
Ukrayna Silahlı Qüvvələrinin bölmələri odsaçan robotlarla gücləndiriləcək
Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan KRAMPUS odsaçan robot kompleksini kodlaşdırıb və Silahlı Qüvvələrin bölmələrində istismarına icazə verib.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu odsaçan robot kompleksi hücum və müdafiə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Kompakt ölçü və çəkiyə malik KRAMPUS, pikap kuzovuna, mikroavtobusun yük yerinə və ya qoşquya yerləşdirilə bilər. O, iki səssiz elektrik mühərriki və tırtıllı şassi ilə təchiz olunub ki, bu da robota müxtəlif hava və çətin relyef şəraitində (meşəlik, qum, palçıq, dik yamac və s.) yüksək keçid və işləmə qabiliyyəti qazandırır. Müdaxiləyə davamlı idarəetmə kanallarına malik robotun akkumulyator tutumu bir neçə saat fasiləsiz hərəkətə imkan verir.
KRAMPUS, videokameralar və RPV-16 odsaçan kompleksi ilə təchiz edilmiş döyüş modulu ilə silahlandırılıb. Bu silahlar istifadəçiyə düşmənin canlı qüvvəsini və yüngül zirehli texnikasını məhv etmək imkanı verir.