döyüş sursatı dinamik müdafiənin arxasında 1100 millimetrə qədər zirehi dələ bilir. Raketlər lazer şüası və ya radio kanalı ilə idarə olunur.

Xatırladaq ki, martın əvvəlində Rusiya prezidentinə Mi-28NM hücum helikopterlərinin arsenalına daxil olan “Xrizantema” raketi nümayiş etdirilib. Bu zaman ordu aviasiyasının nümayəndəsi bildirib ki, raketin gücləndirilmiş döyüş başlığı Ukrayna tanklarının qülləsini qoparır. “Xrizantema” raketinin uçuş məsafəsi 10 kilometrdir.

Qeyd edək ki, “Xrizantema” (kompleksin/raketin indeksi – 9K123/9M123, NATO təsnifatına görə – AT-15 “Springer”) Rusiya istehsalı özüyeriyən tank əleyhinə raket kompleksidir. Kompleksin tərkibinə döyüş maşını, TƏİR, döyüş maşınlarına və raketlərə texniki nəzarət vasitələri, həmçinin təlim-məşq vasitələri daxildir.

Kompleks Kolomna Maşınqayırma Konstruktor Bürosunda hazırlanıb və Saratov Aqreqat Zavodunda istehsal edilir.

“Xrizantema” TƏİR kompleksi düşmənin tanklarını (dinamik müdafiə ilə təchiz olunmuşlar da daxil olmaqla), piyada döyüş maşınlarını və digər yüngül zirehli hədəflərini, mühəndis və istehkam qurğularını, suüstü hədəflərini, aşağı sürətli hava hədəflərini, canlı qüvvəsini (o cümlədən sığınacaqlarda və açıq ərazilərdə yerləşənlər) məhv etmək üçün təyin edilib.

Baza versiyasından başqa, kompleksin 9K123-1 kimi markalanmış “Xrizantema-S” modernləşdirilmiş versiyası da hazırlanıb. 9P157 döyüş maşınının əvəzinə kompleksdə 9P157-2 döyüş maşını istifadə olunur. Bununla yanaşı, kompleksə 9P157-3 taqım komandirinin döyüş maşını və 9P157-4 batareya komandirinin döyüş maşını daxildir. 9P157-3 döyüş maşınının vəzifələrinə 9P157-2 döyüş maşınları atəş taqımını idarə etmək və batareya komandiri tərəfindən verilən döyüş tapşırıqlarını yerinə yetirmək daxildir. Bütün döyüş maşınlarının şassisi BMP-3 piyadanın döyüş maşınına əsaslanır.

9P157-4 batareya komandirinin maşını 9P157-2 və 9P157-3 döyüş maşınlarına hədəf təyinatları verir, həmçinin ərazinin kəşfiyyatını aparır və batareyanı düşmən şəxsi heyətinin onun yerinə daxil olmasından himayə edir.

Kompleks kombinələşdirilmiş raket idarəetmə sisteminə malikdir:

  • radio şüasında raket tuşlaması ilə millimetrik diapazonda avtomatik radiolokasiya idarəetməsi;
  • lazer şüasında raket tuşlaması ilə yarımavtomatik idarəetmə.

Raketləri olan iki konteyner eyni vaxtda bir buraxma qurğusuna quraşdırıla bilər. Raketlər döyüş maşını yerində dayandıqda, ardıcıl olaraq buraxılır.

9P157-3 döyüş maşınının döyüş dəsti 15 ədəd 9M123 TƏİR-dən ibarətdir. “Xrizantema-S” TƏİR kompleksinin döyüş dəstinə nəqletmə-buraxma konteynerlərində olan iki növ TƏİR daxildir:

  • çapüstü tandem-kumulyativ döyüş başlığına malik 9M123 raketi
  • fuqas (termobarik) döyüş başlığına malik 9M123F raketi.

Kompleks Rusiya, Azərbaycan və Liviya silahlı qüvvələri tərəfindən istifadə olunur.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS