
Ukraynanın yeni zenit raket silahları
Ukraynanın paytaxtı Kiyev şəhərinin Beynəlxalq Sərgi Mərkəzində 18 iyunadək davam edəcək “Silah və Təhlükəsizlik” XVII Beynəlxalq ixtisaslaşdırılmış sərgisi öz işinə başlayıb.
“Poliqon” xəbər verir ki, sərgidə həm ordu, həm də hüquq-mühafizə orqanları üçün silah və hərbi texnika nümunələri nümayiş etdirilir.
Bu nümunələr sırasında Ukrayna müdafiə sənayesi müəssisələrindən “Luç” Kiyev Dövlət Konstruktor Bürosu bir çox məhsulları ilə yanaşı özünün yeni zenit silahlarını sərgiləyir.
Yeni məhsullara orta mənzilli zenit raket kompleksi (ZRK), “Koral” zenit idarə olunan raketi (ZİR) və R-10-OF ZİR təkmilləşdirilmiş “Strela-10” ZRK aiddir.
Orta mənzilli ZRK sərgidə maket şəklində nümayiş etdirilir. Maketə əsasən demək olar ki, buraxma qurğusu özüyeriyəndir, ZİR üçün dörd nəqletmə-buraxma konteynerinə malikdir.
Yeni ZRK-nin özəyində 100 km-dən çox məsafədəki hədəfləri vura bilən “Vilxa” yaylım atəşli reaktiv sistemin yüksək dəqiqlikli raketi dayanır. Yeni ZİR-də “Luç” KB tərəfindən hazırlanmış aktiv və ya passiv özütuşlama başlığı tətbiq olunub. Buraxma qurğusu isə, “Smerç” YARS istiqamətləndiriciləri əvəzinə yeni sistemə sahib olacaq.
Unifikasiya edilmiş “Koral” ZİR də maket şəklində sərgilənir.
Kompleksin bazasını təşkil edən “Koral” unifikasiya olunmuş ZİR-in texniki xüsusiyyətləri:
- maksimal atəş məsafəsi – 30 km
- hədəfi maksimal məhetmə hündürlüyü – 10 km
- maksimal uçuş sürəti – 1100 m/san.
- idarəetmə sistemi – INS + aktiv radiolokasiyalı özütuşlama başlığı
- raketin kütləsi – 300 kq
- döyüş başlığının kütləsi – 25 kq
“Luç” KB digər məhsulu isə R-10-OF ZİR ilə təkmilləşdirilmiş “Strela-10” ZRK-dir. Bu nümunə də digərləri kimi maket şəklində nümayiş etdirilir.
Təkmilləşdirilmiş “Strela-10” ZRK, RK-10 raketinin zenit versiyasındakı R-10-OF ZİR ilə təchiz edilib. Yeni raket köhnə 9M37M ZİR əvəz edilməsi üçün təyin olunub.
R-10-OF raketi zərbə nüvəli qəlpəli-fuqas döyüş başlığı və təmassız hədəf sensorun sahibdir. İdarəetmə lazer şüası üzərindən avtomatik rejimdə hədəfin izlənməsi ilə yerinə yetirilir.
Elan edilmiş texniki xüsusiyyətləri:
- maksimal atəş məsafəsi – 10 km
- raketin kütləsi – 38 kq
- raketin konteynerlə birlikdə kütləsi – 62 kq
- konteynerin uzunluğu – 2144 mm
- konteynerin xarici diametri – 190 mm
- tətbiq olunması üçün temperatur diapazonu – -40 ilə +60 °C
Əhəd Əzizov