TUSAŞ növbəti T625 “Gökbey” helikopterini sifarişçiyə təhvil verib
TUSAŞ şirkəti ikinci T625 “Gökbey” çoxməqsədli helikopterini Türkiyənin Jandarma Baş Komandanlığına təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ şirkəti məlumat yayıb.
Qeyd edək ki, T625 “Gökbey”, Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin 2010-cu il 15 iyun tarixindəki qərarı ilə başladılan “Özgün Helikopter Programı” çərçivəsində TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilib. 2013-cü ilin yanvarında bu proqramın büdcəsi qərarlaşdırılmış və həmin ilin iyununda tərəflər arasında müqavilə imzalanmışdır.
Yerli imkanlar hesabına ərsəyə gətirilən ilk “Gökbey” helikopteri birinci uçuşunu 2018-ci ildə xarici mühərriklə həyata keçirib. T625-də əvvəlcə LHTEC-CTS800-4A mühərrikindən istifadə etmək düşünülsə də, sonradan Türkiyənin TEI şirkəti tərəfindən hazırlanan TS1400 mühərrikininin quraşdırılmasına qərar verilib. Bununla da gələcək satışlar zamanı mümkün embarqoların qarşısı alınmış olub. Türkiyənin TEI şirkəti tərəfindən hazırlanan yerli TS1400 mühərriki ilə təchiz edilən T625 isə ilk uçuşunu 2023-cü ilin aprel ayında yerinə yetirib.
“Gökbey” helikopteri cari ilin iyulunda İngiltərədə keçirilən “Farnborough Airshow 2024” (FIA-2024) beynəlxalq aviasiya sərgisində nümayiş uçuşu yerinə yetirib. Beləliklə, o, ölkə xaricində ilk dəfə uçuş həyata keçirmiş olub.
TUSAŞ şirkəti ilk bu ilin oktyabr ayında seriyalı istehsal edilən ilk “Gökbey” helikopterini Türkiyənin Jandarma Baş Komandanlığına təhvil verib. Təhvil verilən “Gökbey” helikopterləri yerli TS1400 ilə deyil, xarici LHTEC-CTS800-4A mühərrikləri ilə təchiz olunub. Hazırda sınaqları keçirilən TS1400 mühərrikli “Gökbey”lərin 2026-cı ildən etibarən seriyalı istehsal edilərək təhvil verilməsinə başalanacaq.