“Ukroboronprom” Qərb şirkətlərindən texnologiya transferi ilə yeni istehsal sahələri yaratmağı hədəfləyir
“Ukroboronprom”un Müşahidə Şurası konsernin və onun tərkibindəki müəssisələrin 2023-2034-cü illər üçün prioritetlərini müəyyənləşdirən strategiyanı qəbul edib.
“Poliqon” “Ukroboronprom”a istinadən xəbər verir ki, bu çərçivədə konsernin əsas vəzifələri məhsulların seriyalı istehsalını və onların tədarükünü, eləcə də müəssisələrin istehsal və texnoloji bazasının davamlı inkişafını təmin etməkdir.
Bundan başqa, Ukraynanın Təhlükəsizlik və Müdafiə Qüvvələrinin ehtiyacları üçün lazımi xidmətlərin göstərilməsi də konsernin əsas vəzifələri sırasında yer alır.
“Ukroboronprom” və onun müəssisələrinin əsas strateji prioritetləri:
- Ənənəvi elmi-texniki və istehsalat səriştələrinin qorunması;
- Aparıcı Qərb şirkətlərinin sahib olduğu texnologiyaların transferi sayəsində yeni texnoloji və istehsalat səriştələrinin yaradılması;
- Silah və hərbi texnikanın ən son modellərinin bütün istismar dövrünün dəstəklənməsi.
Qeyd olunub ki, xüsusilə, Rusiyanın təcavüzü şəraitində konsern daha təhlükəsiz yerlərdə, o cümlədən tərəfdaş ölkələrin ərazilərində yeni istehsal müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirir.