THK Universiteti Türk cümhuriyyətlərinin aviasiya sahəsində kadrlara təlabatın qarşılayacaq
Osman YILDIRIM: THK-nın yerli təyyarəsi sınaq uçuışarına 2013-cü ildə başlayır
Türk Hava Kurumunun (THK) sədri, ehtiyatda olan general-leytenant Osman Yıldırımın “AzeriDefence”yə müsahibəsi
– Cənab sədr, müsahibəmizə THK-nın tanıtımı ilə başlamaq istərdik. 87 il əvvəl qurulmuş THK bu gün fəaliyyətini hansı istiqamətlər üzrə qurur?
– Ulu öndər Atatürk 1925-ci ildə THK-nı qurdu. THK-nın yaradılmasında məqsəd havaçılığı türk insanının işi etmək idi. Atatürk “İstikbal göylərdədir”,- deyirdi. Göylər deyildikdə tək atmosfer deyil, kosmos da düşünülürdü. Artıq 87 ildir təşkilatımız fəaliyyət göstərir. THK bu bu günədək minlərlə paraşütçü, planorçu, təyyarə modelçisi və pilot yetişdirib. Aviasiyanı Türkiyədə çox sevdirib. Eyni zamanda yanğınsöndürmə fəaliyyətlərinə aktiv qatılıb və bu işlər davam etməkdədir.
Mən iki il yarımdır THK-ya başçılıq edirəm. Bu vəzifəyə gəldikdən sonra THK-nın fəaliyyətinə müəyyən dəyişikliklər etmək barədə qərar verdik. Qeyd edim ki, həm ötən əsrdə, həm də 2000-ci illərdə aviasiya sektorunda böyük dəyişikliklər, inkişaflar baş verib. Biz türklər də bundan geri qalmamışıq. Geri qaldığımız sahə isə fəaliyyətlərimizin ardında bir akademik dəstəyin olmaması olub. Mən bu problemin aradan qaldırılması üçün THK Aviasiya və Kosmos Universitetinin (THK Havaçılık və Uzay Universitesi) qurulması təklifini irəli sürdüm. Bu təhsil müəssisəsinin yaradılması Türkiyə də daxil olmaqla türk cümhuriyyətlərində bu sahəyə maraqlı olan insanlara mühəndislik, uçuş, hava vasitələrinə texniki təmr və baxımı həyata keçirəcək personal, mühəndislər yetişdirmək məqsədi ilə quruldu. Burada təyyarə, kosmos, astronavt, peyk mühəndisliyi, meteoloji mühəndislik, elektronik mühəndisliyi, təyyarə texnikləri, kabin heyəti, meydan işlətməçisi, qüllə operatoru, radar operatoru kimi aviasiyanın ehtiyac duyduğu bütün peşələr üzrə mütəxəssislərin hazırlanması həyata keçiriləcək. Universitetimiz 2011-ci ilin oktyabr ayından fəaliyyətə başladı. Bu il bütün təşkilati prosesləri tamamlayyaraq, 2012-ci ilin oktyabr ayında bütün fakültələr üzrə tədrisə başlamağı planlaşdırırıq.
Bu il THK-nın təyyarə və helikopterlərə texniki qulluq göstərməsi üçün müəssisələrini qurduq. Ölkəmizin fərqli yerlərində yenə bu tip müəssisələr qurmaqda davam edirik. Bu gün tək təyyarə alınması ilə iş bitmir. Bu təyyarələrin qulluğa və personala ehtiyacı var.
– Türkiyənin fərqli universitetlərində havaçılıq təhsilləri verilir. THK Aviasiya və Kosmos Universitetinin Türkiyədə havaçılıq sahəsində tədris verən digər ali təhsil müəssisələrindən fərqləndirən cəhətlər nədir?
– Bizim universitet adından göründüyü kimi ixtisaslaşmış bir təhsil müəssisəsidir. Sırf texniki təhsil veririk. Bu universitetin ən böyük özəlliyi isə aviasiya və kosmos təhsili verməsidir. Burada astronavt hazırlığını həyata keçirmək də mümkün olacaq. Bu il peyk və astronavt mühəndisliyi təhsili verilməyə başlayacaq. Onu da deyim ki bizim məktəb dünyanın 37-ci aviasiya və kosmik universitetidir. Hazırda təhsil müəssisəsinin beynəlxalq əlaqələrin qurulması istiqamətində də işlər aparırıq. Xüsusilə Amerikadakı aviasiya və kosmos universitetləri ilə sazişlər imzalamışıq. Onlarla eyni proqramlar həyata keçiririk. Bizim tələbələrimiz bir və ya iki il təhsillərini Amerikada alacaqlar. Eyni zamanda Amerika universitetləri ilə tələbə mübadiləsi aparılacaq.
– Bu gün Türkiyədə sizin tələbələr hazırlayacağınız sahələr üzrə kadrlara tələb necədir?
– Ötən il açılmış olmasına rəğmən THK universitetinə 100% tələbə qəbulu oldu. Çox istək var. Onu da demək istəyirəm ki, biz minlərlə tələbə oxutduğumuza görə fəxr etməyəcəyik. Bizim tələbələr hamısı işlə təmin olunacaqlar. İlk məzunlarımızı da THK-nın öz strukturlarında – öz təyyarə zavodumuzda, baxım müəssisələrində və digər obyektlərimizdə işlə təmin edəcəyik. İş qarantiyası yüzdə yüz olacaq. Amerika universitetləri ilə əməkdaşlıq çərçivəsində məzunlarımız iki diplom alacaqlar. Bu da onlara dünyanın hər bir yerində çalışma imkanları verəcək.
– Azərbaycan və Türk cümhuriyyətləri ilə işbirliyinin qurulmasına dair hansı planlarınız var?
– Bu il türk cümhuriyyətlərinin hər birindən universitetimizdə 6 tələbə oxudacağıq. Onların bütün məsrəfləri THK tərəfindən qarşılanacaq. Azərbaycandan və digər ölkələrdən olan tələbələr bizim yerl tələbələrlə bərabər imkanlar çərçivəsində təhsil alacaq. Hazırda birlikdə o tələbələrin seçimi üçün qaydaları müəyyənləşdirməyə çalışırıq.
– Azərbaycan tərəfdən maraq necədir?
– Mən bir il əvvəl bəyan etmişdim ki, THK Türk cümhuriyyətlərində şöbəsi və əlaqə ofislərini açacaq. İlk ofisimiz də Azərbaycanda olacaq. Onun üçün də Azərbaycandayıq. Buradakı rəsmilərlə müzakirələr apardıq. Azərbaycan tərəfdən maraq var. Onu da demək istəyirəm ki, bundan əlavə, THK mərkəzlərində Azərbaycanlı gənclərə paraşüt, planor və s. təlimlər də verə bilərik. Yarışmalarımıza Azərbaycandan komandaları da dəvət edəcəyik. İndi müvafiq qurumlarla müzakirələr aparırıq. Azərbaycan rəsmilərinin dəstəyinə də böyük ehtiyacımız var. Onu da deyim ki THK həm də beynəlxalq standartlara uyğun pilot təhsili də verir. Bizim məzunlar hazırda müxtəlif havayolu şirkətlərində çalışırlar.
– THK-nın Azərbaycan şöbəsinin açılışını nə vaxta planlaşdırırsınız?
– Azərbaycan hökuməti nə zaman razılıq versə, o zaman açmağa hazırıq. O şöbəyə də yerli bir şəxs rəhbər təyin olunacaq.
– Sizin tələbələr hərbi qurumlarda da çalışa biləcəklərmi?
– Təbii ki. Bildiyiniz kimi hərbi qurumlar aviasiya ilə bağlı müəyyən sahələr üzrə işə qəbul üçün müsabiqələr keçirirlər. Bizim tələbələrin həmin qurumların müsabiqələrinə qatılmalarına mane ola biləcək problem görmürəm. Hesab edirəm ki, hərbi qurumlar bizim tələbələri özləri axtaracaqlar. Bizim mühəndislər eyni zamanda hərbi şirkətlərdə, eləcə də mülki aviasiya şirkətlərində rahatlıqla iş tapa biləcəklər. Biz artıq Türkiyədəki bir sıra TAİ, ASELSAN, ROKETSAN, “Alp Havaçılık” kimi hərbi şirkətlərlə, eləcə də mülki aviaşirkətlərlə bu məsələləri müzakirə etmişik.
– THK-nın təyyarə istehsalı ilə bağlı layihəsini elan etmişdiniz. Bu barədə nə deyə bilərsiniz?
– Biz THK nəzdində təyyarə istehsalı üçün zavod yaratmışıq. Hazırda THK Universitetinin mühəndisləri tərəfindən dizayn çalışmaları davam edir. 2013-cü ildə təyyarəmiz test uçuşlarına başlayacaq. 2014-cü ildə isə istehsala start verəcəyik. Təyyarəmiz tək motorlu olacaq.
– Bu təlim təyyarəsi olacaq?
– Bəli. 4 nəfərlik təlim təyyarəsi olacaq. Daha sonra fərqli təyyarə modellərini istehsal etməyi düşünürük. Təyyarələrimizin qiyməti də münasib olacaq. Təyyarə alan şəxsə tərəfimizdən 4 aylıq təlim də keçiləcək. Onlara həm akademik, həm simulyator, həm də uçuş təlimlərini verəcəyik. Təyyarələrə təmir, texniki qulluq işlərini də həyata keçirəcəyik. İkinci mərhələdə bu təyyarənin amfibiya versiyasını hazırlamağı düşünürük. Bu da təxminən 2010-cı ilə mümkün olacaq. Sonra isə yeni modellərin istehsalına baxılacaq. Apardığımız araşdırmalara görə təyyarədə istifadə olunacaq hissələrin 90 faizi Türkiyədə istehsal edilir. Məlumat üçün deyim ki, təyyarənin sürəti 150 km/saat, maksimum tavanı 3000 metr olacaq. Bizim təyyarələr əsasən həvəskar uçuşlar üçün nəzərdə tutulur. Təyyarəmizə adın seçimi üçün THK-nın rəsmi internet saytında (www.thk.org.tr) sorğu keçiririk. Türkiyədən və istənilən türk cümhuriyyətindən insanlar sayta daxil olub öz təkliflərini göndərə bilərlər.
– THK pilot təlimlərini hansı təyyarələrlə verir.
– Hazırda THK-da təlimlər “Cessna 172S” tipli təyyarələrlə verilir. Bu təyyarələr dünyada pilot təlimlərində istifadə olunan ən son model təyyarələrdir. Onlarda qurulmuş sistemlər “Boeinq 777”, “Airbus 340” və s. bənzərdir. 20 ədəd yeni təyyarə almışıq. Onlarla İzmir, İstanbul və Ankarada təlimlər keçirik. Bənzər təyyarələr dünyada çox az uçuş təlim mərkəzlərində istifadə olunur. Bundan başqa, tən müasir simulyatorlar vasitəsi ilə də biliklər verilir.
– Helikopter təlimləri necə?
– Bu il İstanbulda helikopter təlimlərinə də başlayırıq. Hazırda helikopter mərkəzinin açılışı ilə bağlı işlər aparılır.