AnalizXəbərlər

Ukrayna Müdafiə Nazirliyinin tədqiqatı “Kalibr” raketində mühüm dəyişiklikləri üzə çıxardı

Ukrayna Müdafiə Nazirliyinin hərbi mühəndisləri və alimləri hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulan Rusiya istehsalı “Kalibr” 3M14 qanadlı raketlərini ətraflı şəkildə tədqiq ediblər.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədqiqat nəticəsində “Kalibr” raketini iki əsas xüsusiyyəti müəyyən olunub.

Mütəxəssislər dərin analiz apara bilmək üçün raketin konstruksiyasını tam elektron platalar səviyyəsinə qədər söküb, hər bir komponenti yoxlayıb və tam struktur-funksional sxemini tərtib ediblər.

Tammiqyaslı işğal dövründə raket iki mühüm dəyişiklik keçirib. Belə ki, raket kasetli döyüş başlığı alıb və Rusiyanın yerli elektronikaya keçid cəhdinin uğursuzluğundan sonra yenidən xarici komponentlərə qayıdıb.

Nazirliyin bildirdiyinə görə, bu cür tədqiqatlar Rusiyanın raket hücumlarına qarşı müdafiənin effektivliyini artırmağa kömək edir. Çünki Ukrayna üçün hava məkanının qorunması ölkənin müdafiə planının əsas prioritetidir.

“Kalibr” raketinin quruluşu və texniki xüsusiyyətləri

“Kalibr” bir neçə əsas hissədən ibarətdir:

  • start mühərriki;
  • marş mühərriki;
  • aparat bölməsi;
  • döyüş başlığı;
  • yanacaq çənləri;
  • yönləndirmə başlığı.

Raketin diametri 533 mm, qanad açıqlığı 1,7 metr, uzunluğu isə modeldən asılı olaraq 6-8 metrdir (ixrac versiyaları bir qədər qısadır). Döyüş başlığının çəkisi 450 kq təşkil edir.

Raket 2001-ci ildən istehsal olunur, 2004-cü ildə isə silahlanmaya qəbul edilib. Lakin hissələrin markalanmasının araşdırılması zamanı Ukrayna Müdafiə Nazirliyinin mütəxəssisləri 1986-cı ilə aid texnologiyalara işarə edən komponentlər aşkar ediblər. Məsələn, bunlardan biri “ZP-51” markalı sükan mexanizmləridir.

“Kalibr” raketinin bəzi hissələri digər raket kompleksləri ilə tam unifikasiyalıdır. Sükan sistemi, peyk naviqasiyası və bort rəqəmsal hesablama maşını “İsgəndər” raketində də istifadə olunur. Bəzi bloklar isə “Bereq” və “Bastion” raket sistemlərinin komponentləri ilə eynidir.

Raketin döyüş başlığı

2022-2026-cı illərdə istifadə edilən “Kalibr” raketləri əsasən qəlpəli-yüksəkpartlayıcı döyüş başlığına malik olub. Daxili örtükdə təxminən 3600 metal qəlpə yerləşdirilib ki, onların da hər biri 10 sm-ə qədər betonu deşə bilir.

Raket ilkin olaraq liman və sahil infrastrukturu, binalar və açıq ərazilər kimi müdafiəsiz sabit hədəflərə qarşı hazırlanıb. Dərin müdafiəli obyektlərə qarşı isə effektivliyi məhduddur.

2026-cı ildə isə yeni dəyişiklik qeydə alınıb. Belə ki, yaz aylarında vurulan raketlərdə ilk dəfə kasetli döyüş başlığı aşkar edilib. Bu döyüş başlığı X-101 raketində istifadə edilən tipə bənzəyir.

Kasetli konstruksiya zərbə sahəsini genişləndirir və xüsusilə aerodromlardakı təyyarələr, anqarlar və açıq mövqelər kimi səpələnmiş hədəflərə qarşı effektivliyi artırır.

Hazırda Ukrayna Müdafiə Nazirliyi bu yeni döyüş başlığını araşdırmaqda davam edir.

“Kalibr”lərin yönləndirmə sistemləri

“Kalibr” raketləri kombinə edilmiş idarəetmə sistemindən istifadə edir:

  • peyk naviqasiyası (GPS);
  • inertial sistem;
  • radiohündürlükölçən;
  • son mərhələdə radiolokasiya ilə özünü yönləndirmə başlığı.

Uçuş tapşırığı əvvəlcədən bort kompüterinə daxil edilir və relyef profili də nəzərə alınır.

Xüsusi diqqət SN-99 naviqasiya sisteminə yetirilib. Mövcud sənədlərə görə, bu sistem 2000-ci illərdə Ukraynanın Smila şəhərində hazırlanıb. Hazırda Rusiyada istehsal olunsa da, konstruktiv baza Ukrayna mənşəlidir.

“Kalibr”lərdə xarici elektronika

Hədəfə yönləndirmə başlığının elektron platalarının 80-90%-dən çoxu xarici komponentlərdən ibarətdir. Bu, hər bir detalın markalanması və hərbi nəzarət tərəfindən təsdiqlənməsi ilə müəyyən edilib.

2023-2024-cü illərdə Rusiya yerli elektron komponentlərə keçməyə çalışıb, lakin 2025-ci ildə istehsal olunan raketdə yenidən xarici elementlər aşkarlanıb. Mütəxəssislərin ehtimalına görə, yerli elektronika dəqiqliyi azaldıb və istehsalçı əvvəlki sistemə qayıdıb. Görünür ki, sanksiyalardan əvvəl alınmış ehtiyat komponentlər hələ də istifadə olunur.

Ukrayna Müdafiə Nazirliyi bütün elektronika istehsalçılarını, eləcə də raket istehsalında iştirak edən əsas konstruktor və menecerləri müəyyən edərək bu məlumatları sanksiya siyasəti çərçivəsində tərəfdaşlarına ötürür.

Raketin uçuş xüsusiyyətləri və zəif nöqtələri

“Kalibr” subsonik (səsdən aşağı) raketdir və bu onun əsas zəifliyidir.

Uçuş trayektoriyası çox aşağı hündürlükdə – su səthi üzərində 20 metr və daha aşağı, quru ərazidə isə relyefə uyğun olaraq təxminən 150 metrdə aparılır.

Aşağı hündürlük radar üçün aşkarlanmanı çətinləşdirir. Buna baxmayaraq, subsonik sürət onu standart hava hücumundan müdafiə vasitələri ilə vurmağa imkan verir.

Back to top button