Tapançalar haqqında bilmədiklərimiz – MARAQLI
İlk nümunələri XVI əsrdə meydana çıxan tapança bu gün dünyanın bütün ölkələrində ordunun, güc qurumlarının, mühafizə xidmətlərinin, 100-dən artıq ölkədə isə vətəndaşların özünü qoruma üçün istifadə etdiyi yüngül atıcı silahdır. Başlanğıcda lülənin ağız hissəsindən doldurulan tapançaların əsas inkişafı XIX əsrin ortalarından – ABŞ-da Samuel Koltun çoxatımlı tapançanı (revolver tipli) dizayn etməsindən başlayır.
“Azeri Defence” silahlar barədə maraqlı məlumatlar rubrikasında bu dəfə tapançalar barədə çoxlarımızın bilmədiklərini yazır.
Ağır, dayaq üstündə tətbiq edilən muşketlərin süvari bölmələr tərəfindən istifadəsinin çətinliyi tapançanın meydana çıxmasında rol oynayıb. Tapançaları hərb tarixində ilk olaraq süvari bölmələr, daha sonra isə dənizçilər istifadə ediblər.
BMT Adi Silahlar Registrində yer alan rəsmi məlumatlara görə, 1992-ci ildən 2015-ci ilədək dünyada istehsalçı ölkələr 15 924 549 ədəd tapançaın ixracını həyata keçiriblər. Tapança ixracının əsas hissəsi Avstriya (10 527 888), Xorvatiya (2 370 524) və İtaliyanın (1 225 355) payına düşür.
Müasir tapançalar iş prinsipinə görə, revolver və daraqlı olmaqla iki yerə ayrılır. Bunlardan başqa, travmatik, pnevmatik, işıq, səs, tüstü atan tapançalar mövcuddur. Tarixin müxtəli dövrlərində fərqli dizaynlara malik tapança silahlar yaradılsa da onların böyük əksəriyyəti özlərini doğrulda və istifadədə yeri tapılmadığından sıradan çıxıb.
Qeyri-standart tapançalar arasında ən populyarı ABŞ-da Ovuc İçi Tapança adlanan modeli olub. Yaxın məsafədə özünü müdafiə üçün yaradılan bu model ovuc içinə yerləşəcək şəkildə dizayn olunub. Lüləsi barmaqlar arasından çıxan bu tapançadan atışı onun ovuc içində sıxılması hesabına həyata keçirilib. Çikaqo Silah Fabrikində istehsal edilmiş tapança 32 kalibr patronlarla atəş açıb.
Dünyada ən kiçik tapançanı İsveçrənin “SwissMiniGun” şirkəti istehsal edib. 5.5 santimetr ölçüyə malik tapança özəl olaraq hazırlanmış 2.34 mm çaplı patronlar istifadə edir. Bu tapança açar aksesuarından fərqlənmir.
XIX əsrdə Çar Rusiyasında tapança “duel silahı” olaraq tanınıb. Lermontov, Puşkin və daha neçə rus ziyalısı məhz duellərdə tapançadan açılan atəşin qurbanı olublar.
Tapança Birinci və İkinci Dünya müharibələri zamanı alman və rus ordularında zabitlərə “intihar silahı” olaraq verilib. Yəni, əsir düşməmək, yaxud şərəfini ləkədən xilas etmək üçün zabitlər tabel silahları olan tapançadan atəş açmaqla intihar edirmişlər.
Tapança ilə vurulan insanın önə irəlləməsi və yıxılması yalnız kinolarda olur. Reallıqda tapançadan atılan atəş insanı geri itələyir.
İtaliyada aparılmış testlər zamanı məlum olub ki, tapança ilə 25 metrdən uzaq hədəflərə atış zamanı 10 güllənin insan ölçülü, hərəkətli hədəfə ehtimalı dəymə ehtimalı 42 – 43 faiz təşkil edir. Yəni filmlərdə qaçan döyüşçünün 25-30 və daha uzaq məsafədən tapançadakı 10 gülləyə 10 nəfəri vurması rejissorun ideyasıdır.
Son 130 ildə dünyada daraqlı tapançaların fərqli modellərinin yaradılmasına və istehsalına baxmayaraq hələ də revolver tapança modellərinin populyarlığını qoruyub saxlaması davam edir. Revolver tipli tapançalar daraqlı modellərdən bir sıra üstünlüklərə malikdir. Iki model arasındakı fərqi təqdim edirik:
- Revolver tapançalar hər zaman atəşə hazırdır. Qəfil atəş açmaq lazım gəldikdə silahın çəkilməsi ilə ilk atəşin açılması qısa zaman kəsiyində baş verir. Daraqlı tapançanı atəşə hazır vəziyyətə gətirmək üçün sürgüsünün çəkilib qurulması, qoruyucunun açılması lazımdır. Bu halda daraqlı tapançadan bir atəş açana qədər revolverdən 3-4 atəş açmaq mümkündür.
- Daraqlı tapançada ilk atışda revolverdən geri qalsa da döyüşün sonrakı mərhələsində ardıcıl atəş və sürətli doldurulmasına görə revolver qarşısında üstünlük qazanır.
- Revolver tipli tapançaların balistik gücü daha böyükdür. Daraqlı tapança ilə müqayisədə daha uzaq mənzilə və məhvetmə imkanına sahibdir. 102 mm lüləyə malik daraqlı tapançanın effektiv atış mənzil 75 metrədək olduğu halda 50 mm lüləyə sahib revolverlə bu məsafəyə effektiv atış həyata keçirmək olar.
- Daraqlı tapançanın gülləsi insane dəydikdə bədəndə ilişib qaldığı halda revolver tapançaların gülləsi insanı deşib keçir.
Ən bahalı tapançalar
Bu günədək dünyada ən baha qiymətə satılmış tapança ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun tapançası olub. Vaşinqtonun döyüşlərdə istifadə elədiyi tapançası 2002-ci ildə keçirilmiş hərracda 1 986 000 dollara satılıb. Venesuela, Kolumbiya, Ekvador və Bolivarın İspaniya müstəmləkəsindən xilas olmasında rol oynamış general Simon Bolivara məxsus iki tapança 2004-cü ildə Nyu-Yorkda keçirilən hərracda 1 687 500 dollara satılmaqla ikinci, Amerikada 1860-1880-cı illərdə çox sayda cinayətlərin törədilməsində adı keçən, məşhur cinayətkar Jesse Ceymsin 1882-ci ildə öldürülməsində istifadə edilmiş 44 kalibrli “Smith & Wesson” tapançası isə 350 000 dollara satılaraq ən bahalı üçüncü tapança olub.
1880-cı illərdə ABŞ-da asayişin təmin olunmasında mühüm rol oynamış marşal Uyatt Erapa aid “Colt” şirkətinin istehsalı olan 45 kalibrli tapança 2012-ci ildə hərracda 225 000 dollara satılıb. Hansı ki, bu silah amerikalıların təbirincə desək “vəhşi qərbin bütün əfsanəvi döyüşlərində istifadə olunub”.
1939-cu ildə “Walther” şirkəti tərəfindən faşist Almaniyasının lideri Adolf Hitlerə doğum günü hədiyyəsi olaraq hazırlanmış, üstü qızılla örtülü 7.65 mm çaplı “Walther PP” tapançası fürerin həyatının son anına şahidlik edib. Hitlerin özünə də məhz bu tapança ilə atəş açaraq intihar etdiyi söylənilir. Adolf Hitlerin bu tapançası 1987-ci ildə keçirilmiş auksionda kimliyi anonim saxlanan şəxsə 114 000 dollara satılıb.