
“Tatra” Polşa zirehli maşın bazarına daxil olur
Polşanın Kielçe şəhərində bu gün fəaliyyətə başlayan MSPO-2021 XXIX Müdafiə və Sənaye Sərgisində yerli “Huta Stalowa Wola SA” (HSW) şirkəti 4×4 təkər formullu MRAP zirehli maşın sinifinin yeni prototipini təqdim edir.
“Poliqon” xəbər verir ki, yeni MRAP, HSW tərəfindən Çex “Tatra Trucks” qrupunun törəməsi olan “Tatra Export” şirkəti ilə birlikdə hazırlanıb və əslində Polşa şirkətinin zirehli gövdəyə cavabdeh olduğu “Tatra” 815-7 (4×4) şassisi üzərində qurulub. Ümumiyyətlə, avtomobil əvvəllər nümayiş etdirilən “Excalibur Army” şirkətinin T815 “Patriot” MATMMV zirehli avtomobili ilə oxşardır.
Yeni avtomobilin Polşada HSW tərəfindən Sanokdakı keçmiş “Autosan” avtobus zavodunda yığılmaqla (montaj edilməklə) istehsal ediləcəyi gözlənilir.
Əsas konfiqurasiyada MSPO-2021 sərgisində təqdim edilən prototip, müdafiəsi gücləndirilərək 18 tona çatdırmaq imkanı ilə ümumi 13 ton döyüş kütləsinə malikdir. Tutumu iki heyət üzvü daxil olmaqla səkkiz nəfərdir. Dörd qapılı zirehli gövdə STANAG 4569 standartına uyğun 2-4 səviyyəli ballistik və STANAG 4569 standartına uyğun 2a/2b-3a/3b səviyyəli müdafiəni təmin edir.
Ehtiyacdan asılı olaraq, yeni zirehli maşın 300 kVt gücə malik “Tatra” dizel mühərriki və ya 270 kVt gücə malik “Cummins” dizel mühərriki ilə təchiz oluna bilər. Maşın “Allison 4500SP” altı pilləli avtomatik transmissiyadan istifadə edir. Magistral yolda maksimal hərəkət sürəti saatda 110 km, yanacaq üzrə gediş ehtiyatı 700 km-ə qədərdir. Avtomobilin tənzimlənən yer məsafəsi 260 – 430 mm arasında dəyişir.
Yeni MRAP müxtəlif növ silahlar və müasir döyüş modulları ilə təchiz oluna bilər. “MSPO-2021” sərgisində təqdim olunan model Polşanın “Zakłady Mechaniczne Tarnów” şirkəti tərəfindən hazırlanmış “ZSMU A5” məsafədən idarə olunan pulemyot döyüş modulu ilə təchiz edilib.
Mövcud planlara əsasən Polşa Silahlı Qüvvələrinin ehtiyacları üçün hazırlanmış çoxməqsədli taktiki maşın çox sayda fərqli variantlara sahib olacaq. Xüsusilə, “Pegaz” proqramı çərçivəsində Polşa Xüsusi Əməliyyat Qüvvələri üçün perspektivli zirehli maşın müsabiqəsində iştirak edəcək, eyni zamanda artilleriya bölmələrinə idarəetmə və kəşfiyyat vasitəsi olaraq təqdim ediləcək. Bundan başqa, radioaktiv kimyəvi bioloji müdafiə, patrul, zərbə, komandir və s. maşını olaraq da istifadə edilə biləcək.
4х4 təkər formullu “Tatra” 815-7 şassisində MRAP sinif zirehli maşın
T815 “Patriot” MATMMV zirehli maşını
Əhəd Əzizov