
Türkiyədə genişmiqyaslı hərbi təlimlərdən biri olan EFES-2026 təlimi keçirilir.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 11 aprel – 21 may 2026-cı il tarixlərini əhatə edən təlim İstanbul və İzmir şəhərlərində birgə, müştərək və atışlı formatda icra olunur.
Təlim iki əsas mərhələdən ibarətdir. Kompüter dəstəkli mərhələ 11–17 aprel tarixlərində keçirilib, faktiki sahə mərhələsi isə 20 aprel – 21 may tarixlərini əhatə edir.
EFES-2026-nın əsas məqsədi iştirakçı ölkələrin qüvvələri ilə birlikdə formalaşdırılan müştərək qərargah və bölmələrin hərbi imkan və qabiliyyətlərini artırmaq, eyni zamanda onların döyüşə hazırlıq səviyyəsini kompleks şəkildə yüksəltməkdir.
Bu il təlimə Türkiyənin Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Jandarma Baş Komandanlığı və Sahil Mühafizəsi Komandanlığı ilə yanaşı, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları da cəlb olunub. Ümumilikdə təlimdə 45 ölkə iştirak edir.
Təlim çərçivəsində “Faktiki atışlı sahə mərhələsinin Yüksək Səviyyəli Müşahidəçi Günü” 20–21 may tarixlərində keçiriləcək. Mayın 20-də İzmir şəhərində yerləşən Konak Orduevində media nümayəndələri üçün xüsusi brifinq təşkil olunacaq.
Bununla yanaşı, Türkiyə Müdafiə Sənayesi Komitəsinin təşkilatçılığı ilə 16–21 may tarixlərində İzmirin Doğanbey Təlim Bölgəsində müdafiə sənayesi sərgisi keçiriləcək.
Qeyd edək ki, “Poliqon” jurnalı olaraq EFES-2026 təlimində iştirak edəcək, təlimin gedişatı və sərgidə nümayiş olunan məhsullarla bağlı operativ məlumat və reportajlar təqdim edəcəyik.




