Ukrayna Polşadan müsadirə edilmiş BMP-1AK döyüş maşınlarını silahlanmaya verir

Ukrayna Polşadan müsadirə edilmiş BMP-1AK döyüş maşınlarını silahlanmaya verir

“Ukroboronprom” Dövlət Konserninin tərkibinə daxil olan “Jitomyr zirehli tank zavodu” Dövlət Müəssisəsi məhkəmə qərarı ilə əvvəllər Polşa təchizatçısından müsadirə edilmiş 26 ədəd BMP-1AK piyadanın döyüş maşınını bərpa edib Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə hazırdır.

“Poliqon” xəbər verir ki, bu barədə “Ukroboronprom” DK mətbuat xidməti məlumat paylaşıb.

2017-ci ildə imzalanmış müqaviləyə əsasən Polşanın “WTORPLAST S.A.” şirkəti üç il əvvəl Ukrayna hərbçiləri üçün 1980-ci illərdə Çex Respublikası Silahlı Qüvvələrinin silahlanmasından çıxarılan 93 ədəd döyüş texnikasını təmin etməli idi. Dəyəri 15,3 milyon ABŞ dolları olan müqavilə BMP-1AK döyüş maşınlarının 2018-ci ilin sonunadək çatdırılmasını nəzərdə tuturdu. Müqavilə əsasında rəsmi Kiyev 50-dən çox zirehli maşın üçün avans olaraq əvvəlcədən 9 milyon ABŞ dolları köçürmüş, lakin Polşa tərəfi müqavilə şərtlərini yerinə yetirməmişdir. Eyni zamanda Ukrayna tərəfindən müqavilə ilə məşğul olan “Spetstechnoexport” şirkəti 2019-cu ilin mart ayında bütün 50 ədəd BMP-1AK texnikasının çatdırılması barədə məlumat vermişdi. Ancaq Ukrayna tərəfi o zaman yalnız 20 maşın ala bilmişdi.

2020-ci ilin iyul ayında Polşa məhkəməsi Ukraynanın “Ukrspetsexport” Dövlət Şirkəti tərəfindən “WTORPLAST S.A.” şirkətinə qarşı qaldırılan iddianı təmin edib, Ukraynaya 26 ədəd döyüş texnikasını tədarük etməsini, habelə müqavilələr üzrə ümumilikdə 3 milyon ABŞ dollarından çox avans ödəmələrinin və məhkəmə xərclərinin ödənilməsi barədə qərar qəbul edib.

BMP-1AK piyada döyüş maşınları “Jitomir zirehli tank zavodu”na 2020-ci ilin oktyabr ayında qeyri-qənaətbəxş texniki vəziyyətdə və sənədlərsiz gətirilib. Buna görə zavodun mütəxəssisləri dərhal texnikaları nizamlamağa başlayıblar. Zavod rəhbərliyi bütün BMP-1AK piyadanın döyüş maşınlarını bir aydan sonra, yəni 2020-ci ilin noyabr-dekabr aylarında Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəyini söz verib, lakin bu müddət faktiki olaraq 2021-ci ilin martına qədər uzanıb.

Beləliklə, Ukrayna Silahlı Qüvvələri tərəfindən 2018-ci ilin sonunda, təslim edildiyi iddia edilən BMP-1AK piyadanın döyüş texnikaları demək olar ki, 2,5 il sonra nəhayət qoşunlara verilib.

Xatırladaq ki, 2018-ci ildə Ukraynada Polşa şirkəti tərəfindən Çex istehsalı BMP-nin alınması üçün müqavilə qiymətləri ilə bağlı böyük qalmaqal yaranmışdı. “Jitomyr zirehli tank zavodu” 1980-ci illərdə istismardan çıxarılmış BMP-1 piyadanın döyüş maşınlarını Polşanın “WTORPLAST S.A.” şirkətindən satın almışdır. Polşa şirkəti də öz növbəsində onları Çexiyanın “Excalibur Army” şirkətindən sənədlərə görə vahidinin qiyməti 20-25 min avroya, yəni metal qırıntısı qiymətinə alıb. “WTORPLAST S.A.” şirkəti BMP-ni sökmüş və qüllələri şassidən ayırmışdır.

Sonra “Jitomir zirehli tank zavodu” bütün bunları Ukraynaya ayrı-ayrı idxal etmişdir: hər qüllənin qiymətinin 66 min ABŞ dolları və hər şassinin qiymətinin 99 min dollar olduğu təxmin edilir. Zavod, əvvəllər sökülmüş hissələri – qüllə və şassini sadəcə birləşdirmək yolu ilə BMP-1 döyüş maşınlarını “təmir edib”. İşin dəyəri, yəni təmirin qiyməti vahid başına 40 min ABŞ dolları təşkil edib. Nəticədə 20 min avroya başa gələn BMP-1AK piyadanın döyüş maşını Ukrayna müdafiə büdcəsinə 205 min ABŞ dollarına başa gəlib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS