Türk Ordusu yeni antidron sistemini silahlanmaya qəbul edib – VİDEO
ASELSAN şirkəti tərəfindən Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədi ilə milli imkanlarla hazırlanmış 40 mm-lik “Şahin” antidron (fiziki məhvetmə) silah sisteminin ilk partiyası inventara daxil edilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir rəsmi “Twitter” hesabında bildirib ki, SSB ilə ASELSAN şirkəti arasında imzalanmış müqavilə çərçivəsində istehsal edilən “Şahin” sistemi əsasən mini/mikro pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi üçün nəzərdə tutulub.
Bildirilib ki, asan yerləşdirmə və quraşdırma xüsusiyyətlərinə malik “Şahin” antidron sistemi kritik obyektlərin mühafizəsi, sərhəd təhlükəsizliyi və hava hücumundan müdafiə kimi sahələrdə istifadə olunacaq. “Şahin” antidron sistemi 40 mm-lik “ATOM” adlı yüksək sürətli ağıllı qumbaraatan sursatlarından istifadə edir.
ASELSAN şirkətinin açıqlamasına görə, “ATOM” 40 mm çaplı avtomatik qumbaraatan atış kontrol dəstinin inteqrasiyası nəticəsində, əl ilə idarə olunan avtomatik qumbaraatanlar və uzaqdan idarə olunan silah sistemləri 40 mm-lik “ATOM” sursatını atmaq qabiliyyətinə malikdir. “ATOM” atış kontrol dəstinin istifadəsi ilə adi döyüş sursatları (HE, HE-SD, HEDP, TP və s.) üçün dəqiq zərbə qabiliyyəti təmin edilərək silah sistemlərinin effektivliyi artır.
“Şahin” sistemi lülə ağzında quraşdırılan proqramlama cihazı sayəsində 40 mm çaplı “ATOM” atəş yığımını hədəfə yaxınlaşdıqda partlamağa proqramlaşdıra bilir. Beləliklə, “Şahin” sistemi 40 mm-lik “ATOM” proqramlaşdırılan qəlpəli atəş yığımı ilə 500-700 metr məsafədə effektiv atəş aça bilir. Atışa hazır 64 ədəd 40 mm-lik “ATOM” sursatı daşıya bilən sistem, sursatların asan doldurulmasına imkan verir. “Şahin” antidronu elektro-optik sistemi sayəsində avtomatik hədəf izləmə qabiliyyətinə malikdir.
Sistem radardan bildirilən mövqeyə istiqamətləndirilərək hədəf izləmə və hədəf üçün ballistik hesablamalar apara bilir. “Şahin” silah sistemi istifadəçinin istəyindən asılı olaraq müxtəlif antidron sistemləri ilə inteqrə olaraq işləyə bilər.