Vətən müharibəsi: 44 günə qazanılan tarixi zəfər

Vətən müharibəsi: 44 günə qazanılan tarixi zəfər

Sentyabrın 27-də Ermənistan Ordusunun bütün cəbhə boyu törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı uğurlu əks hücum əməliyyatları noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla başa çatdı. 44 gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Tərtər rayyonunun Talış kəndini və Suqovuşan qəsəbəsini, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonunu, Şuşa şəhərini, Ağdam, Kəlbəcər, Laçın rayonlarını və Xocavənd rayonunun bir hissəsini işğaldan azad etdi.

“Poliqon”un məlumatına görə, noyabrın 10-da imzalanmış “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı” ilə döyüş əməliyyatları dayandırıldı və Ermənistan təslim oldu.                                                                            

———————————————————————————————————————————-Prezident İlham Əliyev:

Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi mütəxəssislər getsinlər hesablasınlar….bu texnikanın qiyməti bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox, bəziləri daha çox. İndi hesablayarlar…. Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib. Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün bu, dərs olmalıdır.

———————————————————————————————————————————–

Yüksək texnologiyalı müharibə

Qırx dörd gün davam edən Vətən müharibəsi həm də yüksək texnologiyalı silah sistemlərinin tətbiq edildiyi müharibədir. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu sərəncamındakı müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə edib.

Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə əlaqəli istifadəsi qısa zamanda öz effektini verib, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Hərbi əməliyyatlarda kamikadze dronlar və kəşfiyyat-zərbə PUA-larının hücumları tarixdə ikinci Pörl-Harbor hadisəsini yaşadıb.

Döyüş əməliyyatlarının ilk 48 saatı ərzində PUA-lar vasitəsi ilə düşməni ön xəttə yaxın yerləşdirilmiş azı 24 ədəd “Osa”, “Kub”, “Strela-10”, S-125 zenit-raket kompleksləri, radiolokasiya stansiyaları, sonrakı günlərdə S-300 ZRK-i və onun radiolokasiya stansiyası məhv edilib.

Zərbələrin endirilməsində əsasən “Bayraktar TB2” kəşfiyyat-zərbə PUA və “Harop” kamikadze dronlarından istifadə olunub. Döyüşlərdə Türkiyə və İsrail istehsalı olan PUA-lar ilk dəfə inteqrasiya edilmiş şəkildə, eyni komanda mərkəzindən idarə olunub. TB2 PUA ilə aşkarlanmış hədəflərə “Harop” və “Zərbə” kamikadze dronların istiqamətləndirilməsi həyata keçirilib.

Sonrakı günlərdə dronlar vasitəsi ilə düşmənin 2 ədəd “Scud-B” ballistik raketinin işəsalma qurğusu və bir ədəd “Toçka-U” əməliyyat taktiki raket kompleksi, Ermənistan Hava Hücumundan Müdafiə Qoşunlarının 7 ədəd S-300PS və silahlanmaya yeni qəbul olunmuş 4 ədəd “Tor-M2MK” zenit-raket kompleksi məhv edilib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” radioelektron mübarizə (REM) kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramayıb. PUA-lar əvvəlki qaydada Ermənistan Ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib. “Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış kompleks strateji obyektlərin GPS, QLONASS, Galileo və Beidou peyk sistemlərindən istifadə edən qanadlı raketlərdən, idarə olunan bombalardan və PUA-lardan müdafiəsini təmin edir. Başqa sözlə, geniş spektrdə müdafiə üçün işlənib hazırlanıb. Generalın fikirlərindən aydın olduğu qədər, düşmən “Pole-21” REM kompleksindən tək PUA-ların işini iflic etməyə çalışmayıb. Həm də GPS naviqasiyasından istifadə edən yüksək dəqiqlikli raketlərə də maneə qoymağa cəhd edib.

Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən “Bayraktar TB2” kəşfiyyat-zərbə, “Aerostar”, “Hermes-450”, “Hermes-900” və “Heron” taktik, “Orbiter-3” mini taktik, “Orbiter-2” mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, “Harop”, “Green Dragon”, “SkyStirker”, “Zərbə” və “Karğu” tipli kamikadze dronlardan geniş istifadə olunub. TB2 PUA-ları “Roketsan” şirkətinin istehsalı olan 8 km mənzilə sahib MAM-L idarə olunan döyüş sursatları ilə tanklara və digər zirehli hədəflərə qarşı effektivlik nümayiş etdirib.

Kəşfiyyat PUA-ları tərəfindən aşkarlanan hədəflərə kamikadze dronların və zərbə PUA-ların istiqamətləndirilməsi, müxtəlif ölkələrdən alınmış sistemlərin bir mərkəzdən inteqrə edilmiş halda istifadəsi Müdafiə Nazirliyinin yayımladığı videolarda da aydın görünür.

PUA-larla yanaşı düşmənin HHM sisteminin (S-300, S-125 və Tor-M2MK) aşkarlanmasında Azərbaycan Ordusu hava hədəfinə çevrdiyi köhnəlmiş An-2 təyyarələrindən geniş istifadə edib. An-2-lər həm də düşmən mövqelərinə qarşı kamikadze hücumlarında istifadə olunub.

Düşmənin HHM sistemi zərərsizləşdirildikdən sonra pilotsuz kəşfiyyat aparatlarının, hərbi aviasiyanın helikopter və təyyarələri döyüşə daxil edilib.

PUA-larla əlaqəli və avtonom şəkildə müxtəlif sensor sistemlərinin tətbiqi düşmənin canlı qüvvəsi və döyüş texnikalarının, xüsusilə artilleriya qurğularının və REM vasitələrinin aşkarlanmasında əhəmiyyətli rol oynayıb.

Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən düşmənin 5 ədəd Su-5 tipli döyüş təyyarəsi, 22 PUA-ı, eləcə də Gəncə, Mingəçevir, Kürdəmir və Abşeron rayonu ərazisinə atılan ballistik raketləri vaxtında aşkarlanaraq havada zərərsizləşdirilib.

Döyüşlərdə “Spike” tank əleyhinə idarə olunan raketlərin (TƏİR) müxtəlif modifikasiyaları, habelə “Kornet”, “Skif” və “Baryer” tipli TƏİR-lər düşmənin zirehli tank texnikasına və möhkəmləndirilmiş müdafiə mövqelərinə qarşı uğurla tətbiq edilmişdir.

Vətən müharibəsində tətbiq etdiyimiz bu taktika öz bəhrəsini verdi

Vətən müharibəsində müasir “Polonez” və LORA əməliyyat-taktiki raket kompleksləri (ƏTRK), idarə olunan TRG-300, lazerlə hədəfə yönləndirilən TRLG-230 və EXTRA raketlərinin tətbiqi düşmənin cəbhənin dərinliyindəki strateji obyektlərinin, sursat anbarlarının və hərbi bazalarının yüksək dəqiqliklə məhv edilməsinə imkan verib.

“Polonez” və LORA əməliyyat-taktiki raket kompleksləri düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq üçün təyin olunub.

Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları Xidmətinin sabiq rəisi Əhəd Əzizov “Poliqon”a açıqlamasında bildirib ki, ümumiyyətlə əməliyyat-taktiki raket kompleksləri döyüşdə döyüş nöqtəsi əldə etməkdən ötrü ordu komandanlığının təklifi və ölkə rəhbərliyinin, bizim halda Ali Baş Komandanın qərarı əsasında tətbiq edilir: “Belə komplekslər əsasən düşmənin cəbhə xəttindən 500 km-dək məsafədə əməliyyat dərinliyində yerləşən hədəflərinə qarşı tətbiq edilir. Strateji hədəflər olaraq dərinləşdirilmiş komanda məntəqələri, sursat və yanacaq anbarları, rabitə qovşaqları, HHM vasitələri, aerodromlar nəzərdə tutulur”.

Əhəd Əzizov bildirib ki, “Polonez” V-200 və V-300 raketləri ilə minimal 50 km və maksimal 300 km-ə qədər məsafədə yerləşən hədəfləri məhv edə bilir. Dairəvi sapma ehtimalı raketdən asılı olaraq 30-50 metr təşkil edir. LORA ƏTRK minimal 90 km və maksimal 400 km məsafələrdə yerləşən hədəfləri 10 metr dairəvi sapma ehtimalı ilə məhv edir.

“İstənilən müasir müharibədə bütün silah növləri kompleks şəkildə tətbiq edilir. Bu kompleksə eləcə də PUA və müasir raket-artilleriya sistemləri daxildir. Hazırda PUA-lar həm döyüş təminatı tapşırıqlarını (kəşfiyyat, rabitə, müşahidə, hədəfgöstərmə və s.), həm də döyüş tapşırıqlarını (zərbə) yerinə yetirir. Bu silah növlərinin birgə tətbiqi isə həm atışın dəqiqliyini yüksəldir, həm də operativliyi artırır. Və bizim apardığımız 44 günlük Vətən müharibəsində tətbiq etdiyimiz bu taktika öz bəhrəsini vermiş, düşmənin həm çox sayda canlı qüvvəsi, həm də silah-texnika nümunələri belə tandemin sayəsində məhv edilmişdir”, – deyə Əhəd Əzizov vurğulayıb.

                            Azərbaycan Ordusu düşmən mövqelərinə “Qasırğa”larla zərbələr endirib

Azərbaycan Ordusunun silahlanmasında yer alan “Qasırğa” uzaq mənzilli raket kompleksi Vətən müharibəsində uğurla tətbiq edilib. Müdafiə Nazirliyinin yayımladığı videogörüntülərdə döyüşlər zamanı Azərbaycan Ordusunun raket-artilleriya bölmələri tərəfindən “Qasırğa” kompleksləri ilə düşmən mövqelərinə dəqiq atəş zərbələri edilməsi müşahidə olunub.

Türkiyənin “Roketsan” şirkətinin istehsalı olan T-300 “Qasırğa” kompleksləri 2014-2016-cı illərdə Azərbaycana çatdırılıb. KAMAZ avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir. Kompleks avtomatik atış-kontrol sistemi ilə təchiz olunub. “Qasırğa”nın atış mənzili 105 km, yeni hazırlanmış TRG-300 “Tiger” idarə olunan raketlərlə 120 km-dir. “Tiger” raketləri gecə və gündüz, hər cür hava və ərazi şərtlərində kritik hədəfləri məhv etmək üçün hazırlanıb. GPS və İNS naviqasiyasına malik TRG-300 “Tiger” raketinin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TRG-300 raketinin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqramdır. Kompleksə hər birinin uzunluğu 5 metr olan 4 buraxıcı boru daxildir. Raketlər 6 saniyə intervala buraxılır. Azərbaycan Ordusunun silahlanmasındakı “Qasırğa”lar İrəvan şəhəri də daxil olmaqla, Ermənistan Respublikasının dərinlikdəki strateji hədəflərini vurmağa imkan verir.

“Roketsan” şirkəti tərəfində hazırlanan TRLG-230 raketi də çox uğurlu şəkildə ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ savaşında tətbiq edildi. 230 mm-lik TRLG-230 raketi 20-70 kilometr mənzillidir və lazer tuşlama sisteminə malik olduqdan sonra onları hədəfə pilotsuz uçuş aparatları vasitəsilə yönləndirmək mümkündür. Belə ki, müharibə zamanı Azərbaycana çatdırılan TRLG-230 raketləri “Bayraktar TB2” PUA-larının təsbit etdiyi və lazerlə işarələdiyi hədəflərə dəqiq zərbə endirməyə imkan verib.

Düşmənin uzun illər ərzində yaratdığı istehkamların və maneələrin keçilməsində, maneələrin dağıdılmasında Mühəndis-İstehkam Qoşunlarının silahlanmasındakı İMR-3M mühəndis maşınları, eləcə də mexanikiləşdirilmiş körpülərdən bu sədlərin dağıdılmasında və keçilməsində effektiv istifadə edilib.

Döyüşlər zamanı ordumuzun istifadəsində yer alan müasir zirehli nəqliyyat vasitələrindən yerli istehsal olan “Marauder” və “Matador”, həmçinin Türkiyə istehsalı olan “Cobra”lar heyəti mina partlayışlarından, qəlpələrdən və güllələrdən qoruyaraq yüksək performans nümayiş etdirib.

27 sentyabr – 9 noyabr 2020-ci il tarixlərində döyüşlərdə məhv edilən və qənimət götürülən Ermənistan Ordusuna aid silah və hərbi texnikalar

“Dəmir yumuruq” əməliyyatı

Hərbi əməliyyatlarda ordu birləşmələri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr, Dövlət Sərhəd Xidmətinin bölmələri və Çevik Hərəkət Dəstələri, DİN Daxili Qoşunların Xüsusi Təyinatlı dəstələri, Hərbi Dəniz Qüvvələrinin Sualtı Hücum və Sualtı Müdafiə taboru, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun bölmələri və polislər, düşmənin mülki əhalinin yaşadığı ərazilərə etdiyi raket hücumlarının nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin və ANAMA-nın şəxsi heyəti yaxından iştirak ediblər. Döyüşlərin gedişatında cəbhəyanı və yaxın rayonların tibb mərkəzləri və xəstəxanaları hərbi rejimdə çalışıb.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından 2021-ci il oktyabrın 21-dək 2908 nəfər dəfn edilib, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş 805 hərbi qulluqçu ölümündən sonra orden və medallarla təltif edilib.

Hərbi qulluqçulardan 136 nəfəri “Azərbaycan Bayrağı”, 165 nəfəri 3-cü dərəcəli “Rəşadət”, 28 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. Bundan başqa, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 17 nəfər “Cəsur döyüşçü”, 1 nəfər “Döyüşdə fərqlənməyə görə”, 143 nəfər “Suqovuşanın azad olunmasına görə”, 27 nəfər “Cəbrayılın azad olunmasına görə”, 31 nəfər “Xocavəndin azad olunmasına görə”, 131 nəfər “Füzulinin azad olunmasına görə”, 19 nəfər “Qubadlının azad olunmasına görə”, 52 nəfər “Şuşanın azad olunmasına görə”, 30 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 3 nəfər “Ağdamın azad olunmasına görə”, 10 nəfər isə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə döyüşlərdə göstərdkləri qəhrəmanlığa görə, Azərbaycan Silahlı Qüvvələrinin 33 hərbi qulluqçusu “Zəfər” ordeni, 204 hərbi qulluqçu “Qarabağ” ordeni ilə, 3 nəfər “Azərbaycanın Milli Qəhrəmanı”, 83 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı ilə təltif olunub.

Bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularını “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Zaur Babaşov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş