“TCG Anadolu” gəmisinin qəbul sınaqları keçiriləcək
Türkiyənin “TCG Anadolu” amfibiya hücum gəmisi ilk dəniz sınağından sonra texniki səfərinə hazırlaşır.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir rəsmi “Tvitter” hesabında bildirib. Onun sözlərinə görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olacaq “TCG Anadolu” gəmisinin texniki səfərindən sonra qəbul sınaqlarına başlanılacaq.
İsmail Dəmir “TCG Anadolu”ya “Bayraktar TB3” pilotsuz uçuş aparatlarının inteqrasiya olunacağını deyib: “Türkiyənin təhlükəsizliyi üçün hədəfimiz müstəqil müdafiə sənayesi yaratmaqdır”.
“TCG Anadolu” hücum gəmisinin cari ilin sonuna qədər Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına veriləcəyi gözlənilir.
Su basımı və ölçü baxımından Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) ən böyük gəmisi olacaq “TCG Anadolu”ya bir sıra yerli sistemlərin inteqrasiyası planlaşdırılıb. Gəminin silahlanmasında ATAK 2 helikopteri də yer alacaq. Hazırda TUSAŞ şirkəti ATAK 2 layihəsinin dəniz platformaları versiyası üzərində işləri davam etdirir. Lakin layihə tamamlanana qədər AH-1W “Suprer Cobra” hücum helikopterinin gəmidə yerləşdiriləcəyi gözlənilir.
İstanbul şəhərinin Tuzla bölgəsində yerləşən “Sədəf” tərsanəsində inşa edilmiş “TCG Anadolu” gəmisinin tikintisində İspaniyanın “Navantia” tərsanəsi də iştirak edib. “TCG Anadolu” dizayn baxımından İspaniyanın “Xuan Karlos” sinfinə əsaslanıb.
“TCG Anadolu” döyüş gəmisinin uzunluğu 225, eni 32 metr, su basımı 28 min ton olacaq. Gəminin şəxsi heyəti 700 nəfərdən ibarət olacaq. Ümumilikdə isə “TCG Anadolu” 1400 nəfərdən ibarət hərbi bölməni daşımaq imkanına malikdir. “TCG Anadolu”nun Egey, Qara və Ağ dənizlərdə, lazım gələrsə Hind və Atlantik okeanlarında üzə bilməsi mümkün olacaq.
Gəmidə hərbi hospitalın da yaradılması nəzərdə tutulub. Gəmi 20-21 knot (37-39 kilometr/saat) sürətə sahib olacaq. Bundan başqa gəminin göyərtəsində 4 ədəd əraziyə çıxarma (LCM), 2 ədəd hava yastıqlı çığarma (LCAC), 2 ədəd şəxsi heyyəti çıxarma (LCVP) nəqliyyat vasitələri, o cümlədən 13 tank, 27 ədəd müxtəlif tipli amfibia-zirehli nəqliyyat vasitəsi (AAV), 6 ədəd piyadanın döyüş maşını və 33 ədəd digər nəqliyyat vasitəsi daşına biləcək.