Türkiyə və Pakistan üçün inşa edilən hərbi gəmilər istismara verilib

Türkiyə və Pakistan üçün inşa edilən hərbi gəmilər istismara verilib

Türkiyə və Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən hərbi gəmi və sualtı qayıqlar istismara verilib.

Bu barədə “Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Bununla bağlı keçirilmiş dəniz platformalarının xidmətə qəbulu, bayraq qaldırma və ilk metal kəsimi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Gülər, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu, HDQ komandanı Ercüment Tatlıoğlu, Pakistan HDQ-nin komandanı Nəvid Əşrəf və başqaları iştirak ediblər.

Mərasimdə çərçivəsində:

  • MİLGEM layihəsi əsasında inşa edilən 2-ci gəmi “PNS Khaibar” Pakistan HDQ-yə təhvil verilib;
  • Türkiyə HDQ üçün inşa edilən “Koçhisar” gəmisində bayraq qaldırılıb;
  • “TCG Hızırreis” sualtı qayığı, Ç-159 yeni növ desant gəmisi və ULAQ insansız dəniz aparatları (İDA) Türkiyə HDQ tərəfindən xidmətə qəbul edilib;
  • Açıq Dəniz Patrul Gəmisi (Açık Deniz Karakol Gemisi – ADKG) layihəsi çərçivəsində inşa ediləcək 7-ci gəminin ilk metal kəsimi mərasimi həyata keçirilib.

Mərasim zamanı çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, tədqiqat-inkişaf işlərindən tutmuş dizayna, proqram təminatından seriyalı istehsala qədər bütün mərhələləri yerli və milli resurslar hesabına idarə etdiklərini vurğulayıb.

“Hazırda müdafiə ixracında dünyanın ən böyük 11-ci ölkəsiyik. Son 11 ay ərzində müdafiə və aviasiya ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 7 milyard 445 milyon ABŞ dollarına çatıb. Təkcə noyabr ayı üzrə ixracımız əvvəlki ilin noyabrı ilə müqayisədə 22 faiz artaraq 742 milyon ABŞ dolları təşkil edib. Bu səhər etibarilə isə göstərici 8.6 milyard ABŞ dollarını ötüb. Özümüzə inandıq, Türkiyə müdafiə sənayesinə güvəndik və qısa müddətdə bu rəqəmlərə nail olduq. Əlbəttə, bununla kifayətlənməyəcəyik. 2028-ci il üçün müəyyən etdiyimiz hədəf 11 milyard ABŞ dolları ixrac göstəricisi ilə müdafiə və aviasiya ixracında dünyada ilk 10-luğa daxil olmaqdır və bu məqsədə doğru qətiyyətlə irəliləyirik”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Onun sözlərinə görə, Türkiyə dünyada öz döyüş gəmisini inkişaf etdirib dənizə endirən 10 ölkədən biridir. O, Türkiyə tərsanələrinin bu günə qədər dünyanın bir çox ölkəsinə müxtəlif ölçülərdə 140-dan artıq dəniz platforması ixrac etdiyini diqqətə çatdırıb.

R.T.Ərdoğan vurğulayıb ki, ölkənin təhlükəsizlik qüvvələri yerli istehsal olan vasitə, avadanlıq və sursatlarla havada, quruda və dənizdə əsl dastan yazır: “Sahədən əldə etdiyimiz məlumatları diqqətlə təhlil edir, geri bildirişlər əsasında mövcud texnologiyamızı daha da inkişaf etdiririk. Bütün bunları edərkən doktrina ilə praktika arasındakı tarazlığı bir-birini tamamlayacaq şəkildə ən səmərəli formada təmin edirik”.

Öz növbəsində çıxış edən milli müdafə naziri Yaşar Gülər bildirib ki, bu gün Türkiyə HDQ-nin xidmətinə qəbul edilən, bayrağı qaldırılan və metal kəsimi həyata keçirilən bir-birindən strateji əhəmiyyətli dəniz platformaları gündən-günə inkişaf edən Türkiyə müdafiə sənayesinin imkan və bacarıqlarının bariz göstəricisidir:

“Türkiyə bu sahədə artıq yalnız idxal edib istifadə edən deyil, eyni zamanda dizayn edən, istehsal edən, inkişaf etdirən və istiqamət verən aparıcı ölkə kimi qlobal miqyasda istinad nöqtəsinə çevrilib, yerli məhsullarımız isə yüksək tələbatla qarşılanır. Həqiqətən də, dost və qardaş Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyimiz “PNS Khaibar” gəmisi “qazan-qazan” prinsipi əsasında qurulan əməkdaşlığın konkret nümunəsidir”.

CATEGORIES
TAGS