Xızıda partlayışda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
2023-cü il 15 aprel tarixində Xızı rayonu ərazisində baş verən sursat partlayışı nəticəsində xəsarət alan Bəxtiyar Hüseynov Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətidən “Poliqon”a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Bəxtiyar Hüseynovun vəziyyəti orta ağırdır.
Qeyd edək ki, Xızıda baş verən sursat partlayışı nəticəsində Sumqayıt şəhər sakinləri 1979-cu il təvəllüdlü Xankişi Quliyev və 2006-cı il təvəllüdlü Rəşad Əbilov həlak olub, 1976-cı il təvəllüdlü Bəxtiyar Hüseynov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.