
Vladimir Putin: Hindistana sadəcə məhsul satmırıq, həm də texnologiyaları paylaşırıq
Rusiya Hindistana sadəcə məhsul satmır, həm də texnologiyaları paylaşır.
“Poliqon” xəbər verir ki, bunu “India Today”ə müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Hindistan bu sahədə Rusiyanın etibarlı və xüsusi etimadlı tərəfdaşlarındandır: “Çünki biz sadəcə Hindistana bir şey satmırıq, Hindistan da müdafiə və təhlükəsizlik sahəsində bir şey alır, yox. Bizim münasibətlərimiz fərqli səviyyədədir, fərqli keyfiyyətdədir və biz buna böyük önəm veririk. Və görürük ki, Hindistan tərəfi də buna böyük önəm verir. Niyə? Təkrar edirəm, biz sadəcə satmırıq, texnologiyaları paylaşırıq, bu isə hərbi-texniki əməkdaşlıq sahəsində çox nadir bir haldır və dövlətlərarası etimad səviyyəsini göstərir, mən belə deyərdim. Və bu, çox geniş çeşiddə məhsulları əhatə edir: hərbi gəmiqayırma, raket və təyyarə istehsalı”.
Hazırda Hindistanın Rusiya istehsalı müxtəlif təyyarələrdən istifadə etdiyini vurğulayan V.Putin, zirehli texnikanın istehsalı sahəsindəki əməkdaşlıqlarını da xatırladıb.
“Zirehli texnika istehsalına nə demək olar? Hindistan bizim T-90 tanklarını istehsal edir. Sizi əmin edirəm ki, bunlar dünyanın ən yaxşı tanklarından biridir. Hamıya məlum olan “BrahMos” raketi, biz bunu Hindistanla birgə yaratmışıq, Hindistan bunu öz müəssisələrində istehsal edir. Buna görə Baş nazir Modinin “Hindistanda istehsal et” çağırışını bu sahədə də həyata keçirmək lazımdır”, – deyə Rusiya Prezidenti qeyd edib.

