
ASELSAN şirkəti tərəfindən hazırlanmış TOLUN sursat ailəsi “Akıncı” pilotsuz uçuş aparatından (PUA) həyata keçirilən atış sınaqlarında müxtəlif hədəfləri dəqiqliklə vuraraq effektivliyini bir daha nümayiş etdirib.
ASELSAN-dan “Poliqon”a verilən məlumata görə, Konya şəhərinin Karapınar Atış Sınaq Poliqonunda 15-dən çox ölkənin hərbi rəsmilərinin iştirakı ilə “Güdüm Sistemleri Uluslararası Demo Faaliyeti” tədbiri keçirilib.
Tədbir çərçivəsində TOLUN ailəsinə daxil olan zərbə tipli partladıcı və qəlpə təsirli döyüş başlığına malik TOLUN I, yaxınlıq sensoru və qəlpə təsirli döyüş başlığına malik TOLUN F, eləcə də proqramlaşdırıla bilən vaxt tənzimləməli partladıcı və deşici döyüş başlığına malik TOLUN P sursatlarının atışları həyata keçirilib.
Zərbə tipli partladıcı və qəlpə təsirli döyüş başlığına malik TOLUN I sursatı konteyner hədəfi dəqiq vurub. Yüksək dəqiqliklə zərbə endirmə qabiliyyəti və qəlpə təsirli döyüş başlığı sayəsində bu sursat sabit və hərəkət edən hədəflərə qarşı effektiv şəkildə istifadə olunur.
TOLUN F sursatı ilə ətrafında şəxsi heyətin olduğu zirehli transportyor hədəfinə atəş açılıb. TOLUN F hədəf üzərində dağıdıcı təsiri maksimuma çatdırmaq məqsədilə proqramlaşdırıla bilən, vaxt tənzimləməli elektron partladıcı ilə təchiz olunub. Həmçinin sursatın hədəfə dəyməsindən əvvəl müəyyən məsafədə döyüş başlığını partlatmağa imkan verən yaxınlıq sensoruna malikdir. GPS siqnallarının aldadılmasına qarşı dayanıqlı proqram təminatı ilə diqqət çəkən TOLUN F seçilə bilən zərbə bucağına da malikdir.
TOLUN P sursatı isə iki mərtəbəli beton bina hədəfinə qarşı sınaqdan keçirilib. TOLUN P deşici döyüş başlığı və xüsusi formalı deşici burun konstruksiyası sayəsində iki mərtəbəli beton maneəni deşərək, proqramlaşdırıla bilən vaxt tənzimləməli partladıcısı vasitəsilə hədəfin müəyyən edilmiş qatındakı elementləri məhv edib. ASELSAN tərəfindən hazırlanmış ASAF sərt hədəf partladıcısı ilə təchiz edilən TOLUN P sursatı möhkəmləndirilmiş beton hədəflərə qarşı effektivliyini bir daha nümayiş etdirib.
TOLUN sursat ailəsi ASELSAN tərəfindən hazırlanmış SADAK-4T asqısı vasitəsilə hava platformalarına çoxsaylı şəkildə yüklənə bilir. TOLUN bir uçuş zamanı tək və ya çoxsaylı hədəflərə qarşı eyni vaxtda atəş açmağa imkan verir. Sursat ailəsi gecə və gündüz, eləcə də müxtəlif hava şəraitində tapşırıqları yerinə yetirə bilir.





