Türkiyədə 100 gəminin iştirakı ilə rəsmi parad keçirilib
Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə Bosfor boğazında ölkənin Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus 100 gəminin iştirak etdiyi rəsmi parad keçirilib.
“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, “100-cü ildə 100 gəmi” adlı fəaliyyət çərçivəsində Türkiyə HDQ-nin rəsmi paradda iştirak edən freqatları, korvetləri, hücum katerləri, sualtı qayıqları, amfibiya, mina, patrul və logistka gəmiləri adalar bölgəsində toplanıb.
Paraddan əvvəl Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” və “Solotürk” akrobatika qrupları nümayiş uçuşları həyata keçirib. Daha sonra gəmilər rəsmi parad üçün cənub istiqamətindən Bosfor boğazına daxil olub. Hərbi gəmilərin keçidinə “TCG Anadolu” amfibiya hücum gəmisindən Türkiyə HDQ-nin komandanı admiral Ercüment Tatlıoğlu rəhbərlik edib.
Rəsmi parad Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Güler, Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli hərbçiləri və digər rəsmilər tərəfindən izlənib.