Türkiyə-Rusiya Birgə Manitorinq Mərkəzi sabah fəaliyyətə başlayacaq

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.
Bu barədə “Poliqon” Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Nazir Hulusi Akar telefon danışığından sonra verdiyi açıqlamada bildirib ki, Rusiya və Türkiyə hərbçilərinin xidmət göstərəcəyi Birgə Manitorinq Mərkəzinin yaradılma işləri başa çatıb. Manitorinq Mərkəzi sabah fəaliyyətə başlayacaq.
“Son vəziyyəti Zakir Həsənovla qiymətləndirdik və qarşılıqlı olaraq xoş arzularımızı çatdırdıq. Bir generalın və 38 personalın xidmət göstərəcəyi Birgə Mərkəzin bölgədə sülh və sabitliyin təmin olunmasına və davam etdirliməsinə böyük töhfələr verəcəyinə inanırıq.
Türk və rus hərbçilərinin yerləşəcəyi bu Birgə Mərkəzin işləri ilə fəaliyyətlərimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın haqq və hüquqlarını sonuna qədər qorumaq vəzifəmizi tam yerinə yetirəcəyik.
Bir millət və iki dövlətin anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızla bir yerdə olmuşuq və bundan sonra da bir yerdə olmağa davam edəcəyik”, – deyə Türkiyənin Milli Müdafiə naziri bəyan edib.




