Vüqar Süleymanov: Minatəmizləmə əməliyyatlarında ən müasir avadanlıqlardan və texnologiyalardan istifadə edirik
Vətən müharibəsi bitəndən indiyə kimi 282 nəfər mina qurbanı olub.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
V.Süleymanov bildirib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub: “Təəssüflər olsun ki, mina qurbanların sayı artmaqda davam edir”.
ANAMA-nın sədri 2021-2022-ci illər ərzində ümumilikdə 63 min ha-dan çox ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini, eləcə də bir çox strateji layihələrin başa çatdırıldığını qeyd edib: “2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb. Ötən il ərzində çox mühüm layihə olan Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə əsas xəttin, o cümlədən Horadiz-Ağbənd avtomobil yolunun təmizlənməsi başa çatdırılıb. Bizim fəaliyyətimiz işğaldan azad olunan ərazilərdə icra olunan layihələri müşayiət etməkdən ibarətdir. Hər ilin sonunda Nazirlər Kabineti tərəfindən icra olunacaq layihələr və ərazilər təsdiq olunur. Biz də buna uyğun olaraq təmizləmə əməliyyatlarını həyata keçiririk”.
Sədr vurğulayıb ki, minatəmizləmə əməliyyatlarında müasir alət, avadanlıq, texnologiya və detektorlardan istifadə olunur, ərazilərdə dronlar vasitəsilə tədqiqat işləri aparılır.
“Bu tədqiqat işləri minatəmizləmə fəaliyyətində işlərin dəqiq planlaşdırılmasına, resursların daha səmərəli istifadə olunmasına kömək edir. Bundan başqa, minatəmizləmə üçün nəzərdə tutulan xüsusi maşınlardan da istifadə edirik və bunlar da sözsüz ki, işlərimizin sürətləndirilməsinə kömək edir”, – deyə V.Süleymanov bildirib.