Tovuz döyüşləri: sərhəddə dron müharibəsi – TƏHLİL
2020-ci il iyul ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində – Tovuz rayonunun Ağdam kəndi yaxınlığında Ermənistan Ordusunun təxribatları ilə başlayan döyüş əməliyyatı Azərbaycan tərəfdən 12 hərbi qulluqçu və bir mülki sakinin həlak olması, 4 hərbi qulluqçunun yaralanması ilə nəticələndi. Azərbaycan Ordusu tərəfindən düşmənin təxribat cəhdləri və sərhəddə yeni mövqelər ələ keçirmək məqsədi ilə irəliləməsinin qarşısını alındı. Qısamüddətli döyüşlərdə Ermənistan Ordusunun 100-dən çox hərbi qulluqçu və 10-dan çox hərbi texnikası məhv edildi.
2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusu tərəfindən geniş miqyasda pilotsuz uçuş aparatlarının (PUA) tətbiq edildiyi halda, Tovuz döyüşlərinin gedişatında qarşı tərəfin də PUA-ların müxtəlif növlərindən və PUA-lara qarşı mübarizə sistemlərindən maksimum şəkildə istifadəsi müşahidə olundu. Bu yazımızda Tovuz döyüşlərində tərəflərin PUA-lardan istifadəsi, əldə olunan nəticələr və qarşıya çıxan problemlərə nəzər salmağa çalışmışıq.
Tovuz döyüşlərinin aktiv fazasında və sonrakı günlərdə cəbhənin həm Tovuz rayonu, həm də digər istiqamətində tərəflər PUA-lardan geniş istifadə etmiş və bu zaman hər iki tərəfə məxsus PUA-ların vurulması və ya texniki vasitələrlə ələ keçirilməsi halları baş vermişdir.
Öncə qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi döyüşlər başlar başlamaz Tovuz istiqamətində aralarında “Hermes-900” tipli strateji PUA da olmaqla, Azərbaycan Ordusuna məxsus 13 ədəd müxtəlif tipli PUA-nın vurulduğunu bəyan etmiş, öz növbəsində Azərbaycanın Müdafiə Nazirliyi bu iddiaları qəbul etməyərək cəfəngiyat adlandırmışdı. Sonrakı günlərdə Ermənistan Müdafiə Nazirliyinin keçirdiyi təqdimat və yayımladığı görüntülərin analizləri onların “zərərsizləşdirilmiş” adıyla təqdim etdikləri qalıqların kamikadze PUA-lara aid hissələr olduğunu deməyə əsas verir. Azərbaycanın Müdafiə Nazirliyinin yayımladığı videolarda da aydın şəkildə görünür ki, həmin kamikadze PUA-ları düşmənin hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinin vurulmasında istifadə olunub.
Ermənistan Ordusunun 2020-ci il iyulun 14-də “Hermes-900” tipli strateji PUA-nın vurulması iddiası isə nə PUA qalıqları, nə də digər vizual görüntülərlə təsdiqini tapmır. Ermənistan Müdafiə Nazirliyinin yayımladığı, mobil telefonla çəkilən həvəskar videoda sağdan sola doğru uçan sabit qanadlı və təyyarəyə bənzəyən bir hədəfin zenit-raket kompleksi ilə vurulduğu göstərilir. Videonun arxa planında raket buraxılışı kimi bir səs eşidilir, bir neçə saniyə sonra partlayış effektinin görüntüsünə bənzər dairəvi effekt yaranır və ətrafdakı insanların “biz onu vurduq” səsi eşidilir.
Görüntünü analiz edən xarici ekspertlərin də fikrincə vurulan PUA deyil. Uçuş aparatının siluetinə əsaslanan ekspertlər onun iki mühərrikli sərnişin təyyarəsinə bənzədiyini, “Hermes-900”ün füzelyajının görüntüdəki siluetlə müqayisədə nazik olduğunu və xarici dizaynın tamamilə fərqləndiyini iddia edirlər. Videodakı partlayışın sadə vizual effektlə hazırlanması, bəzi ehtimallara görə, portativ ZRK-lərin simulyatorundakı səhnələrdən birinin kəsilib əlavə edilməsi şübhələri artırır.
Ermənistan Müdafiə Nazirliyi tərəfindən marşal Armenak Haferyants adına Hərbi Aviasiya İnstitutunda keçirilmiş təqdimatda Tovuz döyüşlərində istifadə edilməyən, eləcə də Azərbaycan Ordusuna məxsusluğu faktiki olaraq inkar edilən bəzi PUA nümunələri sərgilənib. Nümayiş etdirilənlərin arasında 2009-2010-cu illərdə, 2016-cı ilin aprelində və sonrakı illərdə “vurulduğu” iddia edilən, lakin Azərbaycan Ordusunun istifadəsində mövcud olmayan “Hermes 180”, “Thunder B” kimi PUA-lar da yer alsa da, 2018-ci ildə Ermənistan Müdafiə Nazirliyinin Naxçıvanla sərhəddə “vurulduğunu” iddia edərək, “Searcher” adıyla fotosunu yerli mediada tirajlatdırdığı taktik PUA-nın qalıqlarına təsadüf edilməyib. Qeyd edək ki, həmin vaxt “Azeri Defence” saytı araşdırma apararaq ermənilərin yayımladıqları fotolardakı qalıqların Rusiya Silahlı Qüvvələrinin Gümrü şəhərindəki 102-ci hərbi bazasına məxsus “Forpost” (İsraillə birgə istehsal edilən “Searcher”in rus variantı) PUA-na aid olduğunu üzə çıxarmışdı. 2018-ci ildə hadisə yerindən yayımlanan fotolardan nisbətən salamat vəziyyətdə olduğu görünən sözügedən PUA-nın hər hansı bir hissəsinə “sərgidə” rast gəlinməməsi saytımızın həmin ildəki araşdırmasının doğruluğunu bir daha sübut etmiş oldu.
Azərbaycan tərəfi isə 2020-ci il iyulun 12-dən 31-dək cəbhə xəttində Ermənistan Ordusuna aid ən azı 5 ədəd X-55 tipli taktik PUA-nı vurduğunu açıqlayıb və bunlardan Ordumuzun nəzarəti altındakı ərazilərə düşən bəzilərinin qalıqları Müdafiə Nazirliyinin rəsmi internet saytında nümayiş etdirilib.
Azərbaycan Ordusunun PUA-ları
Azərbaycan Ordusu döyüşlərin gedişatında müşahidə, nəzarət, artilleriya atəşinin və “süzən sursat”ların (kamikadze PUA -red.) idarə olunmasında əsasən yerli istehsal olan “Orbiter-2” və “Orbiter-3” tipli PUA-lardan istifadə edib. Qeyd olunan PUA-lar 2014-2016-cı illərdə cəbhədə lokal döyüşlərdə, eləcə də sonrakı illərdə geniş istifadə olunmuşdur.
Düyada qəbul edilmiş, müasir PUA sənayesinin nümunələrindən olan “Orbiter-2” və “Orbiter-3” PUA-ları Müdafiə Sənayesi Nazirliyinin İsrailin “Aeronautics Defense Systems” şirkəti ilə müştərək yaratdığı “Azad Systems” şirkəti tərəfindən istehsal edilir.
Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində “Skylark” mini, “Orbiter 4”, “Aerostar” və “Hermes 450” taktik, “Heron” və “Hermes 900” kimi strateji təyinatlı PUA-lar mövcud olsa da, döyüşlərin kiçik bir ərazidə getməsi ilə əlaqədar adıçəkilən PUA-lardan istifadə olunmayıb. Bölgədə çəkiliş edən jurnalistlər və hərbçilər də yuxarıda adları çəkilən PUA-lardan istifadə edilmədiyini bildirirlər.
Tovuz döyüşlərində Azərbycan Ordusu kamikadze PUA-lardan geniş istifadə etmiş və bu atışların böyük qismi, kamikadze PUA-larla düşmənə endirilən zərbələrin videoları yuxarıda qeyd etdiyimiz kimi Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə nümayiş etdirilib.
Görüntülərdən aydın olduğu qədər Azərbaycan Ordusu əsasən yerli istehsal olan “Zərbə” və İsrail istehsalı olan “SkyStriker” kamikadze PUA-larından döyüşlərdə ilk dəfə geniş istifadə edib. Bununla yanaşı, qarşı tərəfin yayımladığı görüntülərdən aydın olduğu qədər iyulun 16-da Azərbaycan tərəfindən Ermənistan Ordusunun mövqelərinə bir neçə “Harop” atışı gerçəkləşdirilib. Atışların nəticələri barədə mediada hər hansı məlumat yer almayıb.
Videoların təhlilləri göstərir ki, Azərbaycan tərəfi Türkiyənin Suriyada “Bahar qalxanı” əməliyyatının təcrübəsindən çıxış edərək kamikadze PUA-ları kəşfiyyat PUA-ları (“Orbiter 2” və “Orbiter 3”) ilə koordinasiyalı şəkildə istifadə etməyə çalışıb. Kəşfiyyat PUA-larıyla cəbhənin operativ dərinliyindəki düşmən hədəfləri aşkarlandıqdan sonra kamikadze PUA-lar hədəfə yönləndirilib. Hədəflər həm kamikadze, həm də kəşfiyyat PUA vasitəsi ilə son anadək izlənib və vurulma prosesi anbaan qeydə alınıb.
İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Sky Striker” kamikadze PUA-sı Azərbaycan Ordusunun silahlanmasına 2019-cu ildə, Dövlət Sərhəd Xidmətinin silahlanmasına isə 2018-ci ilin əvvəlində daxil olub. Elektrik mühərriklə təchiz olunmuş PUA-nın çəkisi 35 kq, uçuş məsafəsi 40 km, havada qalma müddəti iki saata qədər, sürəti 180 km/saat, maksimal uçuş yüksəkliyi isə 2000 metr təşkil edir. 5 kiloqramdan 10 kiloqramadək partlayıcı yük daşıya bilən “Sky Striker”in ilk və yeganə istifadəçisi Azərbaycandır. Tovuz döyüşləri “SkyStriker”lərin real döyüş şəraitində ilk tətbiqi sayıla bilər.
İsrailin “Aeronautics Defense Systems” şirkətinin “Orbiter 1K” gəzən sursatın əsasında yaradılmış və birgə müəssisədə istehsal edilən “Zərbə” kamikadze PUA 1.5 kiloqramadək döyüş başlığı daşıyır. Canlı qüvvənin və zirehsiz nəqliyyat vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Zərbə” ilk dəfə praktik döyü şəraitində sınaqdan çıxarılıb. Uçuş tavanı 5500 metr, döyüş radiusu 50 km təşkil edən “Zərbə”nin maksimal sürəti 140 km/saat, uçuş müddəti 3 saata yaxındır.
Daha böyük uçuş uzaqlığına (200 km) və döyüş başlığına (15-23 kq) sahib “Harop” zərbə PUA-larının isə ilk döyüş tətbiqi 4 aprel 2016-cı il tarixində olub. həmin dövrdə DSX bölmələrinin “Harop” atışları ilə düşmənin hərbçilərini daşıyan avtobus, komanda-idarəetmə məntəqəsi, Xocalı aeroportunun uçuş eniş zolaqları, artilleriya divizionu, çox sayda canlı qüvvəsi vurularaq məhv edilib.
Ermənistan Ordusunun PUA-ları
Hərbi əməliyyat zonasında Ermənistan Ordusu yaxın məsafədə kəşfiyyatın aparılmasında multikopterlərdən, operativ dərinlikdə isə X-55 tipli Rusiya istehsalı olan taktik PUA-lardan istifadə edib. Həm Tovuz döyüşündə, həm də son illər cəbhədə zərərsizləşdirilən PUA-ların qalıqları düşmənin son illər X-55-lərə daha çox üstünlük verdiyini göstərir.
İstehsalçı “AFM Servers” şirkətinin mütəxəssisləri orijinal adı “Ptero 5E” olan X-55-in yeni variantlarının hərbi standartlara tam uyğunlaşdırıldığını, daha müasir elektro-optik kameralarla təchiz olunduğunu, habelə maneələrə qarşı dayanıqlığının artırıldığını bildirirlər. “AFM Servers”in mütəxəssislərinin sözlərinə görə, Ermənistana 2017-ci ildən başlanmış təkmilləşdirmə layihəsi çərçivəsində əvvəlki illərdə tədarük olunmuş PUA-ların uçuş-idarəetmə proqramı, faydalı yükü yenilənib, GPS və QLONNAS olmayan mühitlərdə uçuşu təmin edilib. Təkmilləşdirilmiş PUA X-55M və ya “Armii 55M” indeksi alıb. Kiçik qabaritli X-55M taktik PUA-nın uçuş müddəti 4 saat, kreyser sürəti 130 km/saat, uçuş tavanı 2 km, maksimal əlaqə məsafəsi 100 kilometrdir. Hərbi mediada yer alan məlumata görə, X-55 PUA maneələrə qarşı qorunan radio əlaqədən, GPS və inersial naviqasiya sistemlərindən istifadə edir.
Ermənistanda PUA istehsalı sahəsində çalışan mütəxəssislərin son iki ildə yerli mətbuatda izlənilən çıxışlarından məlum olduğu qədər ordu ilə əməkdaşlıq çərçivəsində PUA-larda intellektual idarəetmə sisteminin (Systems of Systems – SoS) işlənilməsi və tətbiqi istiqamətində ciddi işlər aparılır. SoS intellektual idarəetmə kompleksi PUA-lar uçuşa başladıqdan sonra idarəetmə mərkəzi ilə radioəlaqəni kəsərək verilən tapşırıqları avtomatik rejimdə yerinə yetirir. Bu da PUA-nın düşmən tərəfindən ələ keçirilməsinin qarşısını alır.
Ermənistanın Müdafiə Nazirliyi Tovuz döyüşlərində kəşfiyyat PUA-ları ilə yanaşı kamikadze PUA-lardan da istifadə etdiklərinə dair bəzi açıqlamalar verib və görüntülər paylaşıb.
Ordudakı mənbələrə əsasən Ermənistan mediası döyüşlərdə “Davaro” şirkəti tərəfindən hazırlanmış kamikadzelərin ilk dəfə istifadə olunduğu yazıb.
Əvvəlki aylarda ordu sınaqlarının tamamlandığını və müəssisənin may ayında foto paylaşaraq “ilk partiyası təhvil verilməyə hazırdır” elanını nəzərə alsaq, düşmənin Tovuz döyüşlərində “Drakon” adlandırılan kamikadzelərdən istifadə etdiyini ehtimalı yaranır. İstehsalçı şirkətin açıqlamalarına görə “Drakon”un uçuş uzaqlığı 100 km, çəkisi 15 kq, maksimal sürəti 180 km/saat təşkil edir. Ermənistan mediası 2020-ci ilin əvvəlində həmçinin “Pro MAQ” şirkətinin istehsalı olan BEEB-1800 adlı “süzən sursat”ın sınaqlarının tamamlandığını və silahlanmaya qəbuluna qərar verildiyini də yazıb.
Erməni mediasında yer alan məlumatlara görə, “Davaro” şirkətin “Drakon” kamikadze PUA-nın bir ədədinin qiyməti 30-40 min ABŞ dolları arasında dəyişir. “Pro MAQ”isə Ermənistan Ordusuna daha ucuz qiymətə, qısa uçuş məsafəsinə və daha az faydalı yükə sahib kamikadze PUA-lar tədarük edib.
Antidron sistemlər
Ermənistan Müdafiə Nazirliyinin sərgilədiyi PUA və PUA qalıqları arasında “Orbiter 3” tipli mini taktik PUA və 062 bort nömrəli “SkyStriker” tipli kamikadze PUA-nın bir nümunəsi də mövcuddur. Həm “Orbiter-3”-ün, həm də “SkyStriker” kamikadze PUA-nın partlamaması və paraşütün açılması onun Ermənistan Ordusunun silahlanmasında mövcud olan “Avtobaza-M” və ya “Repellent-1” tipli radioelektron mübarizə vasitəsi ilə endirildiyini düşünməyə əsas verir.
“Repellent-1” stansiyası kiçik ölçülü PUA-ların radiorabitə kanallarına maneələrin qoyulması, idarəetmənin ələ keçirilməsi yolu ilə PUA-ların zərərsizləşdirilməsi üçün nəzərdə tutulur. Ermənistanın Müdafiə Nazirliyi “Repellent-1” stansiyalarını 2017-ci ildə sifariş verib və onlar silahlanmaya 2019-cu ildə qəbul edilib. Bundan başqa, Ermənistanın Belarusdan “Qroza” radioelektron mübarizə kompleksi əldə etməsi, eləcə də mövcud REM vasitələrini Rusiya və Belarus şirkətlərinin iştirakı ilə təkmilləşdirməsinə dair məlumatlar mövcuddur. Əvvəlki illərdə Ermənistan Ordusu həm “Avtobaza-M”, həm də “Repellent-1” REM vasitələri ilə cəbhə xəttində Azərbaycanın PUA-lardan istifadəsinə müəyyən maneələr yaratmağa nail olmuşdur.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi jurnalı olan “Haykakan Banak” yazır ki, “Azərbaycan Ordusunun 2014-2016-cı illərdə PUA-lardan aktiv istifadə etməsi Ermənistanın yeni REM vasitələri satın almasına və silahlanmadakı mövcud texnikaları təkmilləşdirməsinə təsir göstərib”.
Bu çərçivədə 2018-2019-cu illərdə Ermənistan Rusiyadan “Repellent-1” stansiyaları ilə yanaşı ən azı 3 ədəd RB-341V “Leer 3” radioelektron mübarizə və radiotexniki kəşfiyyat stansiyası da alıb. Sosial şəbəkələrdə yer alan görüntülərdən aydın olduğu qədər Tovuz istiqamətində döyüş əməliyyatları zamanı Ermənistan Ordusu bir ədəd “Leer-3” kompleksindən istifadə edib. Ehtimal edilir ki, Azərbaycan ordusunun məhv etdiyi düşmənin radioelektron mübarizə kompleksi də məhz bu “Leer-3” olub.
Ermənistanın “LT-Pyrkal” Qapalı Səhmdar Cəmiyyətinin İrəvan Rabitə Vasitələri Elmi Tədqiqat İnstitutu ilə birlikdə hazırladığı antidron sistemi isə özündə jamming və lazerlə məhvetmə imkanlarını cəmləşdirir. Texniki-taktiki xüsusiyyətləri barədə çox az məlumat olan bu sistemin sınaqlarının işğal altındakı Azərbaycan ərazilərində keçirildiyi bildirilir.
2020-ci ilin aprel ayından Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində təkmilləşdirilmiş “Osa-AK” zenit-raket kompleksləri ilə PUA-larla mübarizə mövzusunda təlimlər keçiriblər. Ermənilərin yayımladığı fotolarda diqqət çəkən məqam müasirləşdirilmiş “Osa-AK” ZRK-lərin yeni elektro-optik komplekslərlə təchiz edilməsi olub. Radiosükut rejimində hədəflərin aşkarlanması və izlənməsinə imkan verən elektro-optik kompleks özündə TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirir. Kamera görüntüsü operatorun monitoruna (ABŞ-ın “Lilliput Electronics” şirkətinin istehsalı) ötürülür.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan “Osa-AK” ZRK-lər yerli “Patenş” QSC və “Jamar-D.D” ASC-nin iştirakı ilə müasirəşdirilib. Həmin dövrdə Ermənistan mediası müəssisə rəsmilərinə istinadən “Osa-AK” ZRK-də müasirləşdirilmiş “TOV-M” elektro-optik kompleksin qurulduğunu yazıb. 2019-cu ilin dekabr ayında müasirləşdirildiyi bildirilən ona yaxın “Osa-AK” ZRK Ermənistan Ordusuna təhvil verilib.
Nələrə diqqət yetirilməlidir?
PUA-ların döyüş əməliyyatlarında artan rolu öz növbəsində antidron sistemlərin gələcək əməliyyatlarda istifadəsinə ilə bağlı məsələləri də bir daha aktuallaşdırır. Ekspertlərin fikrincə, antidron sistemlərinin seçilməsində bir neçə vacib faktora diqqət yetirilməlidir. Hazırkı şəraitdə dövlət sərhədində və cəbhə xəttində radiolokasiya sistemlərinin tətbiqində yaşanan problemlər, düşmənin silahlanmasında müxtəlif növ REM vasitələrinin mövcudluğu Azərbaycan Ordusunun daha mükəmməl, maneələrə və aldatılmaya davamlı antidron sistemləri seçimini şərtləndirir.
Baş verənlər göstərir ki, diqqət daha çox passiv iş rejiminə malik PUA kəşfiyyatı sistemlərinin əldə edilməsinə yetirilməlidir. Burada xüsusi təyinatlı bölmələr və komandir heyəti üçün “Drone Shield” şirkətinin portativ “RF Patrol” aşkarlaycıları, geniş sahə üçünsə “Microflown Avisa” şirkətinin çoxfunksiyalı akustik sensorları ideal həllərdən sayılır.
Ermənistan Ordusu müxtəlif PUA-lardan istifadə etdiyindən aşkarlanan hədəflərin zərərsizləşdirilməsi üçün həm kəsici-qarışdırıcı cihazlardan, həm də fiziki məhvetmə sistemləri (ASELSAN şirkətinin istehsalı olan qarışdırma və siqnal kəsmə sistemləri, yaxud İtaliya, Avstraliya, İsveç kimi ölkələrrdən istehsalçı şirkətlərin yoxlanılmış və praktik sahədə özünü doğrultmuş cihazlar) istifadə oluna bilər.
PUA-lar ilə mübarizə aparmaq üçün müxtəlif istehsalçı şirkətlər tərəfindən fərqli həllər təklif olunur. Mütəxəssislərin sözlərinə görə, PUA təhdidləri ilə mübarizənin ana xəttini onların vaxtında aşkarlanması təşkil edir. Bəzən vaxtında aşkarlanmayan PUA-lar (dronlar) ilə endirilən ani zərbələr daha böyük fəsadlara yol açır. Ona görə də həm hərəkət halında olan qüvvələrin, həm də stasionar obyektlərin mühafizəsi zamanı diqqət yetirilməsi gərəkən məqamlardan birincisi dronların vaxtında aşkarlanmasıdır. Hazırda bu məqsədlə istifadə edilən radiolokasiya sistemlərinin aşkarlama effektivliyi 60%-i keçmir. Kiçik ölçülü, aşağı hündürlükdə uçan PUA-ların radarlarla aşkarlanmasındakı problemlər tam həllini tapmayıb. Hərbi əməliyyat zonalarında isə radarların düşmənin radiotexniki kəşfiyyat vasitələri ilə aşkarlanması və onlara müdaxilə ehtimallarının mövcudluğu digər problemdir.
Çoxfunksiyalı akustik sensorların yaradılması və istehsalı sahəsində tanınmış Niderlandın “Microflown AVISA” şirkətinin AMMS (Acoustic Multi-Mission Sensors – Akustik Çoxməqsədli Sensor) texnologiyasına əsaslanan “Sky Sentry” adlı antidron kəşfiyyatı sistemi günün 24 saatı, hər cür hava şəraitində sabit qanad PUA-lar, multirotorlar və helikopterlərin aşkarlanması üçün nəzərdə tutulub. “Sky Sentry” sistemi dronlarla yanaşı düşmənin artilleriya vasitələrinin və iriçaplı silahların yerinin aşkarlanması üçün də istifadə oluna bilir ki, bu da öz növbəsində bir sistemlə daha çox və fərqli tapşırıqları yerinə yetirməyə imkan verir.
Şirkət mütəxəssislərinin sözlərinə görə, “Sky Sentry”in jamming edilməsi, yaxud düşmənin radiotexniki kəşfiyyat sistemləri tərəfindən təsbit olunması mümkünsüzdür. NATO-nun müvafiq qurumlarının iştirakı ilə keçirilmiş sınaqlar zamanı yüksək dəqiqliklə aşkarlama qabiliyyətini sübuta yetirən sistem analoqları arasında ən kiçik xəta payına sahibdir. Sistem sabit qanad PUA-ları (2 kq çəkidə) 2000 metr, rotorlu PUA-ları 1500 metr, multikopterləri 700-1000 metr, helikopterləri isə 10 km uzaqlıqdan təsbit edir. Bunun üçün AMMS sensorlarının təyin edilən obyektin perimetri boyunca bəlli məsafədə yerləşdirilməsi lazımdır. Dronların akustik imzasını şəhər mühitində müşahidə olunan bütün digər səs mənbələrindən ayırmaq üçün “Sky Sentry” sistemi xüsusi alqoritmlərdən istifadə edir. “SkySentry” komanda postu qəbul edilən bir informasiyanı digər sensor qovşaqları ilə tutuşduraraq analiz edir. Bunun nəticəsində vaxtı, GPS vasitəsi ilə koordinatları, yüksəkliyi, obyektin sürətini, trayektoriyasını müəyyənləşdirir. Sistem vasitəsi ilə birdən çox istifadəçiyə eyni zamanda informasiyalar göndərilməsi mümkündür. Mütəxəssislərin sözlərinə görə, döyüş zonalarında, yaxud hansısa mühüm tədbirlərin təşkil olunduğu ərazilərdə AMMS sensorlarını nəqliyyat vasitələrinin damında yerləşdirilməklə mobil aşkarlayııcı kimi istifadə etmək olar.
Dronların kəşfiyyatı üçün nəzərdə tutulan portativ cihazlardan biri də antidron sistemlərin və həllərin yaradılması üzrə ixtisaslaşmış Avstraliyanın “DroneShield” şirkəti əsgərlərin üzərində daşına bilən “RF Patrol” detektorudur. Bir əsgərin üzərində – maqazin cibində daşına bilən cihaz tamamilə passivdir və düşmənin radioelektron kəşfiyyat sistemləri tərəfindən aşkarlanmır. “RF Patrol” komandirlərin, eləcə də xüsusi təyinatlı bölmələrin şəxsi heyəti üçün nəzərdə tutulub.
“DroneShield” şirkətinin baş direktoru Oleq Vornikin sözlərinə görə, əsgərin üzərində daşınan “RF Patrol” istiqamətləndirilmiş antenadan istifadə edərək şəhərlərdə, radiodalğaların yüksək olduğu şəraitdə dronları 1 km-ə, radiodalğaların zəif olduğu yerlərdə isə 4 km-ə qədər məsafədən aşkarlamağı bacarır. Cihazın çəkisi 800 qramdır. Sistemin Azərbaycana ixracıyla bağlı hər hansı problem yoxdur.
Məhvetmə sistemləri
Müasir hərbi təyinatlı PUA-ların proqram təminatı onların radiotexniki mübarizə vasitələri ilə sıradan çıxarılmasını çətinləşdirir.
Əldə olunmuş məlumatlara görə, 2015-2018-ci illərdə Ermənistan Ordusunun cəbhə xəttindəki bölükləri tam şəkildə yerli və xarici şirkətlərin istehsalı olan multirotor tipli PUA-larla təchiz edilib və bunun hesabına bölüklərin müşahidə və kəşfiyyat imkanlarını əhəmiyyətli dərəcədə artırılıb. Azərbaycan Ordusu tərəfindən cəbhə xəttində zərərsizləşdirilən multirotorların qalıqları onların sadə protokollara, hazır alınan uçuş kontrollerinə və geni yayılmış idarəetmə alqoritmlərinə əsaslandığını göstərir. Bu tip PUA-lara qarşı ordumuzun silahlanmasında yer alan portativ antidron sistemləri ilə effektiv mübarizə aparmaq mümkündür.
Multirotor tipli PUA-lardan fərqli olaraq, taktik PUA-ların zərərsizləşdirilməsi hazırda orduların gündəmini zəbt edən aktual məsələlərdəndir. Xüsusi işlənilmiş idarəetmə proqramları, geniş zolaqlı idarəetmə kanalları, anti-jamming xüsusiyyətlərə malik GPS naviqasiyası və digər hərbi standartlara uyğun hazırlamış komponentlərin tətbiqi bu PUA-lara silahlanmadakı radioelektron mübarizə vasitələri ilə müdaxilə imkanlarını azaldır. “Avtobaza-M”, “Qroza-S” və s. bu kimi daha güclü və bahalı REM sistemləri tələb olunur.
Antidron sistemlərin yaradılması və layihəndirilməsi istiqamətində tədqiqatlar aparan Azərbaycanın “Azeltech” şirkətinin baş direktoru Samir Süleymanovun sözlərinə görə, hazırda taktik PUA-ların zərərsizləşdirilməsində daha çox aşağıdakı fiziki məhvetmə metodlarından istifadə edilir:
- “İqla”, “Stinger” və s. ZRK-lərdən;
- Lazer silahlarından;
- Proqramlaşdırılan sursatlardan istifadə etməklə zenit top kompleksləridən;
- Təkmilləşdirilmiş, müasir sensorlarla inteqrasiya olunmuş zenit toplarından;
- Sürətli reaktiv PUA-lara quraşdırılan məhvetmə vasitələrindən.
Samir Süleymanovun fikrincə, Azərbaycan Ordusunun silahlanmasında yer alan ZU-23-2 zenit toplarını və ZSU-23-4 “Şilka” özüyeriyən zenit toplarını dron aşkarlama radarları, RF detektoru, akustik və elektro-optik sensorlarla inteqrasiya etməklə stasionar və daşınan antidron sistemlərinə çevirmək mümkündür. Sistemin etibarlılığını artırmaq üçün Pakistan və Polşa nümunələrində olduğu kimi ZU-23-2 zenit topları məsafədən idarə edilən atış-idarəetmə sistemləri və əlavə portativ zenit-raket kompleksləri ilə də dəstləşdirilə bilər. Adıçəkilən zenit topları 450 metr/saniyə sürətlə uçan hədəfləri 1500 metr yüksəklikdə və 2000 metr uzaqlıqda məhv etməyə imkan verir. Müasir elektro-optik kameralar, RF qəbuledicilər, akustik sensorlar, dronları aşkarlamaq üçün nəzərdə tutulan radiolokasiya sistemləri və daşınan ZRK-lərin inteqrasiyası hesabına bu məsafəni iki dəfədən çox uzatmaq mümkündür.
“Tərəfimizdən düşünülən layihə ordumuzun silahlanmasında yer alan zenit toplarını effektiv antidron mübarizə sisteminə çevirməyə imkan verir. Hazırda bununla bağlı qiymətləndirmələr aparırıq. Onu deyə bilərəm ki, mövcud texnologiyalardan istifadə etməklə bazara təklif olunan antidron sistemləri ilə müqayisədə daha mükəmməl, çoxfunksiyalı və gələcəkdə təkmilləşdirmələrə açıq olan bir sistem həllini layihələndirə və hazırlaya bilərik. Bu sistem tək PUA-lara qarşı deyil, eyni zamanda müəyyən mövqelərdə yerləşdirilməklə yerüstü təhdidlərə qarşı da istifadə edilə bilər”.
Nəticə
Tovuz döyüşlərinin gedişatında göründüyü qədər hər iki tərəf PUA-ların həm kəşfiyyat, həm də kamikadze tiplərindən geniş istifadə edib. Təbii ki, bu döyüş tərəflərin öz PUA parklarını təkmilləşdirməsinə də təsirsiz ötüşməyəcək. Mövcud sistemlərin döyüş tətbiqi zamanı ortaya çıxan çatışmazlıqlar daha mükəmməl və uyğun kamikadze PUA-ların axtarışı və əldə edilməsinə yol açır.
2020-ci il avqustun 4-də Ermənistanın Yüksək Texnologiyalı Sənaye Nazirliyinin Hərbi Sənaye Komitəsinin sədri Artak Davtyanın PUA istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşündə yerli istehsal olan PUA-ların təkmilləşdirilməsi məsələlərinin müzakirə edildiyi bildirilib. Rəsmi məlumatda tanışlıq və fikir mübadiləsinin aparıldığı bildirilsə də KİV-də görüşün detalları barədə geniş məlumatlar mövcud deyil. “Davaro” şirkətinin rəhbəri David Qaloyan “görüşdə döyüşlərdəki tətbiqlər əsasında məhsulların təkmilləşdirilməsinə dair tövsiyyələr aldıqlarını” qeyd edib.
Azərbaycan üçün də bu istiqamətdə daha uyğun görünən ordunun yerli həllərlə kütləvi şəkildə təmin edilməsidir. “Azeltech”, “İdrak Texnoloji Transfer” və “Buta Armor Technologies” şirkətləri tərəfindən yaradılmış, sürü halında uçuş və tapşırıqların icrası, üz və obyekt tanıma alqoritmlərinə sahib kəşfiyyat, kamikadze və hədəf dronların nümunələri sınaq mərhələsindədir. Yerli layihələrin ordu tərəfindən dəstəklənməsi bu məsələdə daha avantajlıdır. Xaricdən satın almalarla müqayisədə bir neçə dəfə ucuz başa gələn yerli kamikadze PUA-ların ordunun istəyinə uyğun konfiqurasiya edilə bilər.