
Ukrayna Müdafiə Nazirliyi PUA-lardan istifadə qaydalarını sadələşdirib
Ukrayna Müdafiə Nazirliyi müharibə zamanı aktual olmayan tələbləri ləğv edərək pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı dörd əsas əmrə düzəlişləri təsdiqləyib.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bir sıra müddəalar artıq hərbi vəziyyət dövründə və onun dayandırılmasından sonra üç ay ərzində tətbiq edilməyəcək.
Belə ki, uçuşlara və PUA-lara texniki qulluq tələbləri sadələşdirilib. Xüsusilə, birdəfəlik istifadə üçün nəzərdə tutulan bütün növ və sinif pilotsuz uçuş aparatlarına, eləcə də çəkisi 2 kiloqrama qədər olan “mikro” (məsələn, “Mavic 3”) və çəkisi 15 kiloqrama qədər olan “mini” (məsələn, “DJI Matrice 300”) dronlara Ukrayna dövlət aviasiyasına məxsus uçuş qaydaları tətbiq olunmayacaq. Həmçinin bu cür dronların çoxu dövlət hava gəmilərinin reyestrində qeydiyyata alınmaq məcburiyyətində deyil.
Dəyişikliklərə əsasən, I dərəcəli dronları idarə edən personalın uçuşa yararlılığını müəyyən etmək üçün məcburi uçuş tibbi müayinəsinə göndərilməsinə ehtiyac yoxdur. PUA-nın idarə edilməsinə icazə bölmə komandirinin əmri ilə verilir. Dövlət aviasiya uçuşlarının tibbi təminatı qaydaları I dərəcəli PUA-ların ekipajlarına şamil edilmir.
“Cəbhədə vəziyyət sürətlə dəyişir və biz hərbçilərin müasir texnologiyalardan istifadədə daha çox sərbəstliyə malik olmasını təmin etməyə çalışırıq. Tənzimləmə onları lazımsız yerə yükləməməli və bürokratik əngəllər yaratmamalıdır”, – deyə Ukrayna müdafiə nazirinin müavini Valeri Çurkin bildirib.